“Azərbaycanın 2026-cı il dekabrın 14-15-də ABŞ-da keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması, şübhəsiz ki, diqqətəlayiq diplomatik hadisədir. Lakin bu hadisənin əhəmiyyətini yalnız Azərbaycanın dünyanın aparıcı iqtisadiyyatlarının liderlərinin iştirak etdiyi mötəbər platformaya dəvət olunması faktı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Məsələnin daha mühüm tərəfi ondan ibarətdir ki, Vaşinqton Azərbaycanın hansı xüsusiyyətlərini qlobal səviyyəli iqtisadi-siyasi dialoq üçün əhəmiyyətli hesab edir? Bu sualın cavabı Azərbaycanın iqtisadi göstəricilərindən daha çox onun son illərdə qazandığı geoiqtisadi və geosiyasi funksional əhəmiyyətində axtarılmalıdır”.
Bu fikirləri deputat Elçin Mirzəbəyli deyib.

Deputat G20-nin 2026-cı il sammitinin Mayamidə keçiriləcəyini xatırladaraq bildirib ki, Azərbaycan ABŞ sədrliyi dövründə sammitə dəvət olunan tərəfdaş ölkələr sırasındadır: “Dəvət olunan dövlətlərin siyahısının özü də müəyyən mənzərə yaradır: burada Mərkəzi Asiya, Avropa və Yaxın Şərq ölkələri ilə yanaşı, Azərbaycanın da yer alması Vaşinqtonun G20-ni yalnız ənənəvi iqtisadi güclərin qapalı müzakirə platforması kimi deyil, daha geniş beynəlxalq tərəfdaşlıq mexanizmi kimi təqdim etmək niyyətini göstərir. Sammitin dekabrın 14-15-də Doralda keçirilməsi də artıq rəsmi G20 məlumatlarında təsdiqlənib. Azərbaycanın dəvətinin məhz bu kontekstdə qiymətləndirilməsi vacibdir. Beynəlxalq münasibətlər sistemində dövlətlərin çəkisi yalnız iqtisadi potensialla müəyyənləşmir. Bəzi ölkələrin əhəmiyyəti onların yerləşdiyi coğrafiyanın yaratdığı imkanlardan, enerji və nəqliyyat infrastrukturundan, regional proseslərə təsir imkanlarından və müxtəlif siyasi-iqtisadi mərkəzlərlə əlaqələr qurmaq qabiliyyətindən irəli gəlir. Azərbaycan son illərdə məhz belə bir funksional rol qazanıb. Ölkənin coğrafi mövqeyi Xəzər hövzəsini Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm bağlantı məkanı yaradır. Lakin coğrafiyanın özü hələ geosiyasi üstünlük demək deyil. Bu üstünlüyü əhəmiyyətli edən Azərbaycanın həmin coğrafiyanı enerji, nəqliyyat, logistika və siyasi əməkdaşlıq layihələri ilə real infrastruktura çevirməsidir. Başqa sözlə, Azərbaycan artıq yalnız marşrut üzərində yerləşən ölkə deyil; marşrutların formalaşmasına təsir göstərən ölkələrdən birinə çevrilir. Məhz bu fərq G20 dəvətinin mahiyyətini anlamaq üçün əsas məqamlardan biridir”.
E.Mirzəbəyli hesab edir ki, son illərdə beynəlxalq iqtisadi sistemin mühüm xüsusiyyətlərindən biri təchizat zəncirlərinin şaxələndirilməsi və alternativ nəqliyyat marşrutlarına ehtiyacın artmasıdır: “Bu proses Azərbaycanın geoiqtisadi əhəmiyyətini obyektiv şəkildə artırır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz – Çin və Mərkəzi Asiyadan Xəzər üzərindən Azərbaycan, daha sonra Gürcüstan, Türkiyə və Avropa istiqamətində uzanan bağlantı sistemi kimi Bakı üçün yalnız tranzit layihəsi deyil. Bu marşrut Azərbaycanın Şərq-Qərb iqtisadi əlaqələrinin mühüm qovşaqlarından birinə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır. ABŞ-Azərbaycan münasibətlərinin 2026-cı ilin fevralında rəsmiləşdirilmiş Strateji Tərəfdaşlıq Xartiyasında da Transxəzər nəqliyyat dəhlizi ayrıca istiqamət kimi göstərilir. Sənəddə regional bağlantı, enerji və məlumat bağlantısı, ticarət və tranzit, multimodal logistika ilə yanaşı TRIPP layihəsinin də əhəmiyyəti vurğulanır. Bu fakt mühüm bir məqamı ortaya qoyur: Azərbaycanın nəqliyyat imkanları artıq yalnız regional iqtisadi layihə kimi deyil, ABŞ-la strateji tərəfdaşlığın ayrıca komponenti kimi nəzərdən keçirilir. Deməli, G20 dəvətini Orta Dəhlizdən kənarda təsəvvür etmək çətindir”.

