Bu gün internet həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və uşaqlar da bu məkanda öz yerlərini tapıblar. Onlar sosial şəbəkələrdə videolara baxmaqla və müxtəlif oyunlar oynamaqla vaxtlarını keçirirlər. Nəticədə isə təhsilə maraq göstərməyə kifayət qədər vaxt ayıra bilmirlər.
Bununla yanaşı, elə uşaqlar da var ki, telefondan və sosial şəbəkələrdən öyrənmə və özünüinkişaf məqsədilə istifadə edirlər. Ancaq sosial şəbəkələrin digər tərəfi onlar üçün ciddi təhlükələr yaradır. Xüsusilə, təhlükəli internet oyunları və bəzi filmlər uşaqların fiziki və psixoloji sağlamlığını təhdid edə bilər.
Təhsil eksperti Kamran Əsədov “Paraqraf.com”a açıqlamasında bildirib ki, uşaqların internet mühitində davranışları artıq təkcə texnoloji məsələ deyil, həm psixoloji təhlükəsizlik, həm sosial inkişaf, həm də təhsil keyfiyyəti baxımından strateji xarakter daşıyan bir mövzuya çevrilib:

“Rəqəmsallaşmanın sürətlənməsi nəticəsində uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxt təhsilə ayırdığı vaxtdan daha çox olur və bu həm beynəlxalq, həm də yerli statistikalarda özünü açıq şəkildə göstərir. UNICEF-in 2023 hesabatına görə, 11–16 yaşlı uşaqların 82%-i gündə orta hesabla 3–5 saat sosial şəbəkədə vaxt keçirir, onların 29%-i isə təhlükəli oyun və aqressiv məzmunlu videolara mütəmadi olaraq baxır. Azərbaycan üzrə 2024 rəqəmsal davranış monitorinqi göstərir ki, 10–17 yaş arası uşaqların 64%-i internetdən valideyn nəzarəti olmadan istifadə edir. Bu rəqəmlər təkcə asılılıq deyil, həm də psixoloji və fiziki təhlükələr üçün açıq qapı yaradır”.
Ekspert qeyd edib ki, “Uşaq hüquqları haqqında” Qanunun 9-cu maddəsi dövlətin uşaqları zərərli informasiyadan qorumaq öhdəliyini, 11-ci maddə isə uşağın sağlam inkişafının təmin edilməsini tələb edir:
“Lakin real vəziyyət göstərir ki, valideyn nəzarəti və rəqəmsal təhlükəsizlik vərdişləri olmadan bu maddələrin praktik tətbiqi çətinləşir. İnternet mühitinin nəzarətsiz qaldığı hallarda qanun faktiki olaraq qoruyucu mexanizm kimi işləyə bilmir. Buna görə də normativ baza mövcud olsa da, davranışın idarə edilməsi valideyn, məktəb və dövlətin birgə fəaliyyətindən asılıdır. Uşaqların bir hissəsi sosial şəbəkəni yalnız əyləncə məqsədilə istifadə etdiyinə görə təhsilə maraq azalmağa başlayır. Sosial şəbəkələrdə sürətli mükafatlandırma (bəyənmə, izlənmə, oyun xal sistemi) uşağın diqqətini parçalayır və uzunmüddətli öyrənmə vərdişlərini zəiflədir. Bu mənfi təsir beynəlxalq araşdırmalarda da təsdiqlənir. Harvard Universitetinin 2023 araşdırmasına görə, sosial şəbəkədən gündə 3 saatdan çox istifadə edən uşaqlarda diqqət dağınıqlığı riski 40%, yuxu pozuntusu riski isə 28% artıb”.
Kamran Əsədov əlavə edib ki, internetdən düzgün istifadə edən uşaqlar böyük öyrənmə potensialı əldə edir:
“Rəqəmsal bacarıqlar inkişaf edir, xarici dil praktikasına çıxış genişlənir, yaradıcı düşüncə və texnoloji təfəkkür formalaşır. Yəni məsələ interneti qadağan etmək deyil, təhlükəsiz və funksional istifadə mədəniyyəti yaratmaqdır.
