Ukraynalı deputat Oleksiy Qonçarenko ABŞ Prezidenti Donald Trampın hazırladığı bildirilən 28 maddəlik sülh planını açıqlayıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, deputat sənədin detallarını teleqram kanalında paylaşıb.
Məlumata əsasən, plan təhlükəsizlik zəmanətləri, ərazi məsələləri, hərbi razılaşmalar, Ukraynanın bərpası və Rusiyanın qlobal sistemdə rolu da daxil olmaqla, doqquz istiqaməti əhatə edir.
Siyasi şərhçi Elmir Səftərov “Paraqraf.com”a açıqlamasında bildirib ki, Donald Tramp yenidən ABŞ Prezidenti olduqdan sonra Rusiya–Ukrayna müharibəsində yeni sülh təşəbbüsləri ilə çıxış edərək öz mövqeyini daha açıq şəkildə ifadə etməyə başlayıb:

“Bu baxımdan Ukrayna anlayır ki, ABŞ-ın diktə etdiyi şərtlərə tabe olunmazsa, müharibə onun üçün daha da mürəkkəbləşə bilər. Çünki Avropa təkbaşına Amerikanın Ukraynaya verdiyi hərbi və siyasi dəstəyi tam şəkildə kompensasiya etmək gücündə deyil. Artıq bəzi silah növlərinin tükəndiyi, uzaqmənzilli raketlər və kəşfiyyat məlumatlarının böyük ölçüdə ABŞ tərəfindən təmin edildiyi qeyd olunur.
Trampın bu prosesdə əsas söz sahibi olmaq ambisiyası onu deməyə əsas verir ki, ABŞ razılaşmada öz rolunu əldən vermədən bütün qərarların mərkəzində qalmağa çalışır. Amerikanın siyasi iradəsinin Ukraynanın qərarlarına birbaşa təsir etdiyi məlumdur. Bu kontekstdə Ukraynanın məcburi şəkildə bu planı qəbul etməyə doğru yönləndirildiyi görünür”.
Elmir Səftərov əlavə edib ki, əsas məsələ Zelenskinin bu prosesdə təkcə Avropa dövlətlərinin deyil, həm də Ukrayna cəmiyyətinin mövqeyini nə dərəcədə nəzərə alacağıdır:
“Çünki bu razılaşmanın taleyi daha çox xalqın reaksiyasından və Ukraynanın müttəfiqlərindən asılı olacaq.
Trampın 28 maddəlik planına görə, Rusiya, Ukrayna və Avropa qarşılıqlı hücum etməməlidir. Razılaşmanı pozan tərəf sanksiyalarla üzləşəcək və əldə etdiyi ərazi və üstünlüklər ləğv olunacaq. Əgər sülh əldə edilərsə, bu, yekun razılaşma olacaq və gələcəkdə yeni müharibə üçün imkan qalmayacaq. Müvəqqəti sülh isə daha böyük qarşıdurmalar üçün risk yaradır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
