Ermənistanın daxili siyasi gündəmində Azərbaycanla bağlı ərazi məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, parlamentdəki “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan hökumətin Tavuş istiqamətində, Kərki kəndinə qədər uzanan bəzi əraziləri Azərbaycana təhvil verməyə hazırlaşdığını iddia edib.
Saqatelyan konkret olaraq hansı ərazilərin nəzərdə tutulduğunu açıqlamayıb. Bununla belə, onun açıqlamasının Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı olduğu ehtimal edilir.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl Kərki də daxil olmaqla sözügedən ərazilərin Azərbaycana məxsus olduğunu bildirib.
İddia Ermənistan daxilində Azərbaycanla sərhəd məsələsinin yenidən siyasi müzakirələrin mərkəzinə gəldiyini göstərir. Xüsusilə sərhədyanı ərazilərin və anklavların statusu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində diqqət çəkən məsələlərdən biri olaraq qalır.
Ermənistan hökumətinin Kərkiyə qədər olan ərazilərin Azərbaycana qaytarılması ilə bağlı real planı varmı və belə bir addım Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərə bilər?

Politoloq Züriyə Qarayeva Musavat.com-a dedi ki, hazırda İşxan Saqatelyanın açıqlamasını Ermənistan hökumətinin artıq qəbul etdiyi konkret qərar kimi təqdim etmək üçün kifayət qədər açıq məlumat yoxdur: “Onun 22 sentyabr açıqlaması müxalifət deputatının iddiasıdır və Saqatelyan özü də hansı ərazilərin nəzərdə tutulduğunu dəqiqləşdirməyib. Bununla yanaşı, Paşinyanın son açıqlamaları məsələnin siyasi-hüquqi bazasının formalaşdığını göstərir. Avqustda o, Kərki, Barxudarlı və Yuxarı Əskiparanın Ermənistanın 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını, delimitasiyanın 1991-ci il Alma-Ata bəyannaməsi və müvafiq sovet dövrü xəritələri əsasında davam etdirilməli olduğunu bildirib. Sentyabrın 17-də isə anklavların Ermənistan ərazisinə daxil olmadığını yenidən vurğulayıb. Buna görə kəndlərin Azərbaycana qaytarılması perspektivi real müzakirə predmetidir, amma bunun vaxtı, ardıcıllığı və praktiki mexanizmi barədə hələ rəsmi qərar açıqlanmayıb”.
Politoloq hesab edir ki, belə bir razılaşmanın əldə olunması Azərbaycan–Ermənistan arasındakı münasibətlərin normallaşmasında mühüm praktiki mərhələ ola bilər: “Çünki delimitasiya yalnız xəritə üzərində sərhəd xəttinin müəyyənləşdirilməsi deyil, tərəflərin bir-birinin ərazi bütövlüyünü konkret ərazidə tətbiq etməsi deməkdir. Anklav məsələsinin qarşılıqlı razılaşma və delimitasiya komissiyaları vasitəsilə həlli sərhəddə mübahisəli sahələrin sayını azalda, gələcək dövlətlərarası münasibətlər üçün daha aydın hüquqi çərçivə yarada bilər. Eyni zamanda məsələ Ermənistan daxilində ciddi siyasi müqavimətlə qarşılaşar. Saqatelyanın indiki bəyanatı da mövzunun daxili siyasi mübarizədə istifadə olunduğunu göstərir. Buna görə əsas məsələ ərazilərin qaytarılması prinsipindən daha çox, prosesin hansı xəritələr, təhlükəsizlik təminatları və praktiki mexanizmlə həyata keçiriləcəyidir”.
Cavanşir Abbaslı
![]()

