Binəqədi rayon sakini Fəridə Yusifova illər əvvəl aldığı əmlakından istifadə edə bilmədiyini bildirir. Sosial durumundan gileylənən Fəridə xanım qeyd edir ki, pensiya ilə dolanır və səhhətində bir sıra problemlər var.
Şikayətçinin sözlərinə görə, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 9, ev 275 ünvanında yerləşən obyekti və ona bitişik yaşayış evi Binəqədi–Biləcəri yolunun yenidən qurulması zamanı zərər görüb. Onun iddiasına əsasən, aparılan işlər nəticəsində obyektin dam örtüyü tamamilə yararsız hala düşüb və həmin əmlakdan istifadə mümkünsüz olub.
Fəridə Yusifova bildirir ki, məqsədi obyektin dam örtüyünü təmir etdirmək, tikilini yenidən yararlı vəziyyətə salmaq və sahibkarlıq fəaliyyətini bərpa etməkdir. Lakin onun sözlərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, bunun üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı tələb olunur.
Bundan sonra aidiyyəti quruma müraciət edən Fəridə Yusifovaya bildirilib ki, qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, çıxarış və texniki pasport, eləcə də nəzərdə tutulan tikinti-quraşdırma işlərinə dair layihə sənədləri təqdim edildikdən sonra məsələyə şəhərsalma və tikinti qanunvericiliyinə uyğun şəkildə baxıla bilər.
Şikayətçi isə hesab edir ki, illərdir istifadəsiz qalan obyektin təmiri ilə bağlı prosesin bu qədər uzanması və əlavə prosedurların yaranması onun vəziyyətini daha da ağırlaşdırır. Onun sözlərinə görə, məqsədi yeni tikinti aparmaq deyil, sadəcə zərər görmüş dam örtüyünü təmir etdirərək əmlakı normal istifadəyə qaytarmaqdır.
Burada isə haqlı sual yaranır: vətəndaş özünə məxsus obyektin yalnız dam örtüyünü təmir etdirmək üçün niyə müxtəlif qurumlardan icazə almağa məcbur edilir? Əgər söhbət yeni tikintidən, əlavə mərtəbənin artırılmasından və ya obyektin təyinatının dəyişdirilməsindən getmirsə, sadə təmir işinin bu qədər bürokratik prosedura salınmasının hüquqi əsası nədir? Hansı qanunda göstərilir ki, istifadəyə yararsız vəziyyətə düşmüş bir obyektin dam örtüyünü dəyişmək üçün vətəndaş aylarla idarə qapılarında gözləməlidir?
Ən diqqətçəkən məqam isə odur ki, obyektin zərər görməsinə səbəb kimi dövlət layihəsi, yolun yenidən qurulması göstərilir. Belə olan halda, illərdir əziyyət çəkən və pensiya ilə yaşayan bir vətəndaşın problemi niyə hələ də həll olunmur? Dövlət qurumları vətəndaşa çıxış yolu göstərmək əvəzinə, onu bir idarədən digərinə yönləndirir. Nəticədə insan öz mülkiyyətindən istifadə edə bilmir, maddi ziyana düşür və sahibkarlıq fəaliyyətini bərpa etmək imkanından məhrum olur.
Məsələ bir daha göstərir ki, bəzi hallarda dövlət qurumları vətəndaşın problemini həll etmək əvəzinə, prosesi ağır bürokratiya içində çıxılmaz vəziyyətə salırlar. Halbuki söhbət yeni tikintidən deyil, zərər görmüş bir dam örtüyünün təmirindən gedir. Əgər dövlət layihəsi nəticəsində əmlaka ziyan dəyibsə, həmin problemin aradan qaldırılması üçün vətəndaş əlavə maneələrlə qarşılaşmamalıdır. Əksinə, aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaq əvəzinə, məsələnin həlli üçün operativ addımlar atmalıdır.
Binəqədi Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, qeyri-yaşayış obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bu səbəbdən aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunub. Eyni zamanda qeyd edilib ki, asfalt örtüyünün çəkilməsi və bərpası işləri aidiyyəti qurum tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, fasadın və mövcud qabaritlərin dəyişdirilmədiyi adi təmir işləri üçün bir çox hallarda ayrıca tikinti icazəsi tələb olunmur. Maddədə qeyd edilir ki, “fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektləri” üçün tikintiyə icazə tələb edilmir.
Bu baxımdan, əgər söhbət 100 kvadratmetrlik, 1 mərtəbəli obyektin yalnız dam örtüyünün dəyişdirilməsi və ya cari təmirindən gedirsə, bunun yeni tikinti kimi qiymətləndirilməməsi hüquqi baxımdan mümkün görünür.
Praktikada isə dövlət qurumları çox vaxt obyektin kimə məxsus olduğunu təsdiqləmək üçün çıxarış və ya qeydiyyat vəsiqəsi, texniki vəziyyəti müəyyən etmək üçün texniki pasport, təmirin həqiqətən “cari təmir” olub-olmadığını aydınlaşdırmaq üçün əlavə sənədlər tələb edə bilirlər. Lakin hüquqşünasların da vurğuladığı kimi, əgər vətəndaş sadəcə dam örtüyünü yeniləmək istəyirsə və obyektin ölçüsü, hündürlüyü, fasadı dəyişmirsə, belə təmir işinin uzunmüddətli bürokratik prosedurlara salınması mübahisəli görünür.
Xüsusilə də nəzərə alınmalıdır ki, şikayətçinin iddiasına görə, obyekt dövlət layihəsi nəticəsində zərər görüb. Bu halda aidiyyəti qurumların vətəndaşın problemini süründürməçilik yaratmadan, sosial vəziyyətini və illərdir davam edən çətinlikləri nəzərə alaraq operativ şəkildə həll etməsi daha məqsədəuyğun olardı. Vətəndaşın məqsədi yeni tikinti aparmaq deyil, yalnız istifadəyə yararsız hala düşmüş obyektini bərpa edib normal istifadəyə qaytarmaqdır.


Aynur Nadirqızı
Paraqraf.com
![]()
