20 Yanvar Azərbaycan xalqının tarixində ən ağrılı, eyni zamanda milli iradənin və azadlıq istəyinin simvolu olan gündür. Bu gün siyasi ambisiyaların, qarşıdurma ritorikasının və ucuz ittihamların yox, xalqın şəhid övladları qarşısında baş əyməsinin günüdür. Təəssüf ki, bəzi siyasi dairələr və şəxslər bu müqəddəs günü də siyasi manipulyasiya predmetinə çevirməkdən çəkinmirlər.
Seymur Həzinin paylaşımında səsləndirilən fikirlər də məhz bu baxımdan ciddi narahatlıq doğurur. 20 Yanvar kimi milli matəm günündə hakimiyyətə və dövlətə qarşı ittiham dili seçmək, hüquq-mühafizə orqanlarının gördüyü adi təhlükəsizlik tədbirlərini qərəzli şəkildə “təzyiq” kimi təqdim etmək reallığı təhrif etməkdən başqa bir şey deyil. Şəhidlər Xiyabanı hər il minlərlə insan tərəfindən ziyarət olunur və bu prosesin təhlükəsiz, nizamlı şəkildə həyata keçirilməsi dövlətin birbaşa vəzifəsidir. Polis tərəfindən kolonların bölünməsi kiməsə qarşı xüsusi münasibət deyil, ictimai asayiş və təhlükəsizlik tələblərindən irəli gələn addımdır.
Heç bir siyasi təşkilat, keçmiş xidmətlərinə və ya tarixi roluna istinad edərək özünü qanunlardan üstün saya bilməz. Müstəqil Azərbaycan dövlətində qaydalar hamı üçün eynidir. Dövlətçiliyin əsası da məhz buradan başlayır. Əgər hər kəs istədiyi formada, istədiyi sayda və istədiyi marşrutla hərəkət etməyə cəhd etsə, bu, nə 20 Yanvarın ruhuna, nə də ictimai sabitliyə xidmət edər.
Xüsusilə diqqət çəkən məqam “imperialist Rusiya” kimi şüarlarla bugünkü Azərbaycan dövlətinin müstəqilliyinə kölgə salmaq cəhdidir. Azərbaycan bu gün sözün əsl mənasında müstəqil dövlətdir. Öz qərarlarını özü verən, milli maraqlarını qoruyan, beynəlxalq münasibətlərdə balanslı siyasət yürüdən bir ölkədir. Müstəqillik populist çıxışlarla yox, güclü dövlət institutları, ordu və diplomatiya ilə qorunur. Bunu ya görməmək, ya da bilərəkdən görməzdən gəlmək siyasi məsuliyyətsizlikdir.
20 Yanvar şəhidlərinin xatirəsindən hakimiyyətə qarşı siyasi tribuna kimi istifadə etmək cəmiyyətə xidmət etmir. Əksinə, bu cür yanaşma milli birlik ideyasına zərbə vurur, xalq arasında süni qarşıdurma yaratmağa xidmət edir. Tarixi hadisələrə emosional və birtərəfli yanaşma nə keçmişi düzgün dəyərləndirməyə, nə də gələcəyi sağlam qurmağa imkan verir.
Unutmayaq ki, 20 Yanvar yalnız bir siyasi mərhələnin deyil, bütün xalqın faciəsidir. Bu gün dövlətçilik məsuliyyəti hər kəsdən tələb olunur, həm hakimiyyətdən, həm də müxalifətdən. Şəhidlərin ruhu qarşısında ən böyük borcumuz sakitlik, hörmət, birlik və milli maraqlara sadiqlikdir. Şəhidlər siyasətin alətinə çevrilməməlidir. Bu, həm mənəvi, həm də tarixi baxımdan yolverilməzdir.
https://www.facebook.com/1375924342/videos/pcb.10243773788504945/880658854553017?locale=ru_RU
Həsən
Paraqraf.com
![]()
