Ukrayna liderinə qarşı təzyiqlər artsa da, rəsmi Kiyev Ağ Ev sahibinə savaşın taleyini yalnız prezidentin dəyişdirilməsi ilə həll etməyin mümkün olmadığının mesajını verir… Çünki rəsmi Kiyevə təklif olunacaq sülh şərtlərinin Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və gələcək təhlükəsizliyinə təminat verib-verməyəcəyi həlledici xarakter daşıyacaq…
ABŞ prezidenti Donald Tramp aralıq seçkilərində məğlubiyyət təhlükəsinin təzyiqi altında addımlar atmağa başlayıb. Belə ki, ABŞ-da enerji resurslarının sürətlə bahalaşması respublikaçıları seçki məğlubiyyətinə doğru sürükləyir. Ona görə də, Ağ Ev sahibi Donald Tramp mümkün çıxış yollarından biri kimi, ABŞ-ın əsas qlobal rəqibi Rusiyanın prezident Vladimir Putin ilə “dizel anlaşması”na məcbur qaldı. Və Rusiya prezidenti Vladimir Putinin Ağ Ev sahibindən bunun qarşılığında nə tələb etdiyi də artıq aydınlaşmağa başlayıb.
Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp bir tərəfdən, Ukraynaya Rusiyanin enerji infrastrukturuna hərbi zərbələrin dayandırılması üçün təzyiq göstərir. Digər tərəfdən isə Ukraynada yeni prezidentin seçilməsinin vaxtının çatdığını iddia edir. Bu iki məsələnin də Rusiyanın maraqlarına cavab verdiyi qətiyyən şübhə doğurmur. Çünki, prezident Vladimir Putin bu barədə dəfələrlə bəyanatlar verib.
Ona görə də, Ağ Ev sahibinin indi prezident Volodimir Zelenskini faktiki olaraq, hakimiyyətdən getməyə çağırması ABŞ və Ukrayna arasında yeni gərginlik mərhələsinə yol açıb. Nə qədər qəribə də olsa, prezident Donald Tramp Ukrayna liderini Rusiya ilə müharibəni dayandırmaq üçün yaradılan imkanlardan istifadə etməməkdə ittiham edir. Və bu o deməkdir ki, əslində, Ağ Ev sahibi prezident Volodimir Zelenskini Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən imtina etməməkdə suçlayır.
Digər tərəfdən, Ağ Ev sahibi “Ukraynaya yeni prezident lazımdır” iddiasını rəsmi Kiyevin Rusiyanın enerji infrastrukturuna hərbi zərbələri davam etdirməsi ilə arqumentləşdirməyə çalışır. Yəni, onun Ukraynaya qarşı sərt bəyanatlarının arxasında sülh istəyinin olduğu ciddi şübhə doğurur. Əksinə, burada məhz ABŞ-ın enerji maraqlarının, Rusiyaya qarşı sanksiyaların və müharibənin Ağ Ev üçün artan “siyasi-iqtisadi xərclər”inin ön planda dayandığını anlamaq qətiyyən çətin deyil.
Təbii ki, Ağ Ev sahibi Donald Trampın “Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb. Mən sövdələşmə bağlaya biləcək yeni lider tapmağı təklif edirəm”, – deməsi prezident Volodimir Zelenskiyə qarşı ağır siyasi zərbədir. Onun Ukraynanın böyük ərazi və insan itkilərini indiki siyasi rəhbərliyin uğursuzluğunun göstəricisi kimi təqdim etməsi isə Rusiyanın işğalçılığına haqq qazandırmaq, legitimləşdirmək deməkdir. Yəni, prezident Donald Tramp Ukrayna qarşı işğalçı savaşın davam etməsinə görə məsuliyyəti Kremlin deyil, məhz Kiyevin üzərinə yükləməyə çalışır.
Ancaq onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti nə qədər israrla tələb etsə də, Ukraynada hərbi vəziyyət dövründə prezident seçkilərinin keçirilməsi qanunla qadağandır. Ukrayna parlamentinin 2026-cı ilin mayında müzakirə etdiyi hüquqi məsələlər üzrə də hərbi vəziyyət şəraitində seçkilərin mümkün olmadığı qənaəti ifadə edilib. Deməli, Ağ Ev sahibi Donald Trampın çağırışı yaxın perspektivdə reallaşması mümkün ola biləcək siyasi tələb deyil.
