Əgər, transatlantik birlik pozularsa, Rusiya və Çin üçün yeni qlobal manevr imkanları yaranar, Ağ Evin ziddiyyətli davranışları NATO-nun zəiflədərsə, bu, ABŞ-ın strateji maraqlarına da sarsıdıcı zərbələr vurar… XXI əsrin böyük güc rəqabəti artıq yalnız Çin və Rusiya ilə bağlı deyil, hətta NATO daxilində də balansı dəyişdirə bilər, ABŞ və Avropa arasında qarşılıqlı etimad bərpa olunmazsa, transatlantik sistem taleyüklü sınaqla üzləşəcək…
Qlobal siyasi sistem sürətlə dəyişir. Üstəlik, bu dəyişiklik prosesi artıq nəzəri müzakirələrdən tədricən real siyasi gərginlik mərhələsinə keçməyə başlayıb. ABŞ-ın dövlət katibi Marko Rubionun “köhnə dünya artıq mövcud deyil” bəyanatı, əslində, Ağ Evin yeni strateji kursunun siyasi-ideoloji çərçivəsini təşkil edir. Həm də, ABŞ-ın bu yeni strateji kursu ən açıq şəkildə Arktika uğrunda mübarizədə, xüsusilə də Qrenlandiya böhranı ilə bağlı yaranmış qəliz situasiyada özünü göstərir. Və artıq müasir dünyanın “güclünün haqlı hesab edildiyi yeni sistemə” uyğunlaşdırılmaqda olduğu qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək laızmdır ki, “ABŞ-Avropa-Arktika üçbucağı”nda formalaşan yeni qarşıdurma poliqonu XXI əsrin əsas geopolitik sınaq meydanına çevrilmiş kimi görünür. Belə ki, Arktika artıq yalnız buz örtüyü altındakı məhdud coğrafi məkan deyil. Çünki indi iqlim dəyişiklikləri nəticəsindən yeni dəniz ticarət marşrutları açılır, enerji və nadir torpaq elementləri resurslarına çıxış imkanları genişlənir, hərbi güc balansına bağlı geopolitik mövqelərin strateji əhəmiyyəti artır. Və bütün bunlar vahid şimal qütbü sisteminin formalaşmasına münbit şərait yaradır.

Maraqlıdır ki, məhz Qrenlandiya bu sistemin “mərkəzi düyünü” hesab olunur. ABŞ üçün bu buzlu ada Şimal Atlantik müdafiə xəttinin əsas hissəsi, Rusiya-Çin tandeminin Arktik aktivliyinə qarşı müşahidə platforması, erkən hərbi xəbərdarlıq və raket müdafiə sistemlərinin “açar nöqtəsi” kimi qəbul edilir. Və bu kontekstdə ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı sərt ritorikası sadəcə, populist çıxış deyil, bu, indi həm də Ağ Evin strateji maraqlarının açıq mətnlə ifadəsidir.
Ancaq Qrenlandiyanın sahibi olan Danimarkanın bu ada ətrafında yaranmış qəliz situasiyanı NATO üçün “qırmızı xətt” elan etməsi daha təhlükəli proseslərin hələ irəlidə olduğunu göstərir. Hər halda, rəsmi Kopenhagenin “Əgər, NATO bir üzvü, digərinə hücum edərsə, onda qlobal oyun bitər” bəyanatı bu hərbi-siyasi alyansın tarixində nadir rast gəlinən açıq siyasi xəbərdarlıq mesajıdır. Və həmin mesaj Qrenlandiya ilə bağlı problemin Danimarka üçün suverenlik məsələsi olduğuna da eyham vurur.
Digər tərəfdən, Danimarka ABŞ-ın hazırda yararlandığı təzyiq ritorikasının NATO daxilində hərbi müttəfiqlər arasında etimad böhranı yaratdığını qabardır. Belə ki, əgər, NATO-nun kollektiv müdafiə prinsipi siyasi manipulyasiya obyektinə çevrilərsə, onda, bu hərbi-siyasi alyansın legitimliyi də ciddi şəkildə sarsılmış olar. Və bu halda NATO daxilində mövqe ziddiyyətləri artıq tədricən siyasi-diplomatik, eləcə də strateji inamsızlığa yol aça bilər.

