Təcili yola çıxmalı idim. Şəhərlərarası taksilər işləmirdi, avtobuslar isə iki saatdan sonra hərəkət edəcəkdi. Amma qismət elə gətirdi ki, birdən-birə bir avtobusda sonuncu boş yer mənə qismət oldu.
Yol boyu dağların ucalığı, dərələrin dərinliyi, dənizin sonsuzluğu ruhumu titrədirdi. Düşüncələrim şeirə, xəyalım musiqiyə çevrilirdi. Birdən gözüm bir gülə sataşdı — amma adi gül deyildi. O, başqalarından fərqlənirdi. Sanki solmayan bir gül idi. Bu solmayanlıq sevgidən xəbər verirdi.
Ona baxdıqca qəlbimdə min sual dolaşırdı: “Necə yaxınlaşım? Bəlkə sevgilisi var? Bəlkə razılıq verməz?” Amma barmağında üzük yox idi…
Şəhərə çatdıq. Mən ona baxanda, o da mənə baxdı. Elə bil içimdə gizlətdiyim duyğuları duydu. Amma yenə də cəsarət etmədim. Başımı aşağı salıb avtobusdan endim. Qayıdanda isə o yox idi. İçimdə dərin bir boşluq yarandı.
İşə tələsirdim, amma düşüncələrim ondan ayrıla bilmirdi. Qəlbim onun yolunu gözləyirdi. İçimdə bir dua etdim: “Əgər qismətimiz varsa, Allah bizi birləşdirəcək”.
Həmin gün şirkətin liftinin düyməsini basanda isə möcüzə baş verdi. O qarşımda idi. Gülümsədi… Mən də. Həmin o gülümsəmə ilə taleyimiz yazıldı.
Biz anladıq ki, sevgi təsadüfləri sevir, sevgi cəsarəti sevir. Əsl eşq iki ürəyin eyni anda cəsarət etməsidir.
O gündən hər səhərimiz sevgiylə açılır, hər gecəmiz sevgiylə bağlanır. Ağladığımızda da, güldüyümüzdə də, xəstəlikdə də, çətinlikdə də yan-yana, çiyin-çiyinə olduq. Öz sevgimizi bir kitab kimi yazırıq, bir musiqi kimi bəstələyirik.
Və bu əsərin oxucusu yalnız ikimizik…
Elçin Ağasıyev
Paraqraf.com
![]()
