Dünyanın ən zəngin maliyyə mərkəzlərindən biri kimi tanınan Honq-Konqun parlaq göydələnləri arxasında çoxlarının görmədiyi acı bir reallıq gizlənir. Bu gün minlərlə insan cəmi 2 metr uzunluğunda, 1 metr enində, tabutu xatırladan “tabut evlərdə” (coffin homes) yaşamağa məcburdur. Bəzən isə bir neçə kvadratmetrlik otaqda 10-20 nəfər birlikdə yaşayır. Şəxsi həyat, rahatlıq, normal yaşayış şəraiti demək olar ki, yoxdur. Buna baxmayaraq, belə məkanların aylıq kirayəsi təxminən 300 ABŞ dollarından başlayır.
Honq-Konqun bugünkü mənzərəsini anlamaq üçün tarixə qayıtmaq lazımdır. 1842-ci ildə Birinci Tiryək müharibəsindən sonra Böyük Britaniya Çini məğlub edərək Honq-Konqu öz müstəmləkəsinə çevirdi. Onilliklər ərzində şəhər Britaniya imperiyasının Asiyadakı ən mühüm ticarət və maliyyə mərkəzlərindən biri oldu. Lakin yaradılan iqtisadi model sərvətin və torpaq ehtiyatlarının çox məhdud dairələrin əlində cəmləşməsinə səbəb oldu. Bunun nəticələri bu gün də mənzil böhranı və sosial bərabərsizlik kimi özünü göstərir.
Bəziləri müstəmləkəçiliyi “inkişaf gətirən missiya” kimi təqdim etməyə çalışır. Ancaq inkişaf yalnız göydələnlər, fond birjaları və milyardlarla ölçülən iqtisadi göstəricilər deyil. Əgər insanlar tabut ölçüsündə otaqlarda yaşamağa məcburdursa, ailələr övladlarını gün işığı görməyən dar məkanlarda böyüdürsə, bu, inkişafın deyil, sosial ədalətsizliyin simvoludur.
Honq-Konq bizə vacib bir həqiqəti xatırladır: imperiyalar tarix kitablarında möhtəşəm görünə bilər, amma onların qurduğu sistemlərin yükünü çox vaxt sadə insanlar daşıyırlar. Şəhərin parlaq işıqları turistləri heyran etsə də, həmin işıqların kölgəsində tabut boyda otaqlarda yaşayan minlərlə insanın həyatı görünmür.
Əsl inkişaf insan ləyaqətini, sosial ədaləti və normal yaşayış şəraitini təmin edən inkişafdır. Əks halda, ən hündür göydələnlər belə insanların yaşadığı faciəni gizlədə bilmir.

Həsən Məmmədov
Paraqraf.com
![]()