19 Okt 2026, Be

Şəmil Sadiq: “Nəşriyyat yaşaya bilmirsə, müəllif də qazanmır”

PAYLAŞIN:

Son dövrlər Azərbaycanda nəşriyyatların fəaliyyəti, müəlliflərlə münasibətləri, kitabların nəşri və satışı prosesində şəffaflıq məsələləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi hallarda müəllif hüquqlarının kifayət qədər qorunmadığı, nəşriyyatların isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi bildirilir.

Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədri, dosent Şəmil Sadiq “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycanda nəşriyyatların vəziyyəti və müəllif hüquqları barədə danışarkən ilk növbədə bir suala cavab vermək lazımdır: nəşriyyatlar hansı şəraitdə fəaliyyət göstərir? Kitabın az alındığı, tirajların aşağı olduğu, bölgələrdə kitab mağazalarının çatışmadığı bir mühitdə həm nəşriyyatların, həm də müəlliflərin imkanları məhdudlaşır:

“Ona görə problemi yalnız nəşriyyat–müəllif münasibətlərində axtarmaqla mənzərəni bütöv görə bilmərik. Biz illərdir müxtəlif bölgələrdə kitab sərgiləri keçiririk. Bu tədbirlər həm kitab satışı, həm də mütaliənin təşviqi baxımından əhəmiyyətlidir. Lakin təşkil etdiyimiz sərgilər üçün maddi dəstək tapmaq bir yana, bəzən yerli qurumlardan adi icazəni almaq belə ciddi çətinliyə çevrilir. Bir qurum digərindən razılıq istəyir, digəri isə bizi başqa ünvana yönləndirir. Kitabı oxucuya çatdırmağa sərf etməli olduğumuz vaxtı və enerjini təşkilati maneələrin aradan qaldırılmasına xərcləyirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, dövlət kitabxanaları üçün kitab alışları nəşriyyatların fəaliyyətinə daha güclü dəstək ola bilər. Lakin mövcud təcrübədə bir nəşriyyatın il ərzində nəşr etdiyi beş-altı adda kitabın hər birindən cəmi 50–60, bəzən isə 100 nüsxə alınması halları ilə qarşılaşılır.

“Belə həcmdə sifarişlə nəşriyyatı saxlamaq, yeni kitablar hazırlamaq, müəllifə qonorar vermək və peşəkar komanda formalaşdırmaq çox çətindir”, – deyə o qeyd edib.

Ş.Sadiq bildirib ki, kənardan maliyyə dəstəyi alan, öz mətbəəsi olan və ya müxtəlif layihələrdə iştirak edən nəşriyyatların imkanları nisbətən genişdir.

“Yalnız bədii kitab satışından əldə etdiyi gəlirlə ayaqda qalmağa çalışan nəşriyyatlar isə ciddi çətinliklərlə üzləşir. Əsas məsələlərdən biri tirajdır. Kitab 300–500 nüsxə çap ediləndə redaktə, korrektə, tərcümə, dizayn və digər hazırlıq xərcləri az sayda nüsxənin üzərinə bölünür. Nəticədə bir kitabın maya dəyəri yüksəlir. Kitab bahalaşdıqca onu almaq çətinləşir, satış zəiflədikcə növbəti kitabın tirajı da aşağı düşür. Beləcə, həm nəşriyyat, həm müəllif, həm də oxucu eyni problemin içində qalır”.

Assosiasiya sədri müəllif hüquqlarının qorunmaması ilə bağlı məsələlərə də münasibət bildirib.

“Müəllif hüquqları ilə bağlı iradlara konkret faktlar əsasında yanaşılmalıdır. Müəllifin hüququ pozulubsa, buna haqq qazandırmaq olmaz. Nəşriyyatın maliyyə çətinliyi onun müəllif qarşısındakı öhdəliklərini aradan qaldırmır. Amma ayrı-ayrı hallardan çıxış edərək bütün nəşriyyatları ittiham etmək də ədalətli deyil. Müşahidələrimə görə, son illər müəlliflərlə müqavilələrin bağlanması, əməkdaşlıq münasibətlərinin qurulması və yeni imzaların tanıdılması istiqamətində irəliləyiş var. Nəşriyyatlar bu işə əmək və vəsait sərf edirlər.

Burada iki məsələni fərqləndirməliyik: müəllif hüququnun pozulması və kitab bazarının müəllifə yetərli qazanc gətirməməsi. Bunlar bir-biri ilə əlaqəli ola bilər, amma eyni məsələ deyil. Müəllif kitab yazır və əməyinə görə qonorar almalıdır. Nəşriyyatın həmin qonorarları ödəyə bilməsi üçün isə işlək satış sistemi və davamlı gəlir olmalıdır. Bir neçə yüz nüsxəlik satış çox vaxt nə müəllifə layiqli qazanc gətirir, nə də nəşriyyatın inkişafına imkan yaradır”.

