Yaxın Şərqdə gərginliyin artması fonunda beynəlxalq ticarət yollarının təhlükəsizliyi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə enerji daşımalarının böyük hissəsinin keçdiyi strateji boğazlar qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır. Son aylarda həm Hörmüz boğazı ətrafında baş verən hadisələr, həm də Qırmızı dənizdə husilərin gəmilərə qarşı hücumları beynəlxalq nəqliyyat marşrutlarının sabitliyi ilə bağlı ciddi suallar doğurur.
Bəzi analitiklər hesab edir ki, əgər regiondakı gərginlik daha da artarsa, husilər də Qırmızı dənizdə nəqliyyatın əsas keçid nöqtələrindən biri olan Bab əl‑Məndəb boğazı üzərində təzyiqi artırmağa cəhd edə bilərlər. Bu isə dünya ticarətinin mühüm hissəsinin keçdiyi marşrutlara ciddi təsir göstərə bilər.
Maraqlıdır, əgər husilər bu strateji boğazı bağlamağa cəhd etsələr, bu addım qlobal ticarətə və regiondakı siyasi balanslara necə təsir edə bilər?
Politoloq Züriyyə Qarayeva “Paraqraf.com”a bildirib ki, əgər husilər Bab əl-Məndəb boğazında nəqliyyatın hərəkətini ciddi şəkildə məhdudlaşdırmağa və ya faktiki olaraq bloklamağa cəhd etsələr, bu addım ilk növbədə qlobal ticarət zəncirinə ciddi zərbə vura bilər:

“Çünki Bab əl-Məndəb boğazı Qırmızı dəniz vasitəsilə Süveyş kanalı ilə birləşən əsas marşrutdur və Avropa ilə Asiya arasındakı ticarətin böyük hissəsi məhz bu xətt üzərindən həyata keçirilir. Bu marşrutun təhlükə altına düşməsi yük gəmilərinin Afrika ətrafından – Ümid burnu marşrutu ilə hərəkət etməsinə səbəb ola bilər ki, bu da daşınma müddətini və xərcləri əhəmiyyətli dərəcədə artırar.
Nəticədə qlobal logistika sistemində gecikmələr yaranar, enerji və digər strateji məhsulların qiymətində artım müşahidə oluna bilər və bu da dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini gücləndirə bilər.
Digər tərəfdən, belə bir addım regiondakı siyasi və hərbi balanslara da ciddi təsir göstərə bilər”.
O qeyd edib ki, Bab əl-Məndəb boğazı yalnız ticarət baxımından deyil:
“Həmçinin geosiyasi baxımdan böyük əhəmiyyət daşıdığı üçün bu marşrutun bağlanması ABŞ, Avropa ölkələri və regiondakı bir sıra dövlətlərin hərbi reaksiyasına səbəb ola bilər. Bu halda, Qırmızı dənizdə beynəlxalq hərbi iştirakın artması, yeni təhlükəsizlik koalisiyalarının formalaşması və Yəmən ətrafında qarşıdurmanın daha geniş miqyas alması ehtimalı yüksələr. Beləliklə, husilərin belə bir addımı təkcə yerli hərbi taktika deyil, həm də Yaxın Şərqdə və qlobal səviyyədə güc balansını dəyişdirə biləcək strateji faktor kimi qiymətləndirilə bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