Deputat xüsusi vurğulayıb ki, bu xüsusda TRIPP xüsusi əhəmiyyət daşıyır: “2025-ci ilin Vaşinqton razılaşması siyasi baxımdan Cənubi Qafqazda yeni mərhələnin əsasını qoydusa, TRIPP həmin siyasi dəyişikliklərin iqtisadi və logistika komponentidir. Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında isə bu bağlantı Orta Dəhliz, enerji, data, ticarət və tranzitlə eyni çərçivədə təqdim olunur. Beləliklə, Azərbaycan məsələsi Vaşinqton üçün təkcə Cənubi Qafqaz məsələsi olmaqdan çıxır. Söhbət artıq Cənubi Qafqaz vasitəsilə Avrasiya bağlantılarının yeni arxitekturasından gedir. Azərbaycan-ABŞ münasibətlərində son iki ildə müşahidə olunan dəyişiklik də G20 dəvətinin siyasi kontekstini anlamağa imkan verir. Məlum olduğu kimi, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun yaradılması barədə memorandum imzalanıb və bu proses sonradan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına, həmçinin qüvvəyə minməsinə gətirib çıxarıb. Xartiyada regional bağlantı, investisiya, enerji, texnologiya və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu, münasibətlərin strukturunda ciddi dəyişiklikdir. Əvvəlki mərhələlərdə Azərbaycan-ABŞ münasibətlərinin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi və regional təhlükəsizlik idisə, hazırkı mərhələdə gündəm daha genişdir. Enerji ilə yanaşı logistika, rəqəmsal bağlantı, investisiya, nəqliyyat və regional iqtisadi inteqrasiya da ikitərəfli strateji münasibətlərin tərkib hissəsinə çevrilir. Bu mənada G20 dəvəti münasibətlərin ayrıca hadisəsi deyil, dəyişən strateji münasibətlər sisteminin xarici təzahürlərindən biri kimi qiymətləndirilə bilər”.
Milli Məclisin üzvü hesab edir ki, lakin məsələni yalnız Vaşinqton-Bakı münasibətləri ilə izah etmək də birtərəfli yanaşma olardı: “Azərbaycanın beynəlxalq siyasətdə qazandığı əlavə manevr imkanlarının mühüm səbəblərindən biri onun müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qurmasıdır. Bakı Türkiyə ilə müttəfiqlik münasibətlərini inkişaf etdirir, Rusiya ilə siyasi və iqtisadi əlaqələri saxlayır, Çinlə əməkdaşlığı genişləndirir, Avropa ilə enerji və nəqliyyat sahələrində tərəfdaşlıq edir, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini dərinləşdirir, Körfəz ölkələri ilə iqtisadi və investisiya əlaqələrini artırır. Bu siyasətin mahiyyətini sadəcə balanslaşdırma anlayışı ilə izah etmək də yetərli deyil. Azərbaycanın yanaşmasının daha mühüm xüsusiyyəti müxtəlif istiqamətləri bir-birini istisna edən seçimlərə çevirməməsidir. Bu modelin arxasında konkret geosiyasi məntiq dayanır. Azərbaycanın coğrafi mövqeyi onu müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi məkana çevirir və Bakı bu vəziyyəti qarşıdurma mənbəyindən daha çox əməkdaşlıq imkanına çevirməyə çalışır. Qənaətimə görə, Azərbaycanın müxtəlif mərkəzlərlə münasibətlərinin paralel inkişafı onun Vaşinqton üçün də ayrıca əhəmiyyətini artıran amillərdən biridir. Məsələnin digər mühüm tərəfi Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin paraflanması, eləcə də TRIPP üzrə razılaşmalar regionun gündəliyində yeni mərhələ yaradıb. 2026-cı ilin avqustunda Azərbaycan və ABŞ prezidentlərinin telefon danışığında da regionda sülh və sabitliyin qorunması, Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələrinin inkişafı ayrıca qeyd edilib. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, sülh artıq yalnız siyasi-hüquqi kateqoriya kimi nəzərdən keçirilmir. Sülhün davamlılığının iqtisadi əsaslarının yaradılması məsələsi ön plana çıxır. Bu baxımdan Azərbaycan üçün postmünaqişə mərhələsinin əsas istiqamətlərindən biri Qarabağın və Şərqi Zəngəzurun bərpası olduğu halda, daha geniş regional kontekstdə məqsəd Cənubi Qafqazı nəqliyyat, ticarət, enerji və investisiya əlaqələrinin bir hissəsinə çevirməkdir. Vaşinqtonun bu prosesə marağı da məhz burada izah oluna bilər. Çünki siyasi sabitliklə iqtisadi bağlantı bir-birindən ayrılmaz məsələlərə çevrilir. Azərbaycan isə bu iki prosesin kəsişməsində yerləşir”.