Dünya təcrübəsinin müqayisəli təhlili göstərir ki, inkişaf etmiş ölkələrdə əsas hədəf qadağa deyil, təhlükəsiz istifadə qaydalarının institusional şəkildə tətbiqidir. Avropa İttifaqının “Digital Services Act” sənədi sosial platformaları uşaqlar üçün təhlükəli məzmunları avtomatik bloklamağa məcbur edir. ABŞ-də “Child Online Protection Act” çərçivəsində valideyn nəzarəti tətbiqləri məcburi təhsil resursu kimi məktəblərdə tədris olunur. Cənubi Koreya və Yaponiya isə oyunlara yaş məhdudiyyətinə nəzarəti dövlət səviyyəsində icbari edir və təhlükəli oyunlar üzrə real vaxt monitorinq sistemi qurub. Azərbaycanda da bu istiqamətdə son illər müəyyən addımlar atılıb. Xüsusilə Elm və Təhsil Nazirliyinin məktəblərdə rəqəmsal savadlılıq proqramlarını genişləndirməsi, “Təhlükəsiz İnternet Həftəsi” təşviqatları və şagirdlər üçün maarifləndirici təlimlər keçməsi müsbət nəticələr verir və bu təşəbbüslər daha geniş miqyasda tətbiq edilməlidir”.
Ekspert uşaqların təhlükəli oyunlardan qorunması qaydalarından da danışıb:
“Uşaqların təhlükəli oyunlardan qorunması üçün ən effektiv yanaşma valideyn nəzarəti ilə psixoloji maarifləndirmənin birlikdə tətbiqidir. Valideyn uşağın oynadığı oyunların yaş reytinqini, məzmununu və oyun zamanı kimlərlə ünsiyyətdə olduğunu daim izləməlidir. Dünya Səhiyyə Təşkilatının 2022 tövsiyələrinə əsasən, 6–17 yaş arası uşaqlar üçün qeyri-tədris ekran vaxtının gündə 2 saatı keçməsi kognitiv zəifləməni artırır. Buna görə valideyn ekran vaxtını planlı şəkildə məhdudlaşdırmalı, bəzi tətbiqlərə və oyunlara texniki bloklama tətbiq etməlidir. Ən vacib məsələ emosional nəzarətdir: uşağın davranışında aqressiya, qapanma, yuxu pozuntusu, tək qalmaq istəyi kimi dəyişikliklər təhlükənin başlanğıcıdır və bu mərhələdə psixoloq müdaxiləsi qaçılmazdır”.
K.Əsədov qeyd edib ki, valideynin nəzarət etməli olduğu sahələr həm texniki, həm psixoloji, həm də sosial davranışla bağlıdır:
“Valideyn bilməlidir ki, uşaq internetdə hansı kontenti izləyir, kimlərlə yazışır, hansı oyunlarda iştirak edir və şəxsi məlumatları paylaşırmı. Telefonun gecə uşağın otağında qalması yuxu ritmini pozur və psixoloji zəifləmə yaradır. Buna görə cihazlar gecə valideyn yanında saxlanmalıdır. Eyni zamanda valideyn özü də öyrədici rol modeli göstərməlidir; əgər uşaq valideyni saatlarla telefonla məşğul görürsə, ondan fərqli davranış gözləmək qeyri-real olur. Bu baxımdan ailə daxilində düzgün rəqəmsal mədəniyyətin yaradılması ən təsirli qoruyucu faktordur.
Uşaqların internet və təhlükəli oyunlardan qorunması üçün əsas istiqamət qadağalar deyil, ağıllı nəzarət, maarifləndirmə və rəqəmsal təhlükəsizlik vərdişlərinin formalaşdırılmasıdır. Elm və Təhsil Nazirliyinin son illərdə rəqəmsal savadlılıq, təhlükəsiz internet və psixoloji rifah sahəsində gördüyü işlər müsbət baza yaradır və bu bazanın genişləndirilməsi təhlükələrin qarşısını almaqda daha böyük təsir göstərəcək. Sistemli şəkildə tətbiq edilən nəzarət və maarifləndirmə interneti uşaqlar üçün risk məkanından inkişaf mühitinə çevirə bilər.”
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
