Son günlər mağazalarda yumurtanın qiymətinin artması ictimai diqqəti xüsusilə cəlb edib. İnsanlar “qiymətlər nəyə görə qalxıb?” sualına cavab axtarır. Hazırda bahalaşmanın səbəbləri və prosesin davam edib-etməyəcəyi ən çox müzakirə olunan mövzulardandır.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli paraqraf.com-a açıqlamasında bildirib ki, yumurtanın qiymətinin kəskin yüksəlməsinin əsas səbəbi istehsal xərclərinin artmasıdır:

“Toyuq yemi olan qarğıdalı və soyanın bahalaşması təsərrüfatların xərc yükünü artırır və bu, birbaşa yumurtanın qiymətinə təsir edir. Eyni zamanda enerji, qaz və nəqliyyat xərclərinin yüksəlməsi də bazarda qiymət artımına səbəb olur”.
Ekspert əlavə edib ki, qiymət dəyişikliyinə təsir göstərən digər amillər də mövcuddur:
“Quş qripi kimi xəstəliklər təsərrüfatlarda itkilərə səbəb olur, nəticədə istehsal azalır və bazarda təklifin azalması qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Qış mövsümündə toyuqların yumurta verməsi azalır və bu da mövsümi olaraq qiymətə təsir edir”.
Akif Nəsirli qeyd edib ki, dövlət siyasətindəki dəyişikliklər, idxal və vergi məhdudiyyətləri də bazarın qiymət balansında rol oynayır. Ümumi inflyasiya fonunda ərzaq məhsulları ilə yanaşı yumurtanın qiymətində də artım müşahidə olunur.
Cəfərova Validə
Paraqraf.com
![]()
