Söz azadlığı demokratik cəmiyyətin əsas prinsiplərindən biri sayılır və insanların fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan yaradır. Lakin bu azadlığın cəmiyyətə təsiri, digər insanların hüquq və azadlıqları ilə toqquşma ehtimalı müəyyən məhdudiyyətlərin zəruriliyini gündəmə gətirir. Xüsusilə sosial medianın geniş vüsət aldığı müasir dövrdə bu mövzu daha da aktual hale gəlib.
Maraqlıdır, söz azadlığının sərhədləri olmalıdırmı, yoxsa bu hüquq tam şəkildə qorunmalıdır?
Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu “Paraqraf.com”a açıqlamasında bildirib ki, hər bir məsələnin başlanğıcı olduğu kimi sonu da mövcuddur:

“Əlbəttə ki, söz azadlığının da müəyyən sərhədləri var. Dünyada qəbul olunmuş əsas prinsip ondan ibarətdir ki, əgər mənim sözlərim və davranışlarım başqalarına problem yaratmırsa, onda bu çərçivədə azadlığıma məhdudiyyət qoyulmamalıdır. Əslində həm söz və ifadə azadlığı, həm də digər azadlıqların sərhədləri daim genişlənir və ya daralır. Bu, dayanmayan prosesdir. Cəmiyyətdə imkanlar artdıqca, məlumata çıxış yüksəldikcə, onu məhdudlaşdırmaq istəyən tendensiyalar da meydana çıxır.
İnternet yeni yarananda hamı bu məkanın tam azad olacağını düşünürdü. Lakin bu gün böyük axtarış sistemləri və platformalar uyğunsuz kontenti silməklə məşğul olan böyük komandalar yaradıblar. Dünyanın qəbul etmədiyi, etikaya zidd və ya azyaşlılar üçün zərərli ola biləcək materiallar bir tərəfdən silinir, digər tərəfdən isə kimsə onları yenidən şəbəkəyə yükləyir. Etik qaydalara görə zərərli kontentin silinməsi yaxşıdır, ancaq bundan istifadə edib söz azadlığını məhdudlaşdırmağa çalışanlar da az deyil. Ziyanlı kontent adı altında bəzən kimlərinsə maraqlarına uyğun olmayan məlumatlar da bloklanır”.
Ekspertin sözlərinə görə, sistemə qarşı çıxanlarla informasiyanı inhisara almaq istəyənlərin mübarizəsi getdikcə daha da güclənir:
“İri şirkətlər də prosesə qoşulub. Bu gün adi kitabı, bədii və ya sənədli filmi, audio və videomaterialı asanlıqla əldə etmək çətinləşib. Materialı açıq paylaşanlara məhdudiyyət qoymaqla bəzi platformalar hətta ötən əsrin filmlərinə görə belə ödəniş tələb edirlər. Nə Şekspirin, nə Cek Londonun, nə də başqa yazıçıların əsərlərinə pulsuz çıxış tapmaq asan deyil. Harda yerləşməsindən asılı olmayaraq, axtarış sistemləri onları “qeyri-leqal kontent” adı ilə bloklayır və məlumat inhisara alınır. Hazırda bu tendensiya daha da güclənir”.
İsmayıl Rafiqoğlunun fikrincə, “Söz azad olmalıdır, ya yox?” sualına birmənalı cavab vermək çətindir:
“Çünki dünyada bir fikir və ya düşüncə üstünlük təşkil etmir. Fikir müxtəlifliyi həm yaxşıdır, həm də müəyyən problemlərə yol açır. Bəzən dini, siyasi və etnik mövzularda elə qarşıdurmalar yaranır ki, rasional çıxış yolu tapmaq olmur. Söz azadlığının sərhədləri mövcud qanunvericiliklə tənzimlənməlidir. Digər sərhəd isə mənəvi dəyərlərə dayanır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
