20 Yanvar faciəsinin hüznlü, eyni zamanda qürurverici xatirəsi Bakı şəhərində yerləşən 333 nömrəli tam orta məktəbdə anım tədbiri ilə yad edilib. Keçmişin ağrısını bu günün qüruru ilə birləşdirən tədbir Vətən Müharibəsi qəhrəmanlarının şücaətinə də həsr olunub.
Anım mərasimi məktəbin 3 “B” sinfinin təşəbbüsü ilə təşkil olunub. Tədbirin ərsəyə gəlməsində sinif rəhbəri Günel Əsgərova və təlim-tərbiyə işləri üzrə direktor müavini Mətanət Hüseynovanın xüsusi rolu olub. Açılış nitqi ilə çıxış edən Mətanət Hüseynova bildirib ki, 20 Yanvar yalnız tarixi hadisə deyil, xalqın vicdan və milli yaddaşıdır.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardından şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bu sükut həm şəhidlərin ruhuna ehtiramı, həm də gələcək nəsillərin üzərinə düşən məsuliyyəti ifadə edib.
Anım gecəsində Vətən Müharibəsi qazisi Elçin Əsədovun döyüş yolu xatırladılıb. Onun Füzuli və Xocavənd istiqamətlərində apardığı döyüşlər, eləcə də “Cəsur döyüşçü” medalı ilə təltif olunması şagirdlər üçün canlı və təsirli bir həyat dərsi kimi təqdim edilib.
Tədbirdə çıxış edən polkovnik-leytenant Xəqani Abbasov qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq iradəsini sındıra bilməyib, əksinə, bu iradəni daha da möhkəmləndirib.
Ehtiyatda olan baş leytenant Qasımov Qasım isə döyüş meydanında yaşadığı təcrübələri şagirdlərlə bölüşərək, xalqımızın birlik və əzmi sayəsində hər zaman güclü və yenilməz olduğunu vurğulayıb.
Anım tədbirində iştirak edən Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul və Mərkəzin icraçı direktoru Kamil Hüseynov çıxışlarında şəhidlərimizin qanı ilə yazılan tarixin bu gün humanitar dəyərlərlə – insan həyatını xilas etməklə davam etdiyini bildiriblər.
Şagirdlərin səsləndirdiyi şeirlər və təqdim etdikləri bədii kompozisiyalar tədbirin təsir gücünü daha da artırıb. Həmin gün məktəbdə dərs zəngi səslənməyib — orada tarix və yaddaş danışıb.
Tədbir şəhidlərin əziz xatirəsinə dərin ehtiram və gələcəyə ünvanlanan yüksək məsuliyyət hissi ilə başa çatıb.


![]()
