Azyaşlıların sosial şəbəkələrdə istismarı cəmiyyəti narahat edən ciddi məsələlərdən biridir.
Bəzi bloqerlər və valideynlər sosial şəbəkədə populyarlıq və gəlir uğrunda uşaqlarını ön plana çıxarır, onların gündəlik həyatını, emosiyalarını, hətta şəxsi anlarını paylaşmaqdan çəkinmirlər. Bəzən bu paylaşımlar uşaq üçün təhlükəli ola biləcək miqyasa çatır.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Paraqraf.com”a açıqlamasında bildirib ki, azyaşlıların sosial şəbəkələrdə istismarı cəmiyyətin mənəvi və psixoloji təhlükəsizliyinə təsir edən, getdikcə dərinləşən sosial problemdir:

“Rəqəmsal məkanda uşaqların görüntülərinin kommersiya məqsədilə paylaşılması, şəxsi həyatın ictimailəşdirilməsi və uşaqların izlənmə sayına görə “maddi dəyər” kimi təqdim edilməsi həm sosial şüurun deformasiyasına, həm də ailə dəyərlərinin kommersiyalaşmasına gətirib çıxarır. Son illərdə sosial media alqoritmləri diqqət mərkəzində olan məzmunları önə çıxardıqca, valideynlərin və bəzi bloqerlərin uşaqlardan “izlənmə obyekti” kimi istifadə meyli artıb. Bu isə uşağın şəxsiyyətinin formalaşma prosesinə müdaxilə və onun hüquqlarının pozulması deməkdir.
Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunun 9-cu maddəsində göstərilir ki, uşağın şəxsi həyatına, ailə mühitinə, şərəf və ləyaqətinə qanunsuz müdaxilə qadağandır. Həmin Qanunun 13-cü maddəsi valideynin uşağın tərbiyəsinə, inkişafına və təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıdığını təsbit edir. Bu baxımdan uşağın görüntüsünü sosial mediada paylaşmaq yalnız ailə daxilində deyil, hüquqi çərçivədə də məsuliyyət yaradır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 5-ci maddəsində informasiyanın şəxsi həyat toxunulmazlığına zidd şəkildə paylaşılmasının yolverilməzliyi qeyd olunur. Lakin bu qanunvericilik müddəaları praktikada hələ yetərincə tətbiq edilmir, çünki sosial mediada şəxsi hesabların və paylaşımların hüquqi nəzarət mexanizmi tam formalaşmayıb. Bu, mövcud sistemdə hüquqi boşluğun qalmasına səbəb olur”.
Ekspert əlavə edib ki, statistik məlumatlara əsasən, 2024-cü ilin sonunda “Statista” platformasının hesabatına görə, dünyada sosial şəbəkə istifadəçilərinin 18%-i 18 yaşdan aşağı şəxslərdir:
“UNICEF-in 2023-cü il tədqiqatında isə qeyd olunur ki, Avropa ölkələrində valideynlərin 81%-i uşaqlarının şəkillərini mütəmadi olaraq sosial şəbəkələrdə paylaşır, onların 20%-i isə bunu gəlir və ya sponsorluq məqsədilə edir. Azərbaycanda belə statistika rəsmi olaraq aparılmasa da, sosial medianın sürətli inkişafı və bloq fəaliyyətlərinin artması göstərir ki, bu tendensiya bizdə də dərinləşir. Sosial platformalarda azyaşlı uşaqların iştirak etdiyi məzmunlar izlənmə və gəlir baxımından daha çox diqqət cəlb edir. Bu, uşaqların emosional inkişafına və şəxsiyyət formalaşmasına zərər vurur, çünki onlar uşaq yaşlarından “bəyənilmə” və “tanınma” meyarları ilə sosial dəyərini ölçməyə öyrəşirlər.
Elm və Təhsil Nazirliyinin son illərdə bu istiqamətdə apardığı maarifləndirici fəaliyyətlər təqdirəlayiqdir. Nazirlik “Rəqəmsal savadlılıq” modulu çərçivəsində məktəblərdə internet təhlükəsizliyi, onlayn davranış qaydaları və şəxsi məlumatların qorunması ilə bağlı dərsləri genişləndirib. Bundan əlavə, “Valideynlər üçün Rəqəmsal Mədəniyyət” adlı maarifləndirici təlimlər təşkil edilir. Bu fəaliyyətlər sosial məsuliyyətin formalaşması baxımından mühüm dönüş nöqtəsidir. Nazirliyin bu addımı uşaqları sosial mediada istismardan qorumağa yönəlmiş pedaqoji strategiyanın başlanğıcı kimi qiymətləndirilməlidir. Müsbət tərəf odur ki, artıq bir çox məktəbdə müəllimlər valideynlərlə birgə rəqəmsal təhlükəsizlik barədə maarifləndirici iclaslar keçirir, uşaqların onlayn davranış mədəniyyəti və şəxsi məlumatların paylaşılması haqqında danışılır. Bu, preventiv pedaqoji yanaşmanın nümunəsidir və məktəb-ailə tərəfdaşlığını gücləndirir.
Bununla yanaşı, mənfi tərəf kimi qeyd olunmalıdır ki, mövcud maarifləndirmə tədbirləri hələ bütün məktəbləri əhatə etmir, valideynlər arasında rəqəmsal savadlılıq səviyyəsi isə bərabər deyil. Bəzi valideynlər sosial şəbəkədə uşağın fəaliyyətini “potensial qazanc mənbəