Ömür uzansa da, piylənmə və hərəkətsizlik həyat keyfiyyətini ciddi şəkildə azaldır. Fiziki aktivliyin azalması diz, bud və onurğa problemlərinin artmasına səbəb olur. Bununla yanaşı, unutqanlıq da daha erkən yaşlarda özünü göstərməyə başlayır. Mütəxəssislər bildirirlər ki, əsas məqsəd uzun yaşamaq deyil, sağlam və keyfiyyətli yaşlanmaq olmalıdır.
Paraqraf.com xəbər verir ki, beyin, sinir və onurğa cərrahiyyəsi üzrə mütəxəssis, professor doktor Orhan Şen həyat müddətinin uzanmasında səhiyyə xidmətlərinə çıxışın asanlaşmasının, xəstəliklərin erkən mərhələdə aşkarlanmasının və insanların daha sağlam həyat vərdişləri qazanmasının mühüm rol oynadığını qeyd edib. O, əsas hədəfin sadəcə uzunömürlülük deyil, keyfiyyətli həyat olduğunu vurğulayıb.
Təxminən 30 il əvvəl orta ölüm yaşının 55–60 arasında olduğunu xatırladan prof. dr. Şen bu gün həmin göstəricinin xeyli artdığını bildirərək deyib:
“Ömür uzanıb, lakin həyat keyfiyyəti eyni səviyyədə artmayıb. Əsas məsələ yalnız ömrü uzatmaq deyil, sağlam və keyfiyyətli qocalmaqdır”.
Professor gənc yaşlardan aktiv həyat tərzinin təşviq edilməsinin vacibliyinə diqqət çəkərək bildirib ki, hər kəsə “hərəkətdə bərəkət var” deyimini aşılamaq lazımdır. Əzələlər hərəkət etdikcə damarlarda nasos funksiyası yerinə yetirir, bu isə beyinə gedən qan axınını artıraraq unutqanlığın azalmasına kömək edir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
