Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Müəllimlərin peşə sağlamlığı: risklər, profilaktika və erkən diaqnostika” mövzusunda keçirilən seminarda müəllimlərin gündəlik iş rejiminin səs, dayaq-hərəkət sistemi və damar sağlamlığına təsiri müzakirə olunub.
Tədbirdə Olimp Hospitalın mütəxəssisləri – LOR həkimi, üz-çənə cərrahı Qəhrəman Qəhrəmanov, travmatoloq-ortoped Nicat Səttarov və fleboloq-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əsgərov çıxış ediblər.
Həkimlər müəllimlərin peşə fəaliyyəti zamanı qarşılaşa biləcəyi sağlamlıq problemləri, onların yaranma səbəbləri və profilaktikası barədə məlumat veriblər. Çıxışlarda səsin intensiv istifadəsindən yaranan problemlər, oturaq həyat tərzinin və uzun müddət ayaqüstə qalmağın dayaq-hərəkət sisteminə təsiri, bel, boyun və oynaq ağrıları, eləcə də venoz qan dövranı pozuntuları və varikoz xəstəliyinin əlamətləri diqqətə çatdırılıb.
Seminar interaktiv formatda davam edib. Müəllimlər həkimlərə suallar ünvanlayıb, gündəlik iş həyatında qarşılaşdıqları sağlamlıq problemləri barədə fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində müəllimlər üçün ödənişsiz profilaktik tibbi müayinələr də təşkil olunub. Müayinələrin keçirilməsində əsas məqsəd sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və mümkün problemlərin erkən mərhələdə aşkarlanmasının əhəmiyyətinə diqqət çəkmək olub.
Qeyd olunub ki, Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşəbbüsü müəllimlərin sağlamlığının qorunmasına, peşə sağlamlığı sahəsində tibbi maarifləndirmənin və profilaktik yanaşmanın təşviqinə xidmət edir.



![]()

