Dissident rəssamın edamı – “qırmızı xətt”i keçənlərin qanının asfaltdakı qırmızı xətti
Rusiyalı karikaturaçı Semyon Skrepetskinin Polşada güllələnib öldürülməsi adi, gurultusuz şimşək çaxmasına bənzədi.
Hadisə barədə xəbər bəzi media orqanlarında göründü və dərhal da arxa plana keçdi. Düşünmək olar ki, bir dissident-tənqidçi sənətkarın siyasi motiv daşıyan amansız qətli ABŞ-İran sazişinin, futbol mundialının kölgəsində qaldı, ona görə beynəlxalq qalmaqala çevrilmədi.
Ancaq elə deyil. Rusiya nəşrləri ilk gündən bu barədə yazmadılar, hadisəyə önəm vermədilər. Halbuki adam rusiyalı, rus olduöuna və başqa ölkədə qətlə yetirildiyinə görə, bu barədə hay-küyü məhz rus mediası qaldırmalı, Polşa hökumətindən qətlin sifarişçi və icraçılarını tapmağı tələb etməliydi.
Elə olmadı. Sanki karikaturaçı rəssam bir xeyli öncədən edama məhkum edilibmiş, onun dayanacaqda üç kişi tərəfindən, özü də yaxın məsafədən sərrast atəşlə öldürülməsi həmin edam hökmünün icrası olub.
Bu hadisə barədə yalnız başqa ölkələrin mediasında belə bir xəbər yayıldı ki, qətldə şübhəli bilinənlərdən birini saxlayıblar və o, Belarus vətəndaşıdır.
Əsl adı Robert Kuzovkov olan, Rusiyanın Başqırdıstan bölgəsində doğulan Semyon Skrepetski siyasi təqib təhlükəsi ilə üzləşdiyini bildirərək 2021-ci ildə Polşaya köçüb və orada sığınacaq alıbmış.
Skrepetski Vladimir Putin, Ramzan Kadırov, onun oğlu Adam Kadırov, Belarus rəhbəri Aleksandr Lukaşenko və digər siyasi şəxsləri tənqid edən karikaturaları ilə tanınırdı. Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz edənlərdən biri olan rəssam siyasi aksiyalarda həmişə iştirak edirmiş. Hadisədən üç gün əvvəl o, Berlində Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasına qatılıb. Sosial şəbəkələrdə rəssamın ekssentrik hərəkətlərini əks etdirən bir video da var: o şalvarının arxasından bir-birinə düyülmüş Rusiya bayraqları çıxarır və söylənə-söylənə aparıb zibil qutusuna atır.
Görünür, Skrepetski bundan əvvəl də qırmızı xətləri keçibmiş. Hər halda onun günün günorta çağı və ictimai yerdə qətlə yetirilməsi adi soyğunçuluq və ya ailə-məişət zəminində baş verən münaqişənin nəticəsi deyil. Hər şey göz önündədir.
Rusiya ilə bağlı bu cür hadisələr bir deyil, beş deyil. Təkcə son 15-20 ildə bu kimi hadisələr çox olub. Həm federasiya daxilində, həm də xaricdə bir sıra tanınmış şəxslərin zəhərlənməsi, güllələnməsi, müxalifətçi liderlərin, jurnalistlərin və keçmiş kəşfiyyat zabitlərinin ölümü çox olub. Beynəlxalq araşdırmalar, Qərb hökumətləri və insan haqları təşkilatları dəfələrlə Kremli və onun kəşfiyyat orqanlarını bu cinayətləri təşkil etməkdə ittiham ediblər.
Bunlardan başqa, son illərdə nəhəng korporasiyaların top-menecerlərinin ard-arda çoxmərtəbəli binaların üst qatındakı pəncərədən özlərini atıb intihar etmələri halları da çoxdur. 20-dən artıq menecer bu addımı atıb və böyük şübhələr var ki, onların ən azı yarısı pəncərəyə özləri yaxınlaşmayıblar.
Hələlik bu cür müəmmalı ölümlərlə bağlı beynəlxalq səviyyədə Rusiya rəhbərliyinə ünvanlanan əsas qınaq rus müxalifətinin lideri Aleksey Navalnının Yamal-Nenets diyarındakı həbsxanada həyatını itirməsi ilə bağlıdır. Azadlıqda olduğu zaman zəhərlənməyə məruz qalan, Almaniyada ağır müalicə kursundan sonra həyatda qalan Navalnının ölümü Avropada qəsdən törədilmiş qətl kimi qəbul olunur.
