Süni intellektin sürətli inkişafı artıq həyatın bütün sahələrinə təsir göstərir. Təhsil, səhiyyə, media, biznes və hətta gündəlik qərarlar belə texnologiyanın imkanlarından istifadə etməklə formalaşır. Bir çoxları hesab edir ki, süni intellekt işləri asanlaşdırır, vaxta qənaət edir və insan səhvlərini minimuma endirir. Digər tərəfdən isə hər şeyin texnologiyaya həvalə olunmasının insan zəkasının passivləşməsi, düşünmə qabiliyyətinin zəifləməsi və yaradıcılığın azalması ilə bağlı narahatlıqları artırdığı bildirilir. Xüsusilə gənclərin hazır məlumatlara həddindən artıq güvənməsi gələcəkdə düşünən insan modelini dəyişə bilər.
Marketinq və AI alətləri üzrə təlimçi Abdulla Abdullayev “Paraqraf.com”a açıqlamasında bildirib ki, süni intellekt insan zəkasını birbaşa zəiflədən texnologiya deyil:

“Risk onun necə istifadə olunmasındadır. Əgər insan süni intellektdən yalnız hazır cavab almaq üçün istifadə edirsə, zamanla araşdırmaq, analiz etmək və müstəqil düşünmək vərdişləri zəifləyə bilər. Xüsusilə gənclərdə “hazır nəticəyə öyrəşmək” riski artıq hiss olunur.
Digər tərəfdən isə süni intellektdən düzgün istifadə edildikdə bu texnologiya insan imkanlarını genişləndirən güclü alətə çevrilir. Məsələn, rutin işləri avtomatlaşdırır, məlumatları daha sürətli analiz edir və insanın yaradıcılıqla strateji düşüncəyə daha çox vaxt ayırmasına şərait yaradır.
Burada əsas məsələ balansın qorunmasıdır. Kalkulyator riyaziyyatı yox etmədiyi kimi, AI də düşünməyi tam əvəz etməyəcək. Sadəcə gələcəkdə insanlardan fərqli bacarıqlar tələb olunacaq. Məlumatı əzbərləyən deyil, düzgün sual verən, analiz edən və yaradıcılıq nümayiş etdirən insanlar daha dəyərli olacaq”.
Onun sözlərinə görə, texnologiya insanı zəiflətmir:
“Amma düşünmə prosesini tam şəkildə texnologiyaya həvalə edən insanın zehni passivləşə bilər. Buna görə də AI-dən istifadə ilə yanaşı, tənqidi düşüncə və yaradıcılığı qorumaq olduqca vacibdir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
