Mingəçevir Şəhər Məhkəməsində Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli barəsində qaldırılmış şərəf və ləyaqətin müdafiəsi, həmçinin mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə qərar elan olunub.
Paraqraf.com-un məlumatına görə, məhkəmə tərəfindən tərəflərin izahatları, təqdim olunan sübutlar və iş materialları araşdırıldıqdan sonra iddiaçı Günel Bəşirova tərəfindən irəli sürülən tələblər təmin edilməyib və iddia tam şəkildə rədd olunub.
Məlumata görə, məhkəmə mübahisəsinə səbəb olan paylaşım Mingəçevir şəhər 7 saylı tam orta məktəbdə çalışan bir qrup müəllimin müraciətləri əsasında ictimailəşdirilmiş məlumatlarla bağlı olub. Həmin paylaşımda aidiyyəti dövlət qurumlarına müraciət edilərək məsələnin araşdırılması tələb olunmuşdu.
Məhkəmə prosesində çıxış edən Əmrah Həsənli bildirib ki, məqsəd hər hansı şəxsi hədəfə almaq deyil, müəllimlərin qaldırdığı problemlərin ictimailəşdirilməsi və aidiyyəti qurumların diqqətinə çatdırılması olub.
Qərardan sonra açıqlama verən Əmrah Həsənli məhkəmənin qərarını qanunun aliliyinin və obyektiv araşdırmanın nəticəsi kimi dəyərləndirib.
“Həqiqət məhkəmədə təsdiqini tapdı” kimi qiymətləndirilən qərar ictimaiyyətin diqqətini çəkib və təhsil sahəsində qaldırılan problemlərin hüquqi müstəvidə müzakirəsinin vacibliyini bir daha gündəmə gətirib.
Aytac
Paraqraf.com
![]()