Hər dövrün öz qanunları, hər nəslin öz baxış bucağı var. Amma nəsillər dəyişdikcə dəyişməyən, əksinə, zaman keçdikcə daha da kəskinləşən bir sual həmişə aktual qalır: Analar və qızlar niyə tez-tez fikir ayrılığı yaşayırlar?
Əslində, hərə öz həqiqətinin zirvəsindən baxır. Analardan soruşsaq, övladlarını dəlicəsinə sevdiklərini, onları gələcəyə daha inamlı, güclü və cəmiyyətə faydalı fərdlər kimi hazırlamaq istədiklərini bildirərlər. Qızlardan soruşsaq isə, analarının onları başa düşmədiyini, şəxsi sərhədlərini pozduğunu və gələcək planlarını məhv etdiyini eşidərik. Bu, yeni cəmiyyətin, fərqli düşüncə tərzinin formalaşdırdığı reallıqdır.
Keçmişə nəzər salaq. Biz öz analarımızla münasibətimizdə belə idikmi? Xeyr. O zaman analarımızın sözü kağıza vurulmuş möhür kimi qanun idi. O sözdən kənara çıxmaq dövlət qanununu pozmaqla eyni çəkidə idi. Bilirdik ki, analarımız nə edirsə, bizim yaxşılığımız üçündür. Peşə seçimizdə də, həyat yolumuzda da onlar yanımızda idilər və biz onların sevindiyini görəndə dünyanın ən xoşbəxt insanı olurduq.
İndiki mənzərə isə tam başqadır. Müasir qızlar hər şeyi analarından daha yaxşı bildiklərini zənn edirlər. İndi “möhür” onların öz ağızlarından çıxır və onları bu fikirdən döndərmək demək olar ki, mümkünsüzdür. Analar isə daxilən yorulub əldən düşürlər. Onlar övladlarının gələcəyi, cəmiyyətə verəcəkləri töhfələr barədə düşünərkən, qarşılarında qəribə bir müdafiə mexanizmi – sanki hər an hücuma keçməyə hazırocaq şəxsiyyət görürlər. Qızlar elə səlis arqumentlərlə danışırlar ki, ana bir anlıq özünü günahkar hiss edir.
Bəs bu uçurumu necə qapatmalı? Analar bu məqamda əsl psixoloq olmalıdırlar. Övladın daxili ruhuna toxunmaq lazımdır. Əgər o ruha yol tapa bilsənsə, sanki yumağın ucunu tutmuş kimi hər şeyi qaydasına qoya bilərsən. Yox, əgər toxuna bilməsənsə, o sapın ucunu heç vaxt yaxalaya bilməzsən.
Qızlarımızı sevək! Onlar bunu dərk etməsələr də sevək, hər zaman daxilimizdə onları müdafiə edək. Çünki onlar ilk dəfə dünyaya göz açanda “ana” deyəni, ilk sığınacaq yeri olaraq məhz bizi seçiblər. Üzdən istəməsələr də, ən çətin anlarında yenə ana nəvazişinə və dəstəyinə möhtacdırlar. İndi onlar qabığındakı tırtıla bənzəyirlər; sərt, zirehli və əlçatmaz. Amma gün gələcək, o qabığı yarıb kəpənəyə dönəcəklər. Azadlığın nəfəsini ciyərlərinə çəkəndə anlayacaqlar ki, ana haqlı imiş, ana onları məhz elə bu azadlıq və işıqlı gələcək üçün qoruyurmuş.
O zaman gəlin çox gec olmadan övladlarımızın əlindən möhkəm tutaq. Onlara deyək:
“Biz sizi qoruduq, indi azadsınız, uça bilərsiniz. Sən artıq güclü, iradəli ananın əllərindən çıxan kəpənəksən. Yaşa, amma öz növbəndə sən də öz qızını qoru”.
Milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə ötürək. Çünki bu, bizə keçmişdən qalan ən müqəddəs əmanətdir, əmanətə isə heç vaxt xəyanət oluna bilməz.
Nuridə Allahverdiyeva
Paraqraf.com
![]()

