Naxçıvan Muxtar Respublikasının siyasi səhnəsi yeni bir qalmaqalla çalxalanır. Bütün diqqətləri üzərinə çəkən əsas məsələ isə keçmiş MSK sədri, hazırda Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri olan Əjdər Əliyevin adı ətrafında dolaşan şübhəli maliyyə əməliyyatları və qalmaqallı deputatlıq yoludur. Prinsipcə, istənilən ölkədə seçkilərin keçirilməsinə cavabdeh olan qurumun rəhbərinin özünün namizədə çevrilməsi böyük suallar doğurur. Naxçıvanda isə bu proses sadəcə prosedur pozuntusu ilə deyil, həm də ciddi maliyyə yeyintiləri iddialarıyla müşayiət olunub.
Bu haqda siyasi şərhçi Heydər Oğuz öz sosial şəbəkə hesabında status paylaşıb.

O yazıb ki, Əjdər Əliyevin dövlət qulluğundakı karyerası Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə bağlıdır. O, əvvəlcə məhkəmənin vətəndaşların qəbulu ilə məşğul olan struktur bölməsinə rəhbərlik edib, sonradan isə Aparat rəhbəri vəzifəsində çalışıb. Daha sonra Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri təyin edilən Əjdər Əliyev 2024-cü ilin iyulunda bu vəzifədən azad olunub. Rəsmi qərarda onun sentyabrın 1-nə təyin edilmiş Ali Məclis seçkilərində namizəd olmaq məqsədilə öz ərizəsi əsasında vəzifədən ayrıldığı göstərilir.
Əjdər Əliyev 2024-cü il sentyabrın 1-də keçirilən seçkilərdə 37 saylı Culfa şəhər seçki dairəsindən Ali Məclisin deputatı seçilib. 2026-cı il fevralın 2-də isə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri vəzifəsinə gətirilib. Onun MSK sədrliyindən deputatlığa keçidi ilə bağlı yaranan suallar yalnız kadr dəyişikliyilə məhdudlaşmır. Əvvəlki vəzifəsi dövründə seçki komissiyalarının fəaliyyətinin maliyyələşdirilməsi və təşkilati prosedurlarla bağlı iddialar da dövlət orqanlarının araşdırılmalı olduğu məsələlər sırasındadır.
Naxçıvanda seçici siyahılarının dəqiqləşdirilməsi üçün seçki məntəqələrinin üzvlərinə ayrılan vəsaitlərin ödənilməsi ilə bağlı iddialar mümkün maliyyə pozuntularına dair ciddi suallar yaradır. İddialara əsasən, seçici siyahılarının dəqiqləşdirilməsi məqsədilə hər il seçki məntəqələrinin üzvlərinə bir aylıq əməkhaqqı ayrılır. Həmin vəsaitlərin ödənilməsi üçün məntəqə üzvlərinin adına bank kartları açılır və pullar həmin hesablara köçürülür. Lakin kartların bir hissəsinin sahiblərinə təqdim edilmədiyi, onların dairə seçki komissiyalarının müəyyən əməkdaşlarının sərəncamında saxlanıldığı və hesablardakı vəsaitlərin bankomatlar vasitəsilə nağdlaşdırıldığı iddia olunur.
Daha ciddi ittiham isə həmin pulların sonradan Əjdər Əliyevə çatdırılması ilə bağlıdır. Mümkün maliyyə əməliyyatlarının miqyasını təsəvvür etmək üçün aşağıdakı şərti hesablama diqqət çəkir:
“Naxçıvanda 300 seçki məntəqəsinin fəaliyyət göstərdiyi, hər məntəqədə 6 üzvə 500 manat ödəniş nəzərdə tutulduğunu nəzərə alsaq, taleyi bəlli olmayan ümumi məbləğin 900 min manat olduğu ortaya çıxır. Bu hesablama göstərilən rəqəmlərə əsaslanan ehtimal olsa da, təxminən 1800 məntəqə üzvünün adına açılmış bank hesabları və həmin hesablardan aparılmış əməliyyatların yoxlanılması iddialara aydınlıq gətirə bilər. Bunun üçün bank kartlarının kimlər tərəfindən təhvil alındığı, vəsaitlərin hansı bankomatlardan və hansı tarixlərdə nağdlaşdırıldığı müəyyən edilməlidir”.
