Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsulova rəsmi təşəkkür məktubu ünvanlanıb. Təşəkkür məktubu onun 100-cü dəfə könüllü və təmənnasız qan donorluğu etməsi münasibətilə təqdim olunub.
Məktubda qeyd olunub ki, Fuad Rəsulovun uzun illər ərzində göstərdiyi fədakar fəaliyyət təkcə statistik göstərici deyil, minlərlə insanın həyatına ümid və yaşamaq sevincini bəxş edən yüksək insanlıq nümunəsidir. Vurğulanıb ki, onun rəhbərlik etdiyi Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi tərəfindən mütəmadi olaraq təşkil edilən könüllü qanvermə aksiyaları cəmiyyətdə humanizm, həmrəylik və vətəndaş məsuliyyəti prinsiplərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev təşəkkür məktubunda Fuad Rəsulovun nümayiş etdirdiyi yüksək insani mövqeyi xüsusi qeyd edərək, ona dərin minnətdarlığını ifadə edib, möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, bu cür insanlar cəmiyyət üçün əsl dəyər, gələcək nəsillər üçün isə nümunədir.
Qeyd olunub ki, bu təşəkkür məktubu ölkədə könüllü qanvermə hərəkatının təşviqi və fədakar donorların fəaliyyətinin yüksək qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Fuad Rəsulov isə 100-cü dəfə donor olması münasibətilə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən qan donorluğu sahəsinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Paraqraf.com
![]()
