19 Okt 2026, Be

Ukrayna savaşı Şərq Asiyaya da yayılır, Rusiya qlobal hədəfə çevrilir: Şimali Koreya isə ABŞ-ı nüvə zərbəsi ilə hədələyir

PAYLAŞIN:

Ukrayna müharibəsi, Ağ Evin Asiya strategiyası, ABŞ-ın Yaponiya ilə hərbi əməkdaşlığının genişlənməsi və Şimali Koreyanın nüvə proqramı bir-birinə bağlanaraq, daha genişmiqyaslı hərbi-siyasi qarşıdurma məkanı yaradır… Və əgər, qarşıduran tərəflər arasında bu təhdidkar hərbi gərginliyin dinamikası dəyişməzsə, Şərqi Asiyada siyasi-diplomatik manevr imkanları daha da darala, nəticədə qlobal miqyasda yeni savaş ehtimalı arta bilər…

Şərqi Asiyada təhlükəsizlik balansı yeni və daha təhlükəli mərhələyə daxil olur. Belə ki, Ukrayna savaşı hələ sona çatmadığı bir situasiyada Rusiya və Yaponiya arasında Kuril adaları ilə bağlı qarşıdurma da kəskinləşməyə başlayıb. Və bu baxımdan, rəsmi Tokionun Ukraynaya dəstək verməsi, eləcə də, ABŞ-la hərbi əməkdaşlığın genişlənməsi böyük maraq doğurur.

Digər tərəfdən, bütün bunlara paralel olaraq, Şimali Koreyanın da ABŞ və Cənubi Koreyaya qarşı nüvə təhdidlərini sərtləşdirməsi bu regiondakı fərqli hərbi-siyasi böhranları vahid geopolitik qarşıdurma məkanında birləşdirmiş olur. Ona görə də, Şimali Koreya ilə hərbi müttəfiq olan Rusiyanın Yaponiyaya qarşı son təhdidkar mesajları Şərqi Asiyada yeni savaş təhlükəsi ilə bağlı narahatlığı daha da artırır. Və bu baxımdan, Şərqi Asiyada hərbi qarşıdurma baş verərsə, bu regionun qlobal savaş məkanına çevrilmə ehtimalı kifayət qədər yüksəkdir.

korrr-1-1-Снимок.JPG (151 KB)

Məsələ ondadır ki, Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Rusiyaya qarşı təhlükə yaradan hərbi fəaliyyətini davam etdirməsi halında “zəruri priventiv tədbirlər” görüləcəyini bəyan edib. Kreml xüsusilə də, ABŞ-Yaponiya hərbi əməkdaşlığının dərinləşməsini, təlimlərin intensivləşdirilməsini və raket zərbəsi imkanlarının genişləndirilməsini Rusiyanın təhlükəsizliyi baxımından, böyük risk hesab edir. Ancaq Kremlin Yaponiyaya qarşı bu sərt xəbərdarlıq mesajının arxasında yalnız hərbi məsələnin dayanmadığı da qətiyyən şübhə doğurmur.

Hər halda, Kuril adaları Rusiya-Yaponiya münasibətlərinin onilliklərdir ki, həll olunmayan əsas “siyasi düyünlər”indən biri hesab edilir. Çünki Kreml Rusiyanın bu adalar üzərində suverenliyi ətrafında mübahisələri qətiyyən yaxına buraxmaq istəmir. Rəsmi Tokio isə “Yaponiyanın şimal əraziləri” adlandırdığı dörd adaya yönəlik iddiasını hələ də davam etdirir. Və bu səbəbdən də, rəsmi Tokio Rusiya prezidenti Vladimir Putinin bir müddət öncə Kuril adalarına etdiyi səfərə həddindən artıq sərt reaksiya vermişdi.

Ancaq indi daha da dərinləşməkdə olan hərbi-siyasi böhranı əvvəlki dövrlərdə yaşanmış ziddiyyətlərdən fərqləndirən əsas faktorlardan biri də məhz Ukrayna müharibəsidir. Belə ki, Yaponiya Rusiyaya qarşı sanksiyalara qoşulub, rəsmi Kiyevə maliyyə və digər dəstək verir və Ukraynanın ərazi bütövlüyünü müdafiə edən Qərb siyasətini müdafiə edir. Üstəlik, rəsmi Tokio bu xəttdən geri çəkilmək niyyətində olmadığını da gizlətmir. Kreml isə Yaponiyanın bu siyasətini ABŞ və Qərbin Rusiyaya qarşı daha genişmiqyaslı təzyiq strategiyasının tərkib hissəsi kimi qiymətləndirir.

korrr-1-Снимок.JPG (52 KB)

Onu da qeyd etmək lazımdır ki, Kremlin sözçüsü Dmitri Peskovun bu barədə açıqlaması da iki ölkənin münasibətlərindəki dərin uçurumu göstərir. Belə ki, o, Yaponiyanın Rusiyaya qarşı “dost olmayan” mövqe tutduğunu bildirib. Onun fikrincə, yaxın perspektivdə iki ölkənin münasibətlərində qarşılıqlı güzəştlərə inanmaq çox çətindir. Kreml təmsilçisi qarşılıqlı münasibətlərdə dərin böhranın yaranmasına görə məsuliyyətin Rusiyanin deyil, məhz Yaponiyanın üzərinə düşdüyünü də vurğulayıb.

Digər tərəfdən, Rusiya-Yaponiya qarşıdurmasına paralel olaraq, bütövlükdə Koreya yarımadasında da təhlükəli hərbi-siyasi proseslər intensivləşir. Belə ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi əməkdaşlığını birbaşa özünə qarşı ciddi təhlükə kimi təqdim edir. Rəsmi Pxenyan əlindəki ən güclü təhdid vasitəsi olan nüvə arsenalını növbəti dəfə ön plana çıxartmağa çalışır. Yəni, Şimali Koreyanın Müdafiə Nazirliyi ABŞ və Cənubi Koreyanın hərbi-siyasi davranışların ciddi təhlükə yaratdığını vurğulayaraq, nüvə zərbəsi ilə reaksiya vermək niyyətinə eyham vurub.

Məsələ ondadır ki, rəsmi Pxenyanın bu təhdidkar mesajı xüsusilə də, ABŞ-Cənubi Koreya hərbi təlimlərinə paralel olaraq, daha da sərtləşməkdədir. Şimali Koreya bu ortaq təlimləri özünə qarşı mümkün hərbi müdaxiləyə hazırlıq kimi qiymətləndirir. Halbuki, ABŞ və Cənubi Koreya isə bu fəaliyyətləri müdafiə və rəqibləri çəkindirmə məqsədli tədbirlər kimi izah edir. Və nəticədə qarşıduran tərəflərin hər birinin təhlükəsizlik tədbirləri real hərbi müdaxilə hazırlığı kimi qəbul olunur.

korrr-1-2-Снимок.JPG (47 KB)

Təbii ki, məhz bu önəmli məqam həm də Şərqi Asiyanın əsas problemini ortaya çıxarır. Belə ki, bu regionda silahlanma və hərbi əməkdaşlıq fəaliyyəti ənənəvi olaraq, zəncirvari reaksiya yaradır. Yaponiya Şimali Koreyanın nüvə-raket proqramına və Rusiya faktoruna görə ABŞ-la hərbi-siyasi ittifaqını daha da möhkəmləndirir. Kreml Yaponiyanın bu fəallığını Rusiyanın Uzaq Şərq sərhədlərində təhlükəsizlik riskinin ciddi şəkildə artması kimi qəbul edir. Rəsmi Pxenyan isə ABŞ, Yaponiya və Cənubi Koreyanın yaxınlaşmasını Şimali Koreyanın nüvə potensialını həm qorumaq, həm də gücləndirmək üçün əsas səbəb kimi göstərir.

Göründüyü kimi, Kuril mübahisəsi artıq yalnız Rusiya və Yaponiya arasındakı ərazi problemi deyil. Belə ki, Ukrayna müharibəsi, Ağ Evin Asiya strategiyası, ABŞ-ın Yaponiya ilə hərbi əməkdaşlığının genişlənməsi və Şimali Koreyanın nüvə proqramı bir-birinə bağlanaraq, daha genişmiqyaslı hərbi-siyasi qarşıdurma məkanı yaradır. Və əgər, qarşıduran tərəflər arasında bu təhdidkar hərbi gərginliyin dinamikası dəyişməzsə, Şərqi Asiyada siyasi-diplomatik manevr imkanları daha da darala, nəticədə qlobal miqyasda yeni savaş ehtimalı arta bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Loading