Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb. Qeyd edək ki, məktəbə silah gətirən şəxs yetkinlik yaşına çatmış olub.
Həmin kimlərin silah əldə etmək hüququ var?
Paraqraf.com xəbər verir ki, qanunvericiliyə əsasən, Azərbaycanda on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah (odlu silah istisna olmaqla) əldə etmək hüququ var.
Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların isə mülki odlu silah əldə etmək hüququ var. Silahın alınmasına xüsusi icazə verilir. Mülki silah dedikdə, özünümüdafiə, ov və idman məqsədləri üçün istifadə olunan silahlar nəzərdə tutulur.
Özünümüdafiə silahı yalnız hücumu dəf etmək üçün nəzərdə tutulmuş, gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püskürdücü və ya aerozol qurğulu qaz silahını ifadə edir.
İdman silahı – idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Ov silahı isə vəhşi heyvanların və quşların ovlanması məqsədi ilə istifadə olunan yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahlar deməkdir.
Mülki silahı, yəni özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahı əldə etmək istəyən vətəndaş Daxili İşlər Nazirliyinə aidiyyəti üzrə müraciət etməlidir.
Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur.
Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması yoxlanılır. Araşdırıldıqdan sonra həmin şəxsə müvafiq silahın verilib-verilməməsi barədə qərar qəbul olunur.
![]()
