Samirə Həsənova: Şagirdin tələbatını nəzərə alan dərs mühiti öyrənmə motivasiyasını dəstəkləyir MÜSAHİBƏ
Təhsildə rəqəmsallaşma və informasiya texnologiyalarının sürətli inkişafı müəllim və şagird münasibətlərində, tədris və öyrənmə prosesində yeni yanaşmalar formalaşdırıb. Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Samirə Həsənova AZƏRTAC-a müsahibəsində bu dəyişikliklərin tədris prosesinə təsirindən, müəllimin rolundan və şagirdlərin öyrənmə xüsusiyyətlərindən danışıb. Onunla müsahibəni təqdim edirik.
– Son dövrlər təhsil müzakirələrində “X nəsli müəllimi ilə Alfa nəsli şagirdi” ifadəsi tez-tez işlədilir. Doğrudanmı müəllimlə şagird arasında nəsillər fərqi tədris prosesinə təsir göstərir?
– Müxtəlif nəsillər fərqli tarixi və sosial şəraitdə formalaşdığı üçün onların dünyanı qavrama tərzində, ünsiyyətində və öyrənməsində müəyyən fərqlər müşahidə olunur. Təhsil dinamik sistemdir və cəmiyyətdə baş verən dəyişikliklər təlim prosesinə, müəllimin peşəkar roluna, şagirdin öyrənmə xüsusiyyətlərinə eyni vaxtda təsir göstərir.
Müasir dövrdə şagird zəngin informasiya axınının hökm sürdüyü mühitdə formalaşır, müxtəlif mənbələrdən faydalanır və öyrənmə prosesinin fəal iştirakçısına çevrilir. Bu reallıq müəllimin yüksək fənn hazırlığını, çevik pedaqoji yanaşmasını, öyrənmə mühitini səmərəli təşkil etmək bacarığını, şagirdin idrak fəaliyyətini məqsədyönlü istiqamətləndirməsini və davamlı peşəkar inkişafını zərurətə çevirir. Nəticə etibarilə, söhbət iki nəslin qarşıdurmasından deyil, dəyişən təhsil mühitinə uyğun peşəkar fəaliyyətin qurulmasından gedir.
– X nəsli müəllimi ilə Alfa nəsli şagirdi arasında səmərəli ünsiyyətin qurulması hansı amillərlə bağlıdır? Müəllimin rolu bu dəyişikliklər fonunda necə yenilənir?
– Təhsil mühitində baş verən dəyişikliklər müəllimin peşəkar rolunun transformasiyasını şərtləndirir. Müasir yanaşmalarda müəllim biliklərin yeganə mənbəyi kimi deyil, öyrənmə prosesinin təşkilatçısı, istiqamətləndiricisi və şagirdin idrak fəaliyyətinin dəstəkləyicisi qismində çıxış edir. Beləliklə, müəllim-şagird münasibətləri qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq prinsipləri üzərində formalaşır.
Müəllimin uzun illər ərzində qazandığı peşəkar təcrübə öz aktuallığını qoruyur. Məsələ həmin təcrübənin müasir təlim prinsipləri və metodları ilə uzlaşdırılmasındadır. Ənənəvi pedaqoji dəyərlərin yeni təhsil yanaşmaları ilə vəhdəti müəllimin peşəkar fəaliyyətini zənginləşdirir, eyni zamanda, təhsilalanların fərdi xüsusiyyətlərinə uyğun öyrənmə mühitinin formalaşmasına töhfə verir.
– Alfa nəslinin öyrənmə xüsusiyyətləri tədris prosesinin qurulmasına necə təsir göstərir?
– Müasir dövrdə təlimin prioritetləri sırasında analitik düşünmə, müqayisəli təhlil, yaradıcı yanaşma və biliklərin müxtəlif situasiyalarda tətbiqi xüsusi yer tutur. Alfa nəslinin informasiya ilə qarşılıqlı əlaqə formalarında əvvəlki nəsillərlə müqayisədə müəyyən fərqlər müşahidə olunur. Onların əksəriyyəti vizual materiallara, interaktiv fəaliyyətlərə, araşdırmaya və praktik tətbiqə daha çox maraq göstərirlər. Buna görə də təlim prosesində fəal öyrənmə metodlarının, əməkdaşlığa əsaslanan fəaliyyətlərin və şagirdin müstəqil düşünməsini stimullaşdıran yanaşmaların tətbiqi böyük əhəmiyyət daşıyır.
Nəzərə almaq lazımdır ki, rəqəmsal vasitələr də tədrisin ayrılmaz elementinə çevrilir. Lakin texnologiya özü məqsəd deyil. Onun dəyəri müəllimin pedaqoji məqsədlərə uyğun seçim etməsi və təlim nəticələrinin səmərəliliyinin yüksəldilməsinə xidmət göstərməsi ilə müəyyən olunur.
– Bəzi müəllimlər vurğulayırlar ki, bugünkü uşaqların diqqətini dərsə yönəltmək əvvəlki illərlə müqayisədə daha mürəkkəbdir. Bu dəyişiklikləri hansı amillərlə izah etmək olar?
– Diqqətin idarə olunması mürəkkəb prosesdir. Müasir dövrün uşaqları intensiv informasiya axını ilə xarakterizə edilən rəqəmsal dövrdə formalaşırlar və həmin şərait onların məlumatı qavrama, seçmə və emalına təsir göstərir. Şagirdin diqqətinin davamlılığı təlim prosesinin təşkili, müəllim və şagirdlərin qarşılıqlı əlaqəsi, seçilən pedaqoji strategiyalar, təlim metodları, sinif mühiti, həmyaşıdlarla qarşılıqlı münasibətlər və digər amillərin təsiri ilə formalaşır. Maraqlı, məqsədyönlü və şagirdin tələbatını nəzərə alan dərs mühiti öyrənmə motivasiyasını dəstəkləyir və təlim prosesinin səmərəliliyini artırır.
Diqqət yetirilməli məqam yalnız yeni texnologiyalardan və ya müasir metodlardan istifadə ilə məhdudlaşmır. Şagirdlərin öyrənmə prosesində gözləntilərinin, məlumatı qəbuletmə və fəaliyyətə cəlbolunma formalarının dəyişdiyini nəzərə alaraq təlim prosesinin çevik şəkildə təşkili böyük əhəmiyyət daşıyır. Alfa nəslinin nümayəndələrinin böyük bir qismi sürətli əks-əlaqə, praktik fəaliyyət, fərdiləşdirilmiş öyrənmə imkanları və rəqəmsal resurslardan məqsədyönlü istifadə ilə zəngin təlim mühitinə daha çox ehtiyac duyurlar. X nəsli müəlliminin pedaqoji təcrübəsini bu yeni öyrənmə reallıqları ilə uzlaşdırması, formalaşmış təcrübənin üstün cəhətlərini qoruyaraq yeni təlim yanaşmaları ilə əlaqələndirməsi müasir təhsil mühiti üçün mühüm imkanlar yaradır.
Müxbir – Xatirə Cəfərova
![]()