Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə telefon danışığının səs yazısı yayılıb.
Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb.
Mehdiyev əsasən rus dilində danışdığı şəxslərə Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təklifi olduğunu deyir.
Mövzu ilə bağlı deputat Zahid Oruc “Paraqraf.com”a açıqlamasında bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı kadrlar bir daha sübut etdi ki, Azərbaycanın məxfi xidmət orqanları xalqın təhlükəsizliyinin keşiyindədir:

“Dövlət Təhlükəsizlik Xidməti uzun illər ərzində Azərbaycan əleyhinə sistemli fəaliyyət göstərən şəxslərin xarici qüvvələrlə himayəli qaydada xəyanət və qəsd planlarını ifşa etdilər. Sözügedən hadisələrin mühüm bir hissəsi işğal dövrünə düşməyilə yanaşı, bir-birinə fərqli siyasi-ideoloji cinahlarda olan qüvvələr vahid bir maraqda birləşiblər. Onların içərisində uzun illər dövlət rəhbərindən ən yüksək ehtiramı görən Ramiz Mehdiyev, xüsusilə də administrasiya rəhbərliyindən və akademiyadan getdikdən sonra belə bir küfr və qəsd planına daxil olub. Onun yayılan səs mesajları onu göstərir ki, edilən müraciətlərin ünvanı qonşu dövlətlərdir. Əli Kərimlinin və yaxud onun vaxtilə aid olduğu AXCP və başqa dairələrin dövlət əleyhinə sistemli siyasi təxribatların hücumları həmişə media məkanında olmayıb. Bir sıra hallarda “Narıncı inqilablar” dövründə, ondan əvvəl Rövşən Cavadovun əl atdığı silahlı çevriliş əməliyyatlarında bu qüvvələrin mühüm bir hissəsi iştirak ediblər. Lakin Ulu Öndərin o dövrdəki iradəsi və daha sonra cənab Prezidentin qətiyyəti imkan verməyib ki, hər hansısa belə ssenarilər baş tutsun”.
Deputat qeyd edib ki, Ramiz Mehdiyevin dövləti ələ keçirmə planının baş tutması qeyri-mümkün idi:
“Çünki Azərbaycan xalqı müharibədə öz iradəsini Prezident İlham Əliyevə göstərib. O, ümumxalq paradı idi. Yəni nominal seçki prosesindən daha çox millət öz xeyir-duasını ifadə etdi. Belə bir şəraitdə xarici dövlətlərin, Fransa daxil, təsiri göstərə bilmədiyi liderə qarşı bu cür xain əməliyyatlar bir tərəfdən insanların bəlli bir durumunu ifadə edir. Digər tərəfdən isə hər bir azərbaycanlı şahid olur ki, adını “müxalifət” qoyan dairələr də guya dünənə qədər Qərbpərəstlikdən danışıb, amma fərqli zamanlarda yalnız hakimiyyət istəklərini gerçəkləşdirmək üçün belə əməllərdə iştirak edirlər. Yayılan bu məlumatlar qarşıdakı dövrdə də geniş istintaq tədbirləri ilə ifşası sona çatdırılacaq”.
Zahid Oruc əlavə edib ki, heç bir qüvvə sabiq və ya hansı cinahda dayanmağından asılı olmayaraq xəyanətin siyasi mənsubiyyəti və yaşı olmur:
“Azərbaycan dövlətini gələcək dövrdə də bu sülh gündəliyi və qlobal təhlükəsizlik quruculuğunda iştirakını dövlət müdafiə edəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
