11–12 aprel tarixlərində Park Bulvar İstirahət və Əyləncə Mərkəzi ərazisində Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova tərəfindən xeyriyyə məqsədli əl işləri sərgisi təşkil olunub.
Sərginin əsas məqsədi az təminatlı ailələrə dəstək göstərmək, onların sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək və cəmiyyətin diqqətini bu istiqamətə yönəltmək olub. Tədbir çərçivəsində müxtəlif əl işləri: dekorativ əşyalar, suvenirlər və digər yaradıcılıq nümunələri sərgilənərək satışa çıxarılıb.
Sərgi Almaz Zeynalova tərəfindən yüksək səviyyədə təşkil edilib və geniş ziyarətçi marağına səbəb olub. Tədbir həm paytaxt sakinləri, həm də Bakıya səfər edən xarici turistlər tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilər sərgidə təqdim olunan əl işlərinə xüsusi maraq göstərərək sosial dəstək təşəbbüsünə qoşulub və alışlar həyata keçiriblər.
İki gün davam edən sərgi müddətində iştirakçılar və qonaqlar arasında ünsiyyət və həmrəylik mühiti formalaşıb, müxtəlif maraqlı anlar yaşanıb. Bu kimi tədbirlər bir daha göstərir ki, xeyriyyəçilik və sosial məsuliyyət cəmiyyətin mühüm dəyərlərindəndir.
Təşkilat tərəfindən sərginin keçirilməsi üçün yaradılan şəraitə görə Park Bulvar İstirahət və Əyləncə Mərkəzi rəhbərliyinə xüsusi təşəkkür bildirilib. Qeyd olunub ki, göstərilən diqqət və dəstək bu kimi sosial layihələrin gələcəkdə də davamlı şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradır.
Bildirilib ki, təşkilat tərəfindən oxşar layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır. Az təminatlı ailələrə dəstək göstərmək təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır və bu sahədə işlər daha da genişləndiriləcək.
Günay Atayeva
Paraqraf.com
![]()
