Martın 11-də Vladimir Putin ilə İlham Əliyev arasında telefon danışığı baş tutub. Məlumata görə, Rusiya Prezidenti Azərbaycan liderinə zəng edərək bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi şərhçi Üzeyir Mustafayev “Paraqraf.com”a bildirib ki, Yaxın Şərq regionundakı vəziyyət kifayət qədər gərgindir və iki ölkə rəhbəri arasında baş tutan telefon danışığı çox mühüm məsələlərin müzakirəsindən xəbər verir:

“Bir neçə gün öncə İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumu – terror aktı baş verdi. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı atılan bu addımdan dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirildi və bütün istiqamətlər üzrə bu hücumun cavabsız qalmayacağı bildirildi. Terror aktı ilə əlaqədar dünyanın əksər ölkələri Azərbaycana dəstəyini ifadə etdi, hücumu qınadı. Bu vaxtda Rusiyanın məsələləri sadəcə izləməsi və Rusiya rəsmi dairələrindən hücumla bağlı mövqe ortaya qoyulmaması Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurdu. İki ölkə rəhbəri arasında müzakirə edilən məsələlərdən biri məhz bu oldu.
Bugün Azərbaycan ərazisindən keçməklə Rusiyaya məxsus 1023 ton taxıl Ermənistana yola salındı. Belə aydın olur ki, telefon zənginin də məhz bugün baş tutması təsadüfi deyil. Azərbaycan və Ermənistan arasındakı sülh prosesi, habelə Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirədən kənarda qala bilməz. Azərbaycandan Ermənistana göndərilən mal və əmtəənin miqdarı artdıqca iki ölkə arasındakı əməkdaşlıq perspektivinə yenidən baxılır. Sadəcə gözlənilən perspektivlərin reallaşması üçün yekun sülh müqaviləsinin imzalanması – yəni Ermənistanın konstitusiya dəyişikliyi əsas şərtdir”.
O əlavə edib ki, AZAL-a məxsus təyyarənin vurulmasından sonra açılmış cinayət işi və istintaq prosesi də diqqətdən kənarda qala bilməz:
“Qəzanın günahkarları müəyyənləşdirilməli və layiqli cəza almalıdır. 26 fevral 2026-cı il tarixində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı bildirdi ki, ‘Təyyarənin vurulması Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş verib. Gözləntimiz ondan ibarətdir ki, bütün tədbirlər görüləcək, hüquqi qiymət veriləcək, kompensasiyalar ödəniləcək.’ Bu baxımdan əminliklə demək olar ki, təyyarənin vurulması və bu cinayətin hüquqi qiymətləndirilməsi də iki ölkə rəhbəri arasındakı telefon danışığında müzakirə olunan məsələlərdəndir.
Ümumilikdə isə Şimal qonşumuzdan regiondakı vəziyyət kifayət qədər mürəkkəbdir və iki ölkə arasında razılaşdırılıb, icra olunmayan məsələlərin mövcud olduğu bir vaxtda gələn zəng münasibətlərdəki növbəti diplomatik addım rolunu oynayır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