E.Mirzəbəylinin fikrincə, Azərbaycanın G20-yə dəvət olunması özü-özlüyündə son nəticə deyil: “Əksinə, bu, yeni imkanların açılması deməkdir. Bakının qarşısında duran əsas məsələ həmin platformada özünün artan funksional əhəmiyyətini konkret əməkdaşlıq istiqamətlərinə çevirməkdir. Burada bir neşə amil xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Avropanın enerji təminatındakı rolu və enerji infrastrukturunun genişləndirilməsi ölkənin qlobal enerji gündəliyində təqdim edə biləcəyi əsas imkanlardan biridir. Eyni zamanda Orta Dəhliz və TRIPP Azərbaycanı Asiya ilə Avropa arasında yeni bağlantıların mühüm elementlərindən birinə çevirə bilər. Azərbaycan Cənubi Qafqazda siyasi qarşıdurma mərhələsindən iqtisadi əməkdaşlıq mərhələsinə keçidin əsas iştirakçılarından biri və birincisi olması da bu amillər arasında mühüm yer tutur. Bütün bunlarla yanaşı, ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının enerji və nəqliyyatla yanaşı texnologiya, data bağlantısı və özəl sektor əməkdaşlığına da diqqət yetirməsi göstərir ki, tərəfdaşlığın iqtisadi çərçivəsi artıq ənənəvi enerji gündəliyindən daha genişdir. Deməli, Azərbaycanın G20-də əsas kapitalı yalnız danışmaq hüququ deyil. Əsas kapital təklif edə biləcəyi bağlantı və əməkdaşlıq imkanlarıdır. Bu hadisənin daha geniş siyasi mənası isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində necə qəbul edilməsindəki dəyişikliklə bağlıdır. Azərbaycan öz potensialına və yürütdüyü siyasətin mahiyyətinə görə, “Cənubi Qafqaz ölkəsi” kimi təqdim edilə biləcək coğrafi kateqoriyaya sığmır. Ölkəmizin iştirak etdiyi proseslərin coğrafiyası Cənubi Qafqazın sərhədlərini aşır. Xəzər dənizi, Mərkəzi Asiya, Türkiyə, Avropa, Yaxın Şərq və Şərqi Asiya ilə əlaqələr Azərbaycanın xarici siyasət gündəmini daha geniş Avrasiya kontekstinə çıxarır. G20 dəvətinin əhəmiyyəti də məhz bu nöqtədə üzə çıxır. Vaşinqton Azərbaycanın ən üstün keyfiyyətini – bağlantı yaratmaq qabiliyyətini nəzərə alır. Bu, məncə, məsələnin ən mühüm tərəfidir. Azərbaycanın əhəmiyyəti onun dünya iqtisadiyyatında hansı faiz paya malik olması ilə deyil, müxtəlif iqtisadi və siyasi sistemlərin kəsişməsində hansı funksiyanı yerinə yetirə bilməsi ilə ölçülür. Bu baxımdan G20 dəvəti Azərbaycan üçün yalnız diplomatik prestij məsələsindən daha çox ölkənin geosiyasi kapitalının iqtisadi kapitala çevrilməsi üçün yeni platformadır”.
E.Mirzəbəyli əmindir ki, Azərbaycanın G20 Liderlər Sammitinə dəvət olunması önəmli bir reallığı nümayiş etdirir: “Azərbaycanın əhəmiyyəti onun yerləşdiyi regionun sərhədlərini dəfələrlə aşan geoiqtisadi funksiyaya çevrilməkdədir. Vaşinqtonun Bakıya münasibətində son dövrdə baş verən dəyişiklik, TRIPP və Orta Dəhliz ətrafında formalaşan yeni bağlantı gündəliyi, enerji təhlükəsizliyi, Cənubi Qafqazda sülh prosesinin iqtisadi məzmun qazanması və Azərbaycanın müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər saxlamaq imkanları bu dəvətin arxasındakı əsas istiqamətləri təşkil edir. Əsas məsələ Bakının özünün artan geosiyasi çəkisini konkret nəqliyyat marşrutlarına, investisiya layihələrinə, enerji əməkdaşlığına, texnoloji tərəfdaşlıqlara və regional iqtisadi inteqrasiyaya nə dərəcədə çevirə bilməsidir”.
Paraqraf.com
![]()

