Nikita Xruşşov və Nikolay Bulqanin Hindistanda Tac Mahal ziyarəti zamanı. Hökumət başçısı olan Bulqanin SSRİ-nin de-yure birinci adamı sayılırdı. Ona görə də ön planda yer alır. Partiya lideri və de-fakto birinci adam olan Xruşşov isə bir qədər arxa plandadır.
1953-cü il martın 1-ə keçən gecə ağır insult keçirən İosif Stalinin daha ayağa qalxmayacağı məlum olanda hakimiyyət bölgüsü başladı. 1953-cü il martın 4-də Kommunist Partiyası rəhbərliyinin toplantısı keçirildi və bir sıra qərarlar qəbul edildi. İndiyə qədər Stalinin tutduğu Nazirlər Sovetinin sədri (baş nazir) vəzifəsinə Georgi Malenkov gətirildi, Lavrenti Beriya, Bulqanin, Lazar Kaqanoviç və Vyaçeslav Molotov onun birinci müavinləri oldu. Molotov həm də xarici işlər naziri vəzifəsinə qayıtdı.
Partiyanın Mərkəzi Komitəsinin katiblərindən dördü başqa işə keçmələri, Stalin isə səhhəti ilə əlaqədar vəzifədən azad edildilər. Onların yerinə üç yeni katib seçildi. Həm Malenkov, həm də Xruşşov MK katibi vəzifəsində qaldılar. Plenumun qərarına görə, MK işinə daha çox diqqət ayıra bilməsi üçün Xruşşov Moskva partiya komitəsinin birinci katibi vəzifəsindən azad edildi.
Bu “dostanə bölüşmə” uzun sürmədi və bir qədər sonra “diadoxların savaşı” başladı. Əvvəlcə hamı möhkəm qorxduğu Beriyaya qarşı birləşdi. 1953-cü il iyunun 26-da keçirilən toplantı zamanı Beriya həbs edildi və dekabrın 23-də altı yaxın adamı ilə birlikdə məhkəmənin hökmü ilə güllələndi. Bundan sonra “qazanda iki qoçun başı” qaldı: Xruşşov və Malenkovun.
Kommunist Partiyasının rəhbəri olmaqla yanaşı, həm də hökumət başçısı olan Stalinin hakimiyyətinin son illərində idarəçilikdə partiyanın rolu zəifləmişdi. 1939-cu ildə keçirilən XVIII qurultaydan sonra XIX qurultayın keçirilməsini tam 13 il gözləmək lazım gəldi. Qurultaylararası dövrdə ali partiya orqanı olan MK plenumları da az-az keçirilirdi. Məsələn, 1947-ci ilin fevralından 1952-ci ilin avqustuna qədər 5,5 il müddətində heç bir plenum keçirilmədi. Bu illər ərzində real hakimiyyət hökumətin əlində cəmləşdi.
Bundan əlavə, Kommunist Partiyasında 1922-ci ildə təsis edilən Baş katib postu 1934-cü ildə ləğv edildi. Stalin faktiki partiya rəhbəri sayılsa da, formal olaraq MK katiblərindən biri idi. Bu səbəblərdən daxildə və xaricdə məhz Malenkov Stalinin xələfi, SSRİ-nin yeni rəhbəri kimi qəbul edilirdi.
Amma Xruşşov tədricən mövqelərini gücləndirdi. 1953-cü il sentyabrında keçirilən plenum partiyada MK-nın birinci katibi postunu təsis etdi və həmin vəzifəyə Xruşşov seçildi. Beləliklə, o, rəsmən partiyanın əsas rəhbəri oldu. Malenkovun buna mane olmaq üçün heç bir cəhd göstərməməsi bəlkə də ən böyük siyasi səhvi idi.
Xruşşov 1955-ci ilin yanvar plenumunda Malenkovun üzərinə hücuma keçdi və onu bir sıra nöqsanlarda günahlandırdı. Fevralın 8-də Malenkov hökumət başçısı vəzifəsindən azad edildi və ertəsi gün elektrostansiyalar naziri kimi xeyli aşağı vəzifəyə təyin olundu. Xruşşov baş nazir vəzifəsinə özü üçün təhlükəli saymadığı, son iki ildə müdafiə naziri vəzifəsini tutan Nikolay Bulqaninin təyin edilməsinə nail oldu.
Ölkə lideri kimi heç vaxt xaricə getməyən Vladimir Lenindən, “Böyük üçlüyün” sammitlərində iştirak etmək üçün yalnız Tehran Konfransı və Potsdam Konfransıda olan Stalindən fərqli olaraq Xruşşov xarici səfərləri xoşlayırdı. O, artıq 1954-cü ilin martında Polşaya səfər etdi.
Bulqaninlə birlikdəki səfərləri 1955-ci ilin mayında Yuqoslaviya ilə başladı. İki ay sonra Cenevrə Sammitində iştirak etdilər. 1955-ci ilin noyabr-dekabr aylarında isə Hindistan, Birma, Əfqanıstanı əhatə edən turne üçüncü birgə səfər idi. Xaricdə onları ticarət markası kimi “B&K” adlandırmağa başlamışdılar.
Bu zahiri duumvirat 1958-ci ilin martına qədər davam etdi. Martın 27-də Xruşşov Bulqanini Nazirlər Sovetinin sədrliyindən uzaqlaşdırıb yerinə özü keçdi. Bundan sonra hamı bildi ki, SSRİ-nin bir lideri var.
Xruşşov 1964-cü ildə devriləndə hökumət başçısı Aleksey Kosıgin, partiya lideri isə Leonid Brejnev oldu. Bu dəfə daxildə hamı bilirdi ki, birinci adam Brejnevdir, xaricdə isə bir müddət Kosıqini görürdülər. Məsələn, Altıgünlük müharibə zamanı sovet tərəfinin mövqeyini səsləndirən adam Kosıgin idi.
Lakin Xruşşovdan fərqli olaraq, Brejnev Kosıqini vəzifəsindən uzaqlaşdırmadı, özü də uzun müddət dövlət vəzifəsi tutmadı. Buna baxmayaraq, tədricən hamı anladı ki, “sovet lideri” ünvanının sahibi məhz odur. İndi xarici siyasət məsələlərini də o həll edirdi. Kosıginin fəaliyyəti isə iqtisadiyyatla məhdudlaşdırıldı.
Həsən
Paraqraf.com
![]()
