SKAL Bakı Klubu turizm və qonaqpərvərlik sektorunun nümayəndələrini bir araya gətirdi
15 iyul 2026-cı il tarixində Green Park Hoteldə SKAL Bakı Klubunun təşkilatçılığı ilə “SKAL Bakı Klubu və Azərbaycan qonaqpərvərlik və turizm sənayesi nümayəndələrinin görüşü” keçirilib.
“Turizm sənayesi nümayəndələri ilə görüşək, inkişafa birgə dəstək olaq!” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Dəmir Yollarının (ADY) səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatı Vüqar Bayramov, eləcə də turizm və qonaqpərvərlik sektorunun aparıcı assosiasiyalarının rəhbərləri, hotel və turizm şirkətlərinin nümayəndələri, aviaşirkətlər, MICE şirkətləri, ali təhsil müəssisələri və media təmsilçiləri iştirak ediblər.
Tədbirin əsas məqsədi SKAL International və SKAL Bakı Klubunun fəaliyyəti barədə iştirakçıları məlumatlandırmaq, ölkənin turizm sənayesinin mövcud vəziyyətini müzakirə etmək, dövlət və özəl sektor arasında əməkdaşlığı daha da gücləndirmək, yeni tərəfdaşlıq imkanlarını dəyərləndirmək və Azərbaycan turizminin davamlı inkişafına töhfə verəcək birgə təşəbbüsləri müəyyənləşdirmək olub.
Görüş çərçivəsində iştirakçılar turizm sektorunun aktual çağırışları, inkişaf perspektivləri və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apararaq, qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Aytac
Paraqraf.com
![]()