Tələbəlik dövrü hər bir gəncin həyatında xüsusi mərhələdir. Bu illərdə biz yeni mühitə uyğunlaşmağa çalışır, dərslər, sərbəst işlər, alt həftə–üst həftə kimi akademik proseslərə baş qoşuruq. Yeni tanışlıqlar, yeni fənlər və yeni vərdişlərlə dolu bu yol bir göz qırpımında dörd ili arxada qoyur. Ardınca isə iş həyatı, karyera qayğıları və gündəlik tələbatlar başlayır. Bəzən elə olur ki, bütün bu proseslərin içində özümüzə vaxt ayırmağı belə unuduruq.
Eşitdiyim ən dəyərli fikirlərdən biri belədir: “Ən uğurlu investisiya insanın özünə etdiyi investisiyadır”. Mən isə buna bir əlavədə bulunmaq istəyirəm: ən çox qazanc gətirən yatırım, zamanın düzgün yerə sərf edilməsidir.
Əziz dostlar, biz həyatımızın təməlini uşaq yaşlarından qoymağa başlasaq da, o yaşlarda dünyanı tam dərk etmək çətin olur. Lakin zaman adlı ən bahalı sərmayəni özümüzə yönəltməyin ən optimal dövrü tələbəlik illəridir. Bu illər həm çox şey qazanmaq, həm də çox şey itirmək potensialına malikdir.
Ola bilər ki, ətrafımızdakı gənclər bunun fərqində deyil. Gəlin, onlara yaxşılıq edək, maarifləndirək və yol göstərək. Qoy həyatlarını inşa etməyə elə bu gündən başlasınlar. Onlara uğur qazanmış insanların real nümunələrini göstərək ki, özlərinə və gələcəklərinə inanmağı bacarsınlar. Bilirəm ki, bəziləri müxtəlif bəhanələr gətirəcək, lakin biz doğru istiqamətləndirmə ilə bu bəhanələri motivasiyaya, inama və məqsədə çevirməyə kömək edə bilərik.
Uğur zamanla, zaman isə düzgün istifadə olunduqda dəyər qazanır.
Elvin Abdullayev
Paraqraf.com
![]()
