Azərbaycanda sahibkarlığın inkişafı üçün müxtəlif islahatlar həyata keçirilir. Dövlət tərəfindən biznes mühitinin yaxşılaşdırılması, qeydiyyat prosedurlarının sadələşdirilməsi və vergi sistemində yeniliklər bu sahəyə marağı artırıb. Artıq bir çox hallarda biznesi onlayn qeydiyyatdan keçirmək və qısa müddətdə fəaliyyətə başlamaq mümkündür. Bununla belə, sahibkar olmaq yalnız qeydiyyatdan ibarət deyil. Uğurlu biznes üçün maliyyə resursları, bazar araşdırması, hüquqi biliklər və düzgün strategiya tələb olunur.
Bəs mövcud imkanlara baxmayaraq, Azərbaycanda biznes qurmaq həqiqətən asandırmı, yoxsa proses göründüyündən daha mürəkkəbdir?
İqtisadçı-ekspert Razi Abbasbəyli “Paraqraf.com”a bildirib ki, Azərbaycanda biznes qurmaq üçün vergi sistemində proseslər sadələşdirilib:

“Lakin ölkədə istər ticarətdə, istərsə də istehsalatda biznes qurmaq üçün kifayət qədər çətinliklər var. İlk növbədə, Azərbaycanda biznes kreditləri ilə bağlı faiz göstəriciləri yüksəkdir. Ölkədə bankların biznes subyektlərinə təklif etdikləri kreditlərin illik faiz dərəcələri 20%-dən yüksəkdir. Bu da bir çox hallarda yeni yaradılan kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına çətinlik yaradır. Buna görə də kredit faizləri aşağı olmalıdır. İşəgötürənlərlə bağlı tətbiq olunan vergilər yeni biznes quranlar üçün ağırdır. Bu sahədə də müəyyən islahatların aparılmasına və rəqabət mühitinin formalaşmasına ehtiyac var. Sağlam rəqabət münasibətləri qurularsa və bu məsələyə dövlətin nəzarəti gücləndirilərsə, biznes üçün daha əlverişli mühit yarana bilər”.
O əlavə edib ki, kreditlə bağlı Mərkəzi Bankın daha fəal dəstəyinə ehtiyac var:
“Yeni yaradılan biznes subyektlərində işəgötürənlərin yükü müəyyən qədər azaldılmalıdır. Əgər bu subyekt kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldursa və istehsala başlayırsa, ona bir sıra güzəştlər tətbiq edilməlidir. Yəni həm kreditləşmə imkanlarının yaxşılaşdırılması, həm sağlam rəqabət mühitinin formalaşdırılması, həm də vergi yükünün azaldılması ölkədə biznes qurmaq üçün vacib şərtlərdəndir. Kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarını qorumaq üçün gömrük sahəsində də müəyyən islahatların həyata keçirilməsi zəruridir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
