Son illərdə ali təhsil almaq gənclər üçün ən vacib hədəflərdən biri hesab olunur. Minlərlə gənc universitetlərə qəbul olmaq üçün illərlə hazırlaşır, valideynlər isə övladlarının diplom sahibi olması üçün ciddi maddi və mənəvi dəstək göstərir. Universiteti bitirmək uzun müddət uğurlu karyeranın əsas şərti kimi təqdim olunub.
Lakin müasir əmək bazarında vəziyyət əvvəlki kimi deyil. Bir çox məzun diplom əldə etsə də, ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir. Bəziləri isə ümumiyyətlə fərqli sahələrdə işləməyə məcbur qalır.
Maraqlıdır, universitet diplomu bu gün həqiqətən də uğurlu gələcəyin açarıdır, yoxsa sadəcə formal bir sənədə çevrilməkdədir?
Təhsil eksperti Rasim Həsənzadə “Paraqraf.com”a açıqlamasında bildirib ki, son illər universitet diplomunun əmək bazarındakı rolu dəyişməkdədir:

“Lakin bu o demək deyil ki, diplom artıq əhəmiyyətini tam itirib. Burada bir neçə vacib məqam var.
Birincisi, universitet diplomu hələ də bir çox peşələr üçün vacib ilkin şərtdir. Tibb, hüquq, müəllimlik, mühəndislik kimi sahələrdə ali təhsil olmadan peşəkar fəaliyyət göstərmək mümkün deyil. Bu baxımdan, diplom hələ də müəyyən sahələrdə peşəyə giriş üçün əsas sənəd rolunu oynayır.
İkincisi, müasir əmək bazarı artıq yalnız diplomu deyil, praktik bacarıqları, təcrübəni və digər kompetensiyaları tələb edir. Bir çox məzunun ixtisasına uyğun iş tapmaqda çətinlik çəkməsinin əsas səbəblərindən biri universitetdə əldə olunan biliklərin əmək bazarının real ehtiyacları ilə tam uyğun olmamasıdır. İşəgötürənlər isə daha çox layihə təcrübəsinə, rəqəmsal bacarıqlara, problem həll etmə və komandada işləmə kimi kompetensiyalara üstünlük verirlər. Nəticədə, universitetlərdə verilən köhnə nəzəri biliklər əmək bazarındakı qurumların diqqətini cəlb etmir və məzunlar iş tapmaqda çətinlik çəkirlər.
Üçüncüsü, son illərdə alternativ təhsil yolları da güclənməkdədir. Peşə təhsili, qısa müddətli sertifikat proqramları, onlayn kurslar və texnoloji bacarıqlar bəzi sahələrdə universitet diplomuna alternativ kimi çıxış edə bilir. Xüsusilə İT, dizayn və rəqəmsal marketinq kimi sahələrdə bacarıq və portfolio diplomdan daha çox önəm qazana bilir”.
Ekspert qeyd edib ki, bugünkü reallıqda universitet diplomunu nə tamamilə dəyərsiz hesab etmək, nə də onu avtomatik olaraq uğurlu karyeranın təminatı kimi qəbul etmək düzgün yanaşma deyil:
“Diplom artıq təkbaşına kifayət etmir. Lakin düzgün seçilmiş ixtisas, praktiki təcrübə, beynəlxalq proqramlarda iştirak və davamlı özünü inkişaf ilə birlikdə olduqda hələ də gənclərin karyera inkişafında mühüm rol oynayır. Tələbələr və gənclər ixtisaslarına uyğun təcrübə proqramlarında iştirak etməli, real əmək bazarının tələblərini öyrənməli və təhsil aldıqları dövrdə bilik və bacarıqlarını inkişaf etdirməlidirlər ki, məzun olduqdan dərhal sonra iş tapa bilsinlər.
Müasir dövrdə uğurlu gələcəyin açarı sadəcə diplom deyil, bilik + təcrübə + yumşaq bacarıqlar modelidir. Ali təhsil bu prosesdə mühüm mərhələdir, lakin uğurun yeganə zəmanəti hesab oluna bilməz”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