Federal Penitensiar Xidmətin 47 yaşlı Navalnının səhər gəzintisindən sonra özünü pis hiss etməsi və daha sonra huşunu itirməsi, təcili yardım göstərilsə də, onu reanimasiya etməyin mümkün olmaması barədə yaydığı məlumatın dürüstlüyünə inanan yoxdur.
Bundan əvvəl Navalnının dostlu və silahdaşı Boris Nemtsov Kremlin yaxınlığında güllələnərək öldürülmüşdü. Adamı sevgilisi ilə gəzərkən öldürmüşdülər və bu işə görə həbs edilənlər olsa da, onlar məhkəmədə Nemtsovu nəyə görə öldürdüklərini düz-əməlli izah edə bilmədilər.
Qaldırdığı hərbi qiyamdan iki ay sonra təyyarə qəzasında ölən Yevgeni Priqojinin ölümü də xarici ölkələrdə təsadüf kimi qəbul olunmur. Qərb dairələri rus muzdlularının lideri olan və bir sıra hərbi cinayətlərdə adı çəkilən Priqojinin ölümünə görə təəssüf hissi keçirməsələr də, hesab edirlər ki, o və onu müşayiət edənlər sui-qəsd qurbanı olub. Çünki 2023-cü ilin iyun ayının 23-də Kremlə, Müdafiə Nazirliyinə qarşı silah qaldıran adamın uzun yaşamayacağı haqqında hələ qiyam başa çatmamış mülahizələr səslənir, proqnozlar verilirdi və qiyamın 2 ayının tamamında öncəgörmələr yüzdəyüz doğruldu.
Aviaqəzaların, “pəncərədən atlamalar”ın sırf sui-qəsd aktının nəticəsi olduğunu sübut etmək olmasa da, məsələn, 2003-cü ildə Liberal Rusiya Partiyasının lideri Sergey Yuşenkovun Moskvadakı evinin qarşısında güllələnərək öldürülməsinin başqa adı yoxdur. Yuşenkov 1999-cu ildə baş verən bir sıra mənzil partlayışlarında Federal Təhlükəsizlik Xidmətinin (FSB) mümkün iştirakını araşdırmağı tələb edənlərdən idi.
2006-cı ildə öz mənzilində güllələnən araşdırmaçı jurnalist Anna Politkovskaya isə Çeçenistanda insan haqlarının pozulmasına qarşı çıxış edirdi. Onun qətlinin də sadəcə edam olduğu qənaəti var.
Keçmiş kəşfiyyatçı Aleksandr Litvinenkonun 23 noyabr 2006-cı ildə Londonda radioaktiv polonium-210 ilə zəhərlənməsi və ölməsi barədə çox yazılıb. Bu işdə artıq müəmma-filan yoxdur. Əməliyyatı həyata keçirənlər adbaad bəllidir. Litvinenko 2000-ci ildə FTX-ni oliqarx Boris Berezovskiyə sui-qəsd hazırlamaqda ittiham etdikdən sonra Böyük Britaniyaya qaçmışdı. Bir neçə ildən sonra o da, Berezovski də həyatlarını itirdilər.
Siyasi motivli sui-qəsdə qurban gedənlərin arasında tanınmış insan haqları fəalı Natalya Estemirova, korrupsiya maxinasiyalarının araşdırıcısı Sergey Maqnitski də var. Sonuncunun ölümü beynəlxalq səviyyədə qalmaqala səbəb olub. 2012-ci ildə ABŞ hüquq pozuntularında iştirak edən rusları hədəf alan “Maqnitski aktı”nı qəbul edib.
Bu qədər qalmaqallı edam və qətllərin fonunda adi bir rəssamın öldürülməsi ona görə ajiotaja səbəb olmur ki, artıq belə hadisələr adiləşib. Ukrayna müharibəsində öldürülən on minlərlə məsum insanın faciəsinin fonunda bir karikaturaçının qətli artıq heç kəsi şoka salacaq effektdə deyil.
Araz Altaylı
![]()