Müasir dövrdə insanların daxili dünyasını anlamaq və özünü tanımaq prosesi həyat keyfiyyəti üçün vacib faktora çevrilib. Lakin Azərbaycanda bu proses müxtəlif sosial və psixoloji baryerlərlə qarşılaşır. İnsanların niyə özlərini tanımadıqları, bunun nəticəsində hansı psixoloji narahatlıqlar yaşandıqları, gənclərin niyə yorğun və motivasiyasız olduqları, valideyn davranışlarının uşaqların şəxsiyyətinə necə təsir etdiyi kimi suallar cəmiyyətin psixoloji sağlamlığını anlamaq baxımından olduqca önəmlidir.
Paraqraf.com bu mövzu ilə bağlı tanınmış psixoloq İzzət Rəhimli ilə müsahibəni təqdim edir.
— “Özünü tanımaq” sadə bir ifadə kimi səslənir. Amma niyə bu qədər az insan həqiqətən özünü tanıyır? Azərbaycanda bu prosesin qarşısını alan əsas psixoloji və sosial baryerlər hansılardır?
— Özünü tanımaq sadə səslənsə də, əslində mürəkkəb bir prosesdir. Bu, insanın özünün fərqində olması deməkdir. İnsan nəyə görə yaşadığını, hansı sahələrdə potensialının olduğunu anlamalıdır. Bunun üçün daim özünə suallar verməyi, duyğularını dərk edib təhlil etməyi öyrənməlidir.
“Mən niyə özümü yaxşı və ya pis hiss edirəm?” kimi suallar bu prosesin əsasını təşkil edir. Sorğulama qabiliyyəti hər kəsdə ola bilər, lakin əsas məsələ bunu vərdişə çevirməkdir. Bu zaman insan etdiklərinin ona necə təsir etdiyini anlamağa başlayır.
Məsələn, bir uşağın rəssamlıq qabiliyyəti olur, lakin ailə onu həkimliyə yönləndirir. Şəxs bu seçimi sorğulamadan qəbul etdikdə, illər sonra öz potensialını dərk edəndə özünü tanımadığını anlayır. Nəticədə, insan öz istədiyi yerdə və səviyyədə olmadığı üçün psixoloji diskomfort yaşayır.
Özünü tanımağın əsas şərtlərindən biri də insanın özünü olduğu kimi — qüsurları və səhvləri ilə birlikdə qəbul etməsidir. Qüsurların “pis bir şey” olmadığını, mənfi duyğuların isə keçici olduğunu anlamaq lazımdır. İnsan öz duyğularına düşmən olmamalıdır.
Bariyerlərdən biri də cəmiyyətdə pis duyğuların qəbul edilməməsidir. Uşaq qorxanda və ya həyəcanlananda valideyn adətən “Heç nə olmaz” deyir. Bu yanaşma zamanla uşağa “pis olmamalısan” mesajını verir. Nəticədə uşaq duyğularını basdırır və onlardan qorxmağa başlayır. Bu isə səhv etməkdən çəkinən, özünü tanımaqda çətinlik çəkən şəxsiyyət formalaşdırır.
— Gənclər niyə bu qədər yorğundur?
— Gənclər yorğundur, çünki üzərlərində daim gözləntilər var və bu gözləntilərin çoxu onlara aid deyil. Ailə, cəmiyyət və ya insanın özü bəzən daşıya bilməyəcəyi qədər yük qoyur. Basdırılmış duyğular zamanla mənəvi yükə çevrilir və insan tükənir.
Potensialdan düzgün istifadə etməmək, həyata real baxmamaq da insanı yorur. İnsan özünü tanımadıqda, ailənin, cəmiyyətin və öz beynində yaratdığı obrazın təzyiqi altında əzilir. Biz buna supereqo deyirik. Real kimlik sıxıldıqca mənəvi yorğunluq artır.
Bu zaman insanlar ya özlərini işə, ya əyləncəyə, ya da daim sosial mediaya verir. Halbuki zehin bu temp üçün yaradılmayıb. Zehin yavaşlamadıqda, bu vəziyyət fasiləsiz yüksək sürətlə gedən maşına bənzəyir, bir müddət sonra sıradan çıxır.
İnsan dayanmalı, özünü müşahidə etməli, hisslərinə qulaq asmalıdır. Əks halda avtopilot rejimində yaşamağa başlayır və bu da tükənmişliyə gətirib çıxarır.
— Psixoloqa getmək tabu olaraq qaldıqca nə baş verir?
— Mən artıq psixoloqa getməyin tabu olduğunu düşünmürəm. Xoşbəxtlikdən, bu sahədə müraciətlər artıb. Lakin daha da artmasını istəyirik.
Terapiya olmadıqda insanlar nə özləri ilə, nə də başqaları ilə sağlam münasibət qura bilirlər. Ya həddindən artıq asılı olurlar, ya da insanlardan uzaqlaşırlar. Öz daxili dünyalarını tanımadıqları üçün məsuliyyəti başqalarına yükləyirlər: ata, ana, dövlət, həyat yoldaşı…
Bu yanaşma insanı “uşaq mövqeyi”ndə saxlayır və yetkin şəxsiyyət formalaşmır. Nəticədə insan özünü daim qurban rolunda görür və qarşısına da bu rolu təsdiqləyən insanlar çıxır. Buna “özünü reallaşdıran kəhanət” deyirik. Bu cür düşüncə tərzi sağlam cəmiyyətin formalaşmasına mane olur.
— Valideynlərin psixoloji savadsızlığı uşaqlara necə təsir edir?
— Bu halda uşağın özünə inamı azalır və o, daim təsdiq axtaran, asılı şəxsiyyətə çevrilir. Öz ehtiyaclarını tanımır. Belə uşaqlar böyüyəndə ya həddindən artıq itaətkar, ya da həddindən artıq üsyankar olurlar.
İtaətkar uşaqlar sosial həyata atıldıqda məktəbdə, universitetdə, iş mühitində – sosial bacarıqları zəif olur. Üsyankar uşaqlar isə sistemə qarşı çıxır, amma bu da onları ya zəif xarakterli, ya da hər şeyi öz bildiyi kimi edən insanlara çevirir.
Hər iki halda şəxs ailəyə, iş mühitinə və dost çevrəsinə uyğunlaşmaqda çətinlik çəkir.
— Azərbaycanda psixoloji sağlam fərd və ailə qurmaq mümkündürmü?
— Bəli, mümkündür. Hazırda psixoloji maarifləndirmə işi aparılır və bu, sevindirici haldır. Amma hər şey insanın özündən başlayır.
İnsan öz üzərində işlədikcə, qurduğu ailəyə və daxil olduğu sosial mühitə də müsbət təsir göstərir. Çünki insan dəyişdikcə ətrafındakı insanlar da dəyişir. Hamımızın danışmağa, paylaşmağa ehtiyacı var.
Ona görə də hər şey insanın özündən başlayır.
Ləman
Paraqraf.com
![]()