Heydər Oğuz yazır ki, Əjdər Əliyevin MSK sədrliyindən ayrılması və deputatlığa namizəd olması ilə bağlı iddialarda Prezidentin Naxçıvandakı keçmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yüksək çinli bir üzvünün adları da hallanır.
İrəli sürülən iddialara görə, Fuad Nəcəfli Əjdər Əliyevin MSK-dakı fəaliyyəti ilə bağlı məlumatlı olub və onun vəzifədən uzaqlaşdırılması məsələsini gündəmə gətirib. Bu prosesdə Azərbaycan MSK-dakı himayədarın qohumu olduğu bildirilən bir şəxsin Naxçıvan MSK-ya sədr təyin olunması ilə bağlı müəyyən təşəbbüslərin olduğu iddia edilir. Həmin şəxsin MSK-da mətbuatla bağlı vəzifədə çalışdığı, komissiyaya rəhbərlik etmək niyyətini əməkdaşlar arasında açıq şəkildə dilə gətirdiyi bildirilir.
İddialara əsasən, bu nüfuz mübarizəsi fonunda Əjdər Əliyev vəzifədə qalmaq və ya başqa vəzifəyə keçmək üçün alternativlər axtarıb və onun deputatlığa namizədliyi ilə bağlı qeyri-rəsmi razılaşmanın əldə olunduğu, hatta 30 min manatlıq vəsait məsələsinin gündəmə gəldiyi vurğulanır.
45 dairə seçki komissiyası necə formalaşdırılıb?
Heydər Oğuz yazır ki, Əjdər Əliyevin MSK-ya rəhbərlik etdiyi dövrlə bağlı digər mühüm məsələ dairə və məntəqə seçki komissiyalarının formalaşdırılması prosedurudur. İddialara görə, Naxçıvanda fəaliyyət göstərən 45 dairə seçki komissiyasının üzvlərinin müəyyənləşdirilməsi zamanı püşkatma mərhələsi keçirilməyib, üzvlər əvvəlcədən təyin olunub. Ali Məclisə seçkilərlə əlaqədar fəaliyyət göstərən təxminən 300 məntəqə seçki komissiyasının formalaşdırılmasında da bənzər pozuntuların baş verdiyi söylənilir. Eyni zamanda, bəzi dairə seçki komissiyalarının yerləşdiyi ünvanlar və onların üzvləri barədə məlumatlar namizədliyini irəli sürmək istəyən şəxslər üçün əlçatan olmadığından, müəyyən namizədlərin sənədlərinin birbaşa Naxçıvan MR MSK-nın inzibati binasında qəbul edildiyi bildirilir.
Seçki komissiyasının sədrinin qanunvericiliyə uyğun olaraq vəzifəsindən ayrıldıqdan sonra deputatlığa namizəd olması özlüyündə qanun pozuntusu hesab edilməsə də, seçkiyə hazırlıq prosesində qəbul edilən qərarlar və imkan bərabərliyinin pozulması şübhələri ciddi araşdırma tələb edir. Əgər bu iddialar sübuta yetirilərsə, məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda və ya seçkinin nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi çərçivəsində hüquqi qiymətini almalıdır. Əjdər Əliyev barədə irəli sürülən bu ağır iddialar təkcə bir məmurun fəaliyyətini deyil, bütövlükdə Ali Məclisin formalaşma legitimliyini kölgə altında qoyur. Aidiyyəti hüquq-mühafizə orqanlarının və maliyyə nəzarəti qurumlarının məsələyə dərhal reaksiya verərək bank əməliyyatlarını və sənədləri yoxlaması gözlənilir.
E.Məmmədəliyev
![]()

