ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoffla Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak arasında noyabrın 19-na nəzərdə tutulan görüş Ukraynada korrupsiya qalmaqalı fonunda ləğv edilib.
Paraqraf.com xəbər verir ki, bu barədə “The Economist” jurnalının müxbiri Oliver Kerroll mənbələrə istinadən bildirib.
“Belə başa düşürəm ki, sabah (19 noyabr – red.) Uitkoff və Yermak arasında danışıqlar ləğv edilib. Mənə verilən məlumata görə, Uitkoff görüşə razılıq verərkən, ehtimal ki, necə bir qalmaqalla üzləşəcəyindən xəbərdar olmayıb”, – deyə Kerroll “X” sosial şəbəkəsindəki statusunda yazıb.
Daha əvvəl Zelenski təsdiq edib ki, noyabrın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. “Reuters” agentliyi isə Türkiyə mənbəyinə istinadla məlumat yayıb ki, Uitkoff noyabrın 19-da Türkiyəyə səfər etmək və Zelenski ilə danışıqlarda iştirak etmək niyyətindədir.
Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) noyabrın 10-da ölkənin energetika sahəsində çox böyük korrupsiya sxemini ifşa etməkdən ötrü “Midas” adlı irimiqyaslı əməliyyat keçirdiklərini elan ediblər. İş adamı Timur Mindiçin, həmçinin hazırda vəzifəsindən uzaqlaşdırılmış ədliyyə naziri German Qaluşşenkonun evində və “Energoatom” şirkətində axtarışlar aparılıb. İstintaqın məlumatına görə, cinayətkar sxemin iştirakçıları ən azı 100 milyon dollar pulu mənimsəyiblər.
Paraqraf.com
![]()