Ona görə də, prezident Donald Trampın bəyanatına Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sərt şəkildə münasibət bildirib. O, prezident Volodimir Zelenskinin Ukrayna xalqının dəstəyinə malik olduğunu vurğulayıb. Eyni zamanda, Ağ Ev sahibinə Ukraynanın gələcəyini müəyyənləşdirmək hüququnun məhz bu ölkənin vətəndaşlarına məxsus olduğunu da xatırladıb. Yəni, rəsmi Kiyev ABŞ-ın siyasi təzyiqləri qarşısında Ukrayna prezidentinin legitimliyi məsələsində geri çəkilmək niyyətində olmadığını göstərir.
Ancaq müşahidələr onu göstərir ki, Ağ Evin mövqeyi ilə Ukraynanın Avropadakı əsas müttəfiqlərinin yanaşması arasında olduqca ciddi fərqlər qalır. Belə ki, Ağ Ev sahibi Rusiya ilə razılaşma imkanlarını ön plana çəkdiyi halda, Böyük Britaniya Kremlə qarşı hərbi və iqtisadi təzyiqlərin artırılmasının vacibliyini vurğulayır. Və Rusiyaya qarşı iqtisadi-ticari sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarı olan əksər Avropa ölkələri Rusiyaya dizel yanacağını dünya bazarlarına çıxartmaq imkanı verilməsinin yolverilməz olduğu qənaətindədirlər. Çünki Ukrayna və Avropa ölkələri hesab edirlər ki, bu, Rusiyanın enerji gəlirlərini artıraraq, Kremlin savaş imkanlarını daha da gücləndirə bilər.
Təbii ki, Ağ Ev sahibi Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı təzyiqləri Rusiya üçün əlverişli siyasi situasiya yaradır. Belə ki, ABŞ-ın Ukraynaya təzyiq göstərməsi kollektiv Qərbin vahid mövqeyinə şübhələri artırır və bu, Kremlə Ağ Ev ilə danışıqlarda əlavə manevr imkanları da verə bilər. Ancaq rəsmi Kiyevin sərt mövqeyi Ukrayna və Rusiya arasında sülh sazişinin imzalanma ehtimalının yaxınlaşdığı anlamına gəlmədiyini də göstərir.
Göründüyü kimi, ABŞ-Rusiya enerji razılaşması və Ağ Ev sahibinin Ukrayna prezidenti Volodimir Zelenskinin siyasi gələcəyinə yönəlik neqativ açıqlamaları arasında birbaşa bağlantılar mövcuddur. Ağ Ev Ukrayna savaşının neqativ iqtisadi nəticələrini azaltmaq, rəsmi Kiyevi güzəştlərə sövq etmək və danışıqlar prosesində öz şərtlərini qəbul etdirmək istəyir. Ancaq bu cəhdlərin uğuru Rusiyanın hansı güzəştlərə hazır olacağından və Ukraynanın təhlükəsizlik təminatları olmadan razılaşmaya gedib-getməyəcəyindən asılıdır.
Çünki Ukrayna liderinə qarşı təzyiqlər artsa da, rəsmi Kiyev Ağ Ev sahibinə savaşın taleyini yalnız prezidentin dəyişməsi ilə həll etməyin mümkün olmadığı mesajını verir. Ona görə də, indi əsas məsələ Ağ Evin rəsmi Kiyevi hansı sülh şərtlərinə razı salmağa çalışdığı böyük önəm daşıyır. Bu baxımdan, həmin şərtlərin Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və gələcək təhlükəsizliyinə təminat verib-verməyəcəyi həlledici faktorların sırasına daxildir. Halbuki, hazırda hələlik belə təəssürat yaranır ki, Rusiya ABŞ-dan Ukrayna və prezident Volodimir Zelenskini “vahid paket” kimi istəyir. Və Ağ Ev Kremlin bu istəyi ilə böyük ölçüdə razılaşmış kimi görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
![]()

