“Güney Azərbaycanlıların İranla birləşməyə ehtiyacları yoxdur. Güneylilərin istəkləri nə milliyyətçilik, nə də sırf milli ideologiya üzərində qurulub. Bu istəklər daha çox milli azadlıq mübarizəsi xarakteri daşıyır. Lakin bu mübarizə daxildən formalaşmalıdır. Kənar təsirlər və müxtəlif oyunların alətinə çevrilmək riski yaranarsa, Güney Azərbaycanda yaşayan soydaşlarımız bu prosesə qoşulmayacaqlar”.
Bu fikirləri “Paraqraf.com”a açıqlamasında politoloq Elçin Alıoğlu səsləndirib. Onun sözlərinə görə, İranda baş verən proseslər hərbi əməliyyat kimi təqdim edilsə də, əslində bu, müharibə xarakteri daşıyır:

“İranda son hərbi aksiyalardan əvvəl genişmiqyaslı etirazlar baş vermişdi. Bu aksiyalarda güneylilərin aktiv iştirakı müşahidə olunmadı. Çünki həmin proseslər kənar təsir və əvvəlcədən hazırlanmış ssenari əsasında həyata keçirilən bir oyun kimi dəyərləndirilirdi. Həm 40 günlük hərbi əməliyyatlar dövründə, həm də hazırkı nisbi atəşkəs mərhələsində Güney Azərbaycan sakinlərinin Tehran hakimiyyətinə və fars şovinist siyasətinə qarşı aktiv hərəkətə keçmək niyyəti yoxdur. Belə bir addım atılarsa, bu, dərhal ABŞ və İsrailin ssenarisi kimi təqdim olunacaq”.
Alıoğlu əlavə edib ki, hazırda Güney Azərbaycanda inqilabi şərait formalaşmayıb:
“İnqilabi vəziyyətin klassik şərti odur ki, hakimiyyət idarə edə bilmir, xalq isə artıq dözmək istəmir. Hazırda isə hakimiyyət əsasən SEPAH-ın nəzarətindədir və repressiyalar daha da güclənib. Bu şəraitdə İran hakimiyyətinə qarşı çıxışlar ölkənin digər bölgələrində xəyanət kimi qiymətləndirilə bilər və xarici qüvvələrin təsiri kimi təqdim olunar. Bu isə qısa müddətli uğurlar versə belə, strateji baxımdan ciddi itkilərə səbəb ola bilər. Buna görə də Güney Azərbaycan hələlik milli azadlıq mübarizəsini təxirə salıb”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
