Ölkəmizdə son illər tikinti sektorunda sürətli inkişaf müşahidə olunsa da, inşa edilən bəzi yaşayış binalarında və obyektlərdə keyfiyyət məsələsi tez-tez müzakirə mövzusuna çevrilir. İstər istifadə olunan materialların standartlara cavab verməməsi, istərsə də tikinti prosesində nəzarət mexanizmlərinin zəifliyi bu sahədə ciddi suallar doğurur. Mütəxəssislər hesab edir ki, sürətə üstünlük verilməsi və xərclərin minimuma endirilməsi keyfiyyətin arxa plana keçməsinə səbəb olur.
Bəs tikinti sektorunda keyfiyyətin aşağı olmasının əsas səbəbləri nələrdir və bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Tikinti üzrə ekspert Anar Qurbanov “Paraqraf.com”a bildirib ki, son illərdə Azərbaycan, xüsusilə Bakı şəhərində tikinti sahəsi sürətlə inkişaf edir:

“Bu inkişafla yanaşı, bəzi binaların keyfiyyəti ilə bağlı problemlər də ortaya çıxır və bu, ciddi narahatlıq doğurur. Keyfiyyətin aşağı olmasının bir neçə əsas səbəbi var. Bəzən tikintidə istifadə olunan materiallar standartlara uyğun olmur ki, bu da binanın möhkəmliyinə və təhlükəsizliyinə mənfi təsir göstərir.
Tikinti şirkətləri daha çox qazanc əldə etmək üçün xərcləri azaltmağa çalışır və nəticədə keyfiyyətdən qənaət edirlər. Eyni zamanda, binaların istilik və soyuğa qarşı izolyasiyası lazımi səviyyədə aparılmır.
Bundan başqa, tikinti şirkətləri layihələri daha tez başa çatdırmaq istədikləri üçün texnoloji proseslərə tam əməl etmirlər. Tikinti zamanı texniki və müəllif nəzarətinin zəif olması da əsas problemlərdən biridir”.
Ekspertin sözlərinə görə, bu problemlərin aradan qaldırılması üçün dövlət qurumlarının koordinasiyalı və sistemli fəaliyyəti vacibdir:
“Tikintiyə nəzarət daha güclü və şəffaf şəkildə həyata keçirilməlidir. Müasir tikinti texnologiyaları və keyfiyyətli materialların tətbiqi məcburi olmalıdır. Yalnız sertifikatlaşdırılmış materiallardan istifadə edilməli, layihələrə ciddi riayət olunmalı və hər hansı dəyişiklik əsaslandırılmış formada aparılmalıdır.
Tikintidə keyfiyyət məsələsi son dərəcə vacibdir. Çünki bu, birbaşa insanların təhlükəsizliyi ilə bağlıdır. Mövcud problemlərdən həm vətəndaşlar, həm də dövlət zərər görür”.
Anar Qurbanov əlavə edib ki, yeni tikilən çoxmərtəbəli binaların fasadlarının daş yunu ilə düzgün izolyasiya olunması onların istismar müddətini artırır:
“Nəticədə vətəndaşların kommunal xərcləri təxminən 50 faiz azalır və daha komfortlu yaşayış mühiti formalaşır. Əhalinin qənaət etdiyi enerji isə ixrac potensialına çevrilə bilər. Avropada enerji qiymətlərinin yüksək olması bu sahədə ölkə üçün əlavə gəlir imkanları yaradır. Bu yanaşma həm dövlət, həm də vətəndaş üçün keyfiyyətli tikinti, qənaət, ekoloji təmizlik və iqtisadi fayda deməkdir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
