Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
Rusiya silahlı qüvvələrinin atdığı “İsgəndər” raketi səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib. Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.
Hadisə yerinə Ukraynanın müvafiq qurumları da gələrək, dəyən ziyanı araşdırırlar. Bu, artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin budəfəki ziyan miqyasına görə daha böyük və ciddi olub. Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur.
Kiyev Şəhər Hərbi Administrasiyasının açıqlamasına görə, paytaxt Kiyevə edilən ballistik və dron hücumu nəticəsində azı 4 mülki şəxs ölüb, 30-a yaxın insan isə xəsarət alıb. Xəsarət alanlar arasında uşaq da var.
Hava hücumu nəticəsində 20-yə yaxın ballistik və qanadlı raketlərdən istifadə edilib və 400-dən artıq zərbə dronu atılıb.
Qeyd edək ki, Rusiya tərəfi Azərbaycana qarşı bir neçə dəfə belə qanunsuz əməllərə yol verib. Bu il avqustun 8-də Rusiya işğalçı ordusu Ukraynanın Odessa vilayətində SOCAR-ın neft bazasına pilotsuz uçuş aparatı ilə zərbə endirmişdi.
Nəticədə, bazada yanğın baş vermiş, dizel yanacağı nəql edilən boru kəməri zədələnmiş, bir neçə nəfər yaralanmışdı. Lakin rəsmi Moskva törətdiyi təxribata görə Azərbaycandan üzr istəmək və dəyən ziyanı ödəmək əvəzinə, avqustun 18-də növbəti dəfə SOCAR-ın Ukraynadakı neft terminalını vurdu.
Həmin vaxt Rusiya-Azərbaycan münasibətləri gərgin olduğundan hər iki hadisənin planlaşdırılmış şəkildə həyata keçirildiyi şübhə doğurmurdu. Yəqin elə bu səbəbdən, Rusiya indiyə Azərbaycana qarşı yol verdiyi özbaşınalığa görə susmağa üstünlük verib.
Noyabrın 14-də Azərbaycanın Kiyevdəki səfirliyinə ballistik raketlə edilən hücum Rusiyanın hərbi cinayətlərindən əl çəkmək istəmədiyini göstərir. Bununa da Rusiya bir daha beynəlxalq hüquqa məhəl qoymadığını, imperiya maraqları naminə istənilən dövlətlə münasibətləri tapdalamağa hazır olduğunu nümayiş etdirib.
Azərbaycan səfirliyinə edilən raket hücumu etməklə Rusiya 1949-cu il Dördüncü Cenevrə Koncvensiyasını və onun 1977-ci ildə qəbul edilmiş 1 sayı əlavə protokolunu kobud şəkildə pozub. Qeyd edilən sənəd silahlı münaqişə zamanı mülki şəxslərə və mülki obyektlərə hər cür qəsdən hücumu qadağan edir.
Bundan başqa, Azərbaycanla Rusiya arasında imzalanmış müqavilələrə uyğun olaraq, diplomatların və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin pozulması terrorçuluqla mübarizənin tərkib hissəsidir.
Yəni Rusiyanın Azərbaycan səfirliyinə hücumu birbaşa terror aktıdır. Kremlin Azərbaycana qarşı bu cür hərbi cinayətlərə yol verməsi təbii ki, səbəbsiz deyil. Azərbaycanın regional proseslərdə rolunun artması, geosiyasi və geoiqtisadi platformalarda əsas aktora çevrilməsini Kremldəki imperiya şovinistləri həzm edə bilmir.
Noyabrın 8-də Bakı şəhərində keçirilən möhtəşəm Zəfər paradında nümayiş etdirilən silahlar Azərbaycanın müdafiə və təhlükəsizlik baxımından nə qədər gücləndiyini təsdiq etdi.
Məhz paraddan sonra Ukraynadakı səfirliyə raket hücumunun edilməsi Moskvadakı millətçilərin Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığından, o cümlədən birgə hərbi gücünün artmasından narahatlığını göstərir. Lakin belə təhdidlər son illər hərbi qüdrəti və nüfuzu getdikcə artan Azərbaycanı çəkindirə bilməz.
![]()