Ona görə də, Ağ Ev sahibi Donald Trampın bir müddət öncə sosial şəbəkədə paylaşdığı və Kanadanın, Qrenlandiyanın və hətta Venesuelanın belə, ABŞ-ın tərkib hissəsi kimi göstərildiyi “xəritə təsviri” hələ də olduqca təhlükəli simvolik siyasi mesaj hesab edilir. Eyni zamanda, ABŞ prezidentinin Ontario-Miçiqan körpüsü ilə bağlı “yarısına sahib olmalıyıq” mesajı, bu iqtisadi infrastrukturu “geopolitik aktiv” kimi təqdim edir. Və üstəlik, Ağ Ev sahibinin eyni ritorika ilə keçmiş prezident Barak Obamanı tənqid etməsi isə ABŞ liderinin xarici ölkələrə qarşı öz iddialarına ölkə daxilində siyasi legitimlik qazandırmaq məqsədi daşıyır.
Maraqlıdır ki, prezident Doland Trampın həmin siyasi xəritə-mesajda Avropa liderlərini müşahidəçi kimi göstərməsi, əslində, ABŞ-ın NATO daxilində güc nümayişi olmaqla yanaşı, həm də qlobal məkanda hegemon mövqeyini də qabartmışdı. Eyni zamanda, bu, həm də Ağ Evin son dövrlərdə kollektiv Qərb daxilində ziddiyyətləri dərinləşdirən addımlarına paralel olaraq, ABŞ-ın Avropadakı müttəfiqlərdən uzaqlaşdırılma kursuna da uyğundur. Və ona görə də, hazırda Avropa Birliyi daxilində “strateji muxtariyyət” anlayışı güclənir, Qrenlandiya böhranı isə bu ideyaya bağlı prosesin daha da sürətlənməsinə yol açır.
Belə anlaşılır ki, əgər, Ağ Ev kollektiv Qərb daxilində ərazi iddialrını davam etdirərsə, Kanada ilə iqtisadi təzyiq siyasətini dərinləşdirərsə, Arktikanı birtərəfli olaraq, ABŞ-ın təhlükəsizlik zonasına çevirməyə çalışarsa, bu, mütləq adekvat nəticələr doğura bilər. Çünki bu halda, Avropa dövlətlərinin müdafiə sənayesini gücləndirməyə, ABŞ-dan mövcud asılılığı azaltmağa, alternativ təhlükəsizlik arxitekturası qurmağa yönəlik addımların atılmasına məcbur qala biləcəkləri qətiyyən şübhə doğurmur.

Təbii ki, bu, ilk növbədə NATO daxilində struktur parçalanması anlamı daşıyacaq. Yəni, Tramp administrasiyasının şimal qütbü ilə bağlı mövcud iddiaları NATO-nun daxili parçalanmasına aparan təhlükəli ssenarinin aktiv vəziyyətə gətirilməsinə münbit şərait yarada bilər. Çünki NATO daxilində yeni siyasi bloklaşma bu hərbi alyansda qərarların koordinasiyasını qəlizləşdirə, Avropa ölkələri və ABŞ-ın fərqli təhlükəsizlik prioritetlərini daha da ön plana çıxara bilər. Və belə olarsa, NATO-nun formal mövcudluğu qalsa belə, bu hərbi-siyasi alyans daxilində strateji vahid mövqenin yoxa çıxa biləcəyi qətiyyən istisna deyil.
Belə anlaşılır ki, əgər, transatlantik birlik zəifləsə, Rusiya və Çin üçün yeni qlobal manevr imkanları yaranar. Paradoks ondadır ki, Ağ Evin kollektiv Qərb daxilində atdığı ziddiyyətli addımlar NATO-nun zəifləməsinə səbəb olarsa, bu, ABŞ-ın strateji maraqlarına da sarsıdıcı zərbələr vura bilər. Xüsusilə də, Arktika böhranı XXI əsrin böyük güc rəqabətinin artıq yalnız Çin və Rusiya ilə bağlı deyil, hətta NATO daxilində də balansı dəyişdirə biləcəyini göstərir. Hər halda, əgər, ABŞ-Avropa münasibətlərində qarşılıqlı etimad bərpa olunmazsa, Arktika böhranı transatlantik sistem üçün olduqca ciddi və taleyüklü sınağa çevrilə bilər.
Elçin XALİDBƏYLİ
Siyasi ekspert
![]()
