19 Okt 2026, Be

Hicab məsələsinə öz kontekstimdən baxış: İnam, seçim və qadın hüquqları

PAYLAŞIN:

Keçmişə nəzər salsaq, görərik ki, xalqımızın qədim inanclarından biri atəşpərəstlik olub. Oda inamımız, Azərbaycanın “Odlar yurdu” kimi tanınması, Novruz bayramında od, su, torpaq və yel çərşənbələrinin simvolikası bunun nümunələridir. Bu, tariximizin və mədəni irsimizin mühüm göstəricilərindəndir. Biz türk mənşəli xalqıq, fars və ya ərəb mənşəli deyilik.

Xalqımızın İslamla tanışlığı isə ərəb işğallarından sonra baş verib. Tək Allaha inam xalqımıza mənəvi zənginlik və rifah gətirib. Ərəb işğallarından sonra Azərbaycan xalqının həyatında mühüm yer tutan bu inancın insanlara bəxş etdiyi ən böyük mənəvi yol Qurandır. O, bizə bütün yolların açarını göstərir. Sadəcə, biz bəzən öz qəlbimizdə həmin açarın uyğun gəldiyi kilidi tapa bilmirik.

Əgər bunu bacarsaq, mənəvi dəyərin nə olduğunu, paklığın və namusun nə demək olduğunu daha yaxşı anlaya bilərik. Bir məsəl var: arxadan atılan daş topuğa dəyər. Bu gün hər ağızdan bir daş atılır. O daş isə bu dəfə topuğa yox, ürəyə, qəlbə dəyir. Çünki hər kəs öz hisslərini başqalarına qarşı nifrətlə ifadə edir. Mühakimə etmək asandır. Bəs insanlar düşünmürlərmi ki, sabah həmin kürsüdə özləri ola bilərlər? Çünki həyat bumeranqdır.

Mən sadəcə bir məqama toxunmaq istəyirəm: kiçik yaşlı övladlarımız, birinci sinfə gedən uşaqlar hələ dünyanı tam dərk etmirlər, sadəcə oyun oynamaq istəyirlər. Yaxud dördüncü sinifdə oxuyan balalarımız… Məncə, onlar hələ hicabın mənəvi dəyərini tam anlamırlar. Sadəcə, nənə evdə bu cür örtünür, ana bu cür örtünür. Uşaq da psixoloji olaraq bunu mənimsəyir və “qadın belə olmalıdır” fikrini daxilində təsdiqləyir.

Ancaq onun daxilində digər uşaqlar kimi arzular da olur, lakin bunu heç vaxt üzə vurmur. Çünki ailə tərbiyəmiz böyüklərə qarşı çıxmağa imkan vermir. Bu, bizim ailə dəyərlərimizə və adət-ənənələrimizə uyğun deyil. Milli kimliyimiz də belə bir hərəkətə qarşı münasibət formalaşdırır.

Ancaq həyatı dərk etmiş, mənəviyyatı güclü, həyatda nə istədiyini bilən və savadlı xanımlarımız da var. Bəs onlara qarşı bu, haqsızlıq deyilmi? Öz mənəviyyatlarını, qürurlarını, şərəf və ləyaqətlərini qorumaq üçün onlar öz işlərindən və vəzifələrindən öz əlləri ilə imtina etməli olublar. Niyə onlar inancları ilə peşələri arasında seçim etməli olublar?

Onlar gecələr yatmayıb, göz nurunu verərək oxuyublar. Həmin vəzifələrə öz gücləri ilə çatıblar. Bu gün isə peşələri ilə yanaşı, maddi durumlarının da sıfırlanması ilə üzləşirlər.

Onlar üçün həmin örtüyü açmaq şərəf və ləyaqətlərinin yerlə bir edilməsi ilə bərabərdir.

Bir qadın üçün şərəfinin pozulması isə ölümlə bərabərdir. O, öz peşəsindən və maddi imkanlarından keçər, amma şərəfindən keçməz. Bax, bu inanclarda bizə analarımızdan qalan mirasdır. Biz inanırıq ki, bir xalq olaraq bunun da öhdəsindən gələ biləcəyik, çünki biz suveren dövlətimizin övladlarıyıq. Bəlkə də, bu, Allahın sınağıdır. Allah mənəviyyatımızı yoxlayır, imanımızı sorğulayır. Bunun isə ən gözəl yolu səbirdir.

Səbir hər qapının açarıdır. Allaha imanımızı, xoş niyyətimizi və dualarımızı əskik etməyək ki, Allah bizi bu sınaqdan üzüağ çıxarsın.

 


Aminə Süleymanova

Paraqraf.com

Loading