19 Okt 2026, Be

Peşə Təmayüllü Siniflərin təhsildə rolu

PAYLAŞIN:

Peşə Təmayüllü Siniflərin təhsildə və şagirdlərin gələcək həyatının formalaşmasında rolu olduqca böyükdür. Bu layihə şagirdlərə yalnız məktəb təhsili verməklə kifayətlənmir, eyni zamanda onları gələcək peşə həyatına hazırlayır.

Şagird 9-cu sinfi bitirdikdən sonra 10 və 11-ci siniflərdə Peşə Təmayüllü Siniflərə qoşularaq həm ümumi orta təhsilini davam etdirir, həm də müəyyən bir peşəyə yiyələnir. Bu baxımdan Peşə Təmayüllü Siniflərin adi 10–11-ci siniflərdən əsas fərqi ondan ibarətdir ki, burada şagird nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da əldə edir.

Ən önəmlisi isə budur ki, şagird peşə öyrəndikdən sonra təhsilini davam etdirmək imkanına da malikdir. 11-ci sinfi bitirdikdən sonra ali təhsil müəssisəsinə qəbul olaraq universitetdə təhsilini davam etdirə, öyrəndiyi peşə üzrə işləyərək həm nəzəri, həm də praktiki biliklərini daha da inkişaf etdirə bilər.

Peşə Təmayüllü Siniflərin məktəb üçün də böyük faydası var. Məsələn, bir məktəbdə Kompüter operatoru və Aşpaz köməkçisi kimi ixtisaslar varsa, həmin şagirdlər məktəbin fəaliyyətinə birbaşa töhfə verə bilərlər.

Kompüter operatoru ixtisasında təhsil alan şagirdlər məktəbdə keçirilən tədbirlər üçün dizaynlar hazırlaya, sertifikat və diplomların tərtibatını həyata keçirə, təqdimatlar hazırlaya, məktəbin sosial şəbəkə səhifələrinin idarə olunmasına və müxtəlif məlumatların hazırlanmasına dəstək göstərə bilərlər.

Aşpaz köməkçisi ixtisasında təhsil alan şagirdlər isə öz əl işlərini hazırlayaraq müxtəlif sərgi və müsabiqələrdə məktəbi təmsil edə, hazırladıqları məhsullarla həm öz bacarıqlarını nümayiş etdirə, həm də məktəbin adını tanıda bilərlər.

Əslində Peşə Təmayüllü Siniflərin faydasını sadalamaqla bitirmək mümkün deyil. Bu layihə şagirdlərin bacarıqlarını üzə çıxarır, onlarda yeni ideyaların formalaşmasına şərait yaradır, məsuliyyət hissini artırır, komanda ilə işləməyi öyrədir və gələcək həyatlarına daha hazırlıqlı addım atmalarına kömək edir.

Eyni zamanda şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunmasına, faydalı fəaliyyətlərə yönəlməsinə və pis vərdişlərdən uzaq durmasına da müsbət təsir göstərir. Ən əsası isə gənclərə “mən nə bacarıram?” sualına cavab tapmaq imkanı verir.

Peşə Təmayüllü Siniflər həm təhsilimiz, həm məktəblərimiz, həm də gələcəyimiz üçün faydalı bir layihədir. Bu layihənin daha da inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və şagirdlərə daha çox imkan yaradılması çox vacibdir.

Biz yalnız bu günümüzü deyil, gələcəyimizi də düşünməliyik. Çünki bu gün peşə öyrənən, bacarıq qazanan və öz üzərində çalışan şagird sabah cəmiyyətə faydalı, savadlı və peşəsini sevən bir gəncə çevrilə bilər.

Peşə öyrənmək yalnız bir iş sahibi olmaq deyil. Peşə öyrənmək öz gələcəyini qurmaqdır.

Bu baxımdan Peşə Təmayüllü Siniflərə verilən dəstək, əslində, gələcəyimizə verilən dəstəkdir.

 

Elçin Ağasıyev

Paraqraf.com

Loading