Təhsildə bərabər imkanların yaradılması hər bir ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu prinsip yalnız sosial ədaləti deyil, həm də insan kapitalının gücləndirilməsini hədəfləyir.
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Paraqraf.com-a açıqlamasında bildirib ki, bərabər imkan anlayışı hər bir uşağın eyni başlanğıc nöqtəsinə malik olması anlamına gəlmir. Bu, fərqli sosial, iqtisadi və psixoloji şəraitlərin yaratdığı uçurumların minimuma endirilməsi deməkdir:
“Sosial mühitin təsiri ilk növbədə ailənin təhsilə verdiyi dəyərdən başlayır. Əgər ailədə kitab mədəniyyəti zəifdirsə və valideynlər övladının inkişafına lazımi dəstək göstərmirsə, şagird məktəbin təqdim etdiyi imkanlardan tam yararlana bilmir. Bu isə sosial kapitalın azlığından yaranan əsas maneələrdən biridir”.
Ekspert iqtisadi faktorların isə daha konkret ölçülə bildiyini vurğulayıb:
“Ailənin gəlir səviyyəsi aşağı olduqda uşağın məktəbdənkənar fəaliyyətlərə, hazırlıq kurslarına, hətta elektron cihazlara çıxışı məhdudlaşır. Texnologiyanın təhsilin əsas alətlərindən birinə çevrildiyi bir dövrdə planşet və ya internetin olmaması artıq adi çətinlik deyil, real təhsil itkisidir”.
Əmrah Həsənli sonda qeyd edib ki, təhsildə bərabər imkanların formalaşdırılması qısa müddətli tədbirlərlə həll olunan məsələ deyil, davamlı və məqsədyönlü siyasət tələb edir:
“Əgər hər bir uşağın potensialını üzə çıxarmaq istəyiriksə, onun ailəsinin gəlirinə, yaşadığı yerə və sosial mühitinə deyil, inkişaf perspektivinə fokuslanmalıyıq. Təhsildə real bərabərlik məhz buradan başlayır”.
Cəfərova Validə
Paraqraf.com
![]()
