20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü deyil, eyni zamanda milli qürur, azadlıq iradəsi və mübarizə ruhunun simvolu kimi yadda qalıb. 1990-cı il yanvarın 20-də sovet imperiyasının Bakıya yeritdiyi qoşunlar dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədib. Qadın, uşaq və yaşlılar da daxil olmaqla onlarla insan qətlə yetirilib.
Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq iradəsini sarsıda bilməyib. Əksinə, 20 Yanvar faciəsi xalqın müstəqillik uğrunda mübarizəsinin dönməz və sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirib. Bu gün faciə qurbanları xalqımız tərəfindən dərin ehtiramla yad olunur.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Qərbi Azərbaycan İcmasının üzvləri də Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Qərbi Azərbaycan İcması Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş, bu müqəddəs amal naminə şəhid olmuş bütün qəhrəmanlarımızı dərin ehtiram və qürur hissi ilə yad etdiklərini bildirib. Şəhidlərin xatirəsi önündə baş əyildiyi qeyd olunub.




Paraqraf.com
![]()
