Ağstafa, Qazax və Tovuzda gənclər arasında incəsənətin təbliğinə həsr olunmuş silsilə maarifləndirici tədbirlər keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Regionlarda gənclər arasında incəsənətin təbliği” layihəsi çərçivəsində Ağstafa, Qazax və Tovuz rayonlarında silsilə maarifləndirici tədbirlər keçirilib.
Layihənin ilk tədbiri Ağstafa rayonunda, Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa Uşaq Musiqi Məktəbində baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən İctimai Birliyin sədri Turanə Oruclu gənclər arasında incəsənətin təbliğinin əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət sahəsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini vurğulayıb, Birinci vitse-prezident Mehriban Əliyevanın muğamın, aşıq sənətinin və digər milli-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Daha sonra məktəbin direktoru Arif Əliyev, fortepiano şöbəsinin müdiri Günəş Musayeva, fortepiano müəllimi Sevda Musayeva, musiqi ədəbiyyatı müəllimi Reyhan Seyidova və tədris hissə müdiri Afət Qurbanova çıxış edərək gənclərə incəsənətin inkişafı, yaradıcılıq potensialının artırılması və milli-mədəni dəyərlərin qorunmasının vacibliyindən danışıblar. Tədbir məktəbin şagirdlərinin təqdim etdiyi musiqi nömrələri ilə davam edib.
Layihə çərçivəsində növbəti maarifləndirici tədbir Qazax rayonunda keçirilib. Tədbirdən əvvəl Turanə Oruclu Qazax rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub. Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Turanə Oruclu layihənin məqsədləri barədə məlumat verərək milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb və dövlətin incəsənətin inkişafına göstərdiyi dəstəkdən danışıb. Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quliyeva və Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək gənclərin incəsənətə cəlb olunmasının əhəmiyyətini qeyd ediblər. Tədbir çərçivəsində gənc rəssamların əl işlərindən ibarət sərgi nümayiş olunub və bədii proqram təqdim edilib.
Layihənin növbəti tədbiri Tovuz rayonunda, Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində təşkil olunub. Tədbirdən əvvəl iştirakçılar muzeylə tanış olub, bələdçi Pakizə Abbasova tərəfindən Hüseyn Bozalqanlının həyat və yaradıcılığı, eləcə də Azərbaycan aşıq sənəti haqqında ətraflı məlumat verilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Turanə Oruclu layihənin məqsədi və əhəmiyyətindən danışaraq bildirib ki, gənclərin incəsənətə cəlb olunması onların yaradıcılıq potensialının inkişafına və milli-mədəni irsimizə bağlılığının möhkəmlənməsinə xidmət edir. İctimai fəal Nazim Quliyev, muzeyin direktoru Əmina Mirzayeva, Rəsm Qalereyasının əməkdaşı Şücaət İsmayılova, Mədəniyyət Mərkəzinin əməkdaşı Nigar Əhmədova, Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Gültəkin Qasımova və digər çıxış edənlər incəsənətin cəmiyyət həyatındakı rolu, milli irsin qorunması və gənclərin bu sahəyə marağının artırılmasının vacibliyindən bəhs ediblər. Tədbirin bədii hissəsində gənc saz ifaçıları və “Zirvə” rəqs ansamblının çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında incəsənətə marağın artırılması, milli-mədəni irsin təbliği, yaradıcı gənclərin üzə çıxarılması və onların mədəni həyatdakı fəallığının dəstəklənməsidir.

Paraqraf.com
![]()