Noyabrın 16-da Huma Quşu Təhsilə Yardım Fondunun təşkilatçılığı ilə “Səsimiz səsindir, Humay!” adlı növbəti xeyriyyə axşamı keçiriləcək.
Tədbir Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert salonunda baş tutacaq. Gecədə xalq artisti, Şöhrət və Şərəf ordenli xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə zəngin konsert proqramı təqdim olunacaq.
Səhnədə tarda xalq artisti Elçin Həşimov, kamanda əməkdar artist Elnur Əhmədov, Qarabağ muğam qrupu, Muğam Televiziya Müsabiqəsinin qalibləri — əməkdar artistlər Təyyar Bayramov, Arzu Əliyeva, eləcə də Aytən Məhərrəmli, Güllü Muradova, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva çıxış edəcəklər.
Konsertdə həmçinin tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə Muğam instrumental ansamblı və kaman ustası Təbriz Yusifov iştirak edəcək.
Sənət axşamı çərçivəsində rəsm əsərlərindən ibarət sərgi-satış da təşkil olunacaq.
Xeyriyyə axşamında iştirak etmək üçün biletləri iTicket.az saytından və ya satış məntəqələrindən əldə etmək mümkündür.
Unutmayın: Hər bilet bir arzunu qanadlandırır!
Bilet və rəsm satışından əldə olunan vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə yönəldiləcək.
![]()
