Tələbələr universitetdə təhsil aldıqları müddətdə ixtisasları üzrə cəmi bir semestr təcrübə keçirlər. Lakin onlar bu 4 ili daha səmərəli dəyərləndirmək, nəzəri biliklərlə yanaşı, praktik bacarıqlarını da inkişaf etdirmək istəyirlər. Tələbələr əlavə təcrübə proqramlarına qoşulsalar da, bu, dərsləri ilə bağlı müəyyən çətinliklər yaradır. İşə qəbul zamanı isə işəgötürənlər təcrübəyə üstünlük verirlər.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycanda tələbələrin praktika keçməsi, nəzəri biliklərini praktikada tətbiq etməsi ilə bağlı ciddi problemlər mövcuddur:

“Universitetlər praktika ilə bağlı mövcud problemləri aradan qaldırmalıdırlar. Onlar korporativ təhsil modelini tətbiq etməli, tələbənin öyrəndiyi nəzəri biliklərlə praktikanın əlaqəsini formalaşdırmalıdırlar. Bunun üçün universitetlər məzun hazırladıqları ixtisaslar üzrə aidiyyəti dövlət və özəl müəssisələrlə əməkdaşlıq etməlidirlər. Bu, bir çox hallarda universitet–sənaye, universitet–dövlət qurumu və ya universitet–biznes əməkdaşlığı adlandırılır. Tələbənin gələcəkdə işləyə biləcəyi qurumlarla sıx əməkdaşlıq olmalıdır. Beləliklə, məzun əmək bazarında özünü reallaşdırmaq üçün işəgötürənin tələblərinə uyğun biliklərə yiyələnəcək. Eyni zamanda, universitetlərdə karyera mərkəzləri də yaradılmalıdır”.
İlqar Orucov əlavə edib ki, universitet həm təhsil, həm də səriştə verir:
“Çevik praktika modelinə keçilməlidir. Yəni tələbə yalnız bir semestr deyil, təhsil müddətinin müxtəlif vaxtlarında praktikaya göndərilməlidir. Universitetlərin bu istiqamətdə öz fəaliyyətlərini yenidən qurmasına ehtiyac var. Bu, gələcəkdə universitetin məzunlarının əmək bazarındakı fəaliyyətini izləməyə də imkan verəcək. Universitetlər özlərini inkişaf etdirməlidirlər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
