Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində tələbələrə əsasən ixtisasların nəzəri tərəfləri tədris olunur. Praktik biliklərin aşılanması isə bir çox hallarda yetərli səviyyədə deyil. Bunun əsas səbəblərindən biri universitetlərdə praktikyönümlü dərslərin keçirilməsi üçün texniki imkanların və uyğun şəraitin tam formalaşmamasıdır.
Təhsil eksperti Vüsət Əzizov “Paraqraf.com”a açıqlamasında bildirib ki, universitetlərin daha müstəqil fəaliyyət göstərməsi praktik təhsilin inkişafına müsbət təsir edə bilər:

“Ancaq bu, bütün problemlərin avtomatik həlli demək deyil. Burada əsas məsələ müstəqilliyin necə tətbiq olunacağıdır. Hazırda Azərbaycandakı bir çox ali təhsil müəssisəsində oxşar problemlər mövcuddur. Əsas çatışmazlıqlar tədris proqramlarının köhnəlməsi və mərkəzləşdirilməsi, müəllimlərin sənaye təcrübəsinin zəif olması, laboratoriya və texniki avadanlıq çatışmazlığı, həmçinin universitetlərlə şirkətlər arasında əməkdaşlığın zəif qurulmasıdır. Qiymətləndirmə sistemi də daha çox nəzəri biliyə əsaslanır.
Əgər universitetlərə akademik və maliyyə müstəqilliyi verilsə, proqramlar daha çevik şəkildə yenilənə bilər. Əmək bazarının tələblərinə uyğun yeni fənlərin əlavə olunması mümkün olar. Məsələn, mühəndislikdə real sənaye layihələri, biznes sahəsində data analitikası və startup idarəçiliyi kimi istiqamətlər tədrisə daxil edilə bilər. Hazırda isə proqram dəyişiklikləri uzun bürokratik mərhələlərdən keçir”.
Ekspert qeyd edib ki, müstəqillik praktik dərslərə investisiyanın artmasına da şərait yarada bilər:
“Müstəqil universitet öz büdcəsini daha sərbəst idarə edə, şirkətlərlə birgə sponsorlu laboratoriyalar yarada və yeni texniki avadanlıqlar əldə edə bilər. Dünyanın qabaqcıl universitetlərində robototexnika laboratoriyaları, hüquq klinikaları, simulyasiya xəstəxanaları və startup inkubatorları məhz universitetlərin təşəbbüsü ilə qurulur.
Sənaye ilə əməkdaşlığın güclənməsi də vacibdir. Universitetlər şirkətləri tədris prosesinə cəlb edə, tələbələr üçün ödənişli təcrübə proqramları təşkil edə və praktik mütəxəssisləri müəllim kimi dərs prosesinə qoşa bilər. Bu model xüsusilə Almaniya, Cənubi Koreya və Finlandiyada uğurla tətbiq olunur”.
Vüsət Əzizovun sözlərinə görə, müəllim seçimində də dəyişikliklər baş verə bilər:
“Hazırda universitetlərdə müəllim seçimində əsas meyar elmi dərəcədir. Müstəqillik olarsa, sənayedə çalışmış mütəxəssislər, startup qurucuları və praktik mühəndislər daha rahat şəkildə tədrisə cəlb edilə bilər. Bununla yanaşı, tam nəzarətsiz müstəqillik müəyyən risklər də yarada bilər. Təhsil haqlarının sürətlə artması, bəzi universitetlərdə keyfiyyətin aşağı düşməsi, diplom biznesi riskinin yüksəlməsi və region universitetlərinin geridə qalması mümkündür. Buna görə də müstəqilliklə yanaşı güclü akkreditasiya, şəffaf audit və nəticəyönümlü qiymətləndirmə sistemi də vacibdir”.
Ekspert hesab edir ki, ən effektiv model dövlətin ümumi standartları və nəzarəti əlində saxladığı, universitetlərin isə proqram, büdcə və tərəfdaşlıq məsələlərində sərbəst olduğu idarəetmə modelidir:
“Praktik təhsilin inkişafı üçün əsas məsələ yalnız azadlıq deyil, universitetlərin əmək bazarı ilə real əlaqə qurmasıdır. Dünyada uğurlu universitetlərin əksəriyyəti artıq sadəcə təhsil verən müəssisə deyil, sənaye ilə inteqrasiya olunmuş innovasiya mərkəzi kimi fəaliyyət göstərir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
