Rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyətin bütün sahələrinə, o cümlədən siyasi proseslərə də təsir göstərir. Rəqəmsal demokratiya vətəndaşların qərarvermə prosesində daha fəal iştirakını təmin edən, şəffaflığı artıran və dövlət–cəmiyyət münasibətlərini yeni mərhələyə daşıyan bir yanaşmadır. Bu model vasitəsilə insanlar onlayn platformalar üzərindən öz fikirlərini ifadə edir və idarəetmədə iştirak imkanları genişlənir.
Maraqlıdır, rəqəmsal demokratiya ənənəvi demokratiyanı əvəz edə bilərmi, yoxsa yalnız onu tamamlayan bir vasitədir?
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Paraqraf.com”a bildirib ki, rəqəmsal texnologiyaların inkişafı artıq təkcə iqtisadiyyat və sosial həyatı deyil, siyasi idarəetmənin də mahiyyətini dəyişir:

“Bu reallıq qarşısında əsas sual budur: biz bu transformasiyanı idarə edəcəyik, yoxsa onun təsiri altında idarə olunacağıq?
Rəqəmsal demokratiya ənənəvi demokratik institutları əvəz etmək üçün deyil, onları gücləndirmək üçün mövcuddur. Dövlətçilik yalnız texnologiya ilə deyil, institutlarla, hüquqla və məsuliyyətlə ayaqda qalır. Tam rəqəmsal demokratiyaya keçid isə qərarverməni emosional və manipulyasiyaya açıq hala gətirə, kiber təhlükəsizlik risklərini dövlət səviyyəsinə yüksəldə, cəmiyyətdə rəqəmsal uçurumu daha da dərinləşdirə bilər. Bu risklər demokratiyanı möhkəmləndirmək əvəzinə, onu zəiflədə bilər.
Ən doğru yanaşma ənənəvi demokratiya ilə rəqəmsal alətlərin sintezidir. Bu prosesə siyasi partiyalar: həm iqtidar, həm də müxalifət hazır olmalıdır.
Beynəlxalq təcrübəyə də diqqət etməliyik. Məsələn, Estoniya rəqəmsallaşmanı dövlət strategiyasına çevirib, lakin institutların dayaqlarını qoruyub. İsveçrə birbaşa demokratiyanı rəqəmsal elementlərlə zənginləşdirib, amma balansı itirməyib. Bu balansın qorunmasında güclü parlamentin böyük rolu olub.
Rəqəmsal demokratiya ənənəvi demokratiyanı əvəz edə bilməz. O, yalnız onu daha şəffaf, daha çevik və daha inklüziv edən güclü tamamlayıcı mexanizm rolunu oynaya bilər.”
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