Şəmil Sadiq kitabların oxucuya çatdırılması məsələsinin də ciddi problem olduğunu vurğulayıb:

“Bölgələrimizdə kitab mağazalarının çatışmazlığı ciddi boşluq yaradır. Bakıda fəaliyyət göstərən məhdud sayda mağaza və mağaza şəbəkəsi ilə bütün ölkənin kitab bazarını inkişaf etdirmək mümkün deyil. Kitab oxucunun gündəlik həyatında əlçatan olmalıdır. Bölgədə yaşayan insan kitab almaq üçün sərginin keçiriləcəyi günü gözləməməlidir.

Məktəblərlə nəşriyyatlar arasında davamlı əməkdaşlıq imkanları da genişlənməlidir. Yaşa uyğun kitabların təqdimatı, müəllif görüşləri, oxu saatları, müzakirələr və mütaliə müsabiqələri uşaqların kitabla münasibətini gücləndirə bilər. Ayrı-ayrı təşəbbüslərin olması kifayət etmir, bu iş davamlı və sistemli xarakter almalıdır. Məqsəd yalnız kitab satmaq deyil, oxumağa marağı olan yeni nəsil yetişdirməkdir.

Oxu savadlılığı ilə bağlı narahatlıqlar da məsələyə bu tərəfdən yanaşmağı tələb edir. Uşağın mətni oxuması, anlaması, şərh etməsi və nəticə çıxarması üçün kitabla davamlı təması olmalıdır. Mütaliə vərdişi formalaşmadan gələcəyin oxucusunu, deməli, gələcəyin kitab bazarını da yarada bilmərik”, – deyə o qeyd edib.

Şəmil Sadiq nəşriyyatların marketinq imkanlarının da məhdud olduğunu bildirib.

“Müəllif haqlı olaraq kitabının tanıdılmasını, reklam edilməsini və geniş auditoriyaya çatdırılmasını istəyir. Ancaq 500 və ya 1000 nüsxə kitab çap edən nəşriyyatın həmin kitabın reklamına, məsələn, 1000 manat ayırması mümkün deyil. Tanıtıma vəsait çatmır, kitab az tanınır, satış aşağı olur və növbəti tanıtım üçün də büdcə yaranmır.

Bütün bunlara baxmayaraq, son beş ildə müəyyən canlanma da müşahidə edirəm. Yeni nəşriyyatlar yaranır, uşaq ədəbiyyatına maraq artır, müxtəlif mövzularda kitablar hazırlanır. Bu əməyin görünməsi vacibdir. Lakin ayrı-ayrı nəşriyyatların təşəbbüsü və fədakarlığı bütöv sistemin problemlərini həll etməyə yetmir.

Mən həm Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, həm də nəşriyyat sahibi kimi bu çətinlikləri içəridən görürəm. Açıq deyim: mənim üçün nəşriyyat artıq biznes olaraq əsas əhəmiyyətini itirib. Onu daha çox kitaba bağlılığıma, marağıma və bu işi yaşatmaq istəyimə görə davam etdirirəm. Ancaq bir sahənin gələcəyini insanların şəxsi həvəsinə bağlamaq olmaz. Nəşriyyat öz gəliri ilə yaşaya, əməkdaşına maaş, müəllifinə qonorar verə bilməlidir”.

Assosiasiya sədri bildirib ki, on beş-iyirmi ildir kitabçılığın inkişafı üçün çalışırlar, lakin arzulanan nəticələrin əldə olunmaması həm müəlliflərin, həm də nəşriyyatların narazılığına səbəb olur:

“İstədiyimiz nəticəni ala bilməyəndə müəllif də narazı qalır, nəşriyyat da. Halbuki sağlam münasibətdə nəşriyyat müəllifə kitab sifariş etməli və ya onun hazır əsərini müqavilə əsasında, qonorar ödəməklə nəşr etməlidir. Bizdə isə müəllif çox vaxt kitabının çapına öz cibindən vəsait ayırır, sonra da həmin kitabı özü satmaq məcburiyyətində qalır. Müəllif həm yazır, həm çap xərcini ödəyir, həm reklam edir, həm də satır. Bu yükün hamısını onun üzərinə qoymaqla peşəkar ədəbiyyat mühiti qurmaq çətindir.

Çıxış yolu kitab alışlarının genişləndirilməsindən, kitabxana fondlarının müntəzəm yenilənməsindən, bölgələrdə satış və paylama imkanlarının yaradılmasından, sərgilərin təşkilinə dəstəkdən və məktəblərdə davamlı mütaliə proqramlarından keçir. Bunlarla yanaşı, nəşriyyat–müəllif münasibətlərində şəffaf müqavilə və hesabatlılıq da güclənməlidir.

Müəllif hüququ qorunmalı, müəllif əməyinin qarşılığını almalı, nəşriyyat isə yaşamaq və inkişaf etmək imkanına sahib olmalıdır. Bunun üçün kitabı hazırlayanla kifayət qədər maraqlandığımız kimi, onu kimin, haradan və hansı imkanla alacağı barədə də düşünməliyik. Oxucunu artırmadan, kitabı əlçatan etmədən və satış sistemini gücləndirmədən nə müəllifin, nə də nəşriyyatın problemini əsaslı şəkildə həll edə bilərik”, – deyə Şəmil Sadiq vurğulayıb.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading