1913-cü ildə ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System) yaradıldı. Bu hadisə ölkənin maliyyə tarixində dönüş nöqtəsi sayılır. XIX əsrin sonu və XX əsrin əvvəllərində ABŞ-da bank böhranları tez-tez baş verir, maliyyə sistemi sabitliyini qoruya bilmirdi. Xüsusilə 1907-ci il maliyyə böhranı göstərdi ki, bank sektorunu tənzimləyən mərkəzləşdirilmiş və çevik bir quruma ciddi ehtiyac var.
Federal Ehtiyat Sistemi ABŞ Konqresinin qəbul etdiyi “Federal Reserve Act” qanunu əsasında təsis edildi. Qanun prezident Vudro Vilson tərəfindən 23 dekabr 1913-cü ildə imzalandı. Sistem ölkədə pul-kredit siyasətini formalaşdırmaq, banklar arasında etibarlı əlaqə yaratmaq və maliyyə böhranlarının qarşısını almaq məqsədi daşıyırdı.
Federal Ehtiyat Sistemi mərkəzləşdirilmiş tək bir bankdan ibarət deyil. O, Vaşinqtonda yerləşən İdarə Heyəti, ölkə üzrə paylanmış 12 regional Federal Ehtiyat Bankı və Açıq Bazar Əməliyyatları Komitəsindən ibarətdir. Bu struktur həm dövlət nəzarətini, həm də regional iqtisadi xüsusiyyətlərin nəzərə alınmasını təmin edir.
Sistemin əsas vəzifələri sırasında pul kütləsinin tənzimlənməsi, inflyasiyanın nəzarətdə saxlanılması, maksimum məşğulluğun dəstəklənməsi və maliyyə sabitliyinin qorunması dayanır. Federal Ehtiyat Sistemi faiz dərəcələrinə təsir göstərməklə iqtisadi aktivliyi stimullaşdıra və ya məhdudlaşdıra bilir. Banklara nəzarət etmək və ödəniş sistemlərinin təhlükəsiz işləməsini təmin etmək də onun funksiyalarına daxildir.
Bu gün Federal Ehtiyat Sistemi dünyanın ən nüfuzlu mərkəzi bank qurumlarından biri hesab olunur. Onun qəbul etdiyi qərarlar təkcə ABŞ iqtisadiyyatına deyil, qlobal maliyyə bazarlarına da ciddi təsir göstərir. 1913-cü ildə atılan bu addım ABŞ-nin müasir və davamlı maliyyə sisteminin formalaşmasında əsas rol oynayır.
Həsən Məmmədov
Paraqraf.com
![]()
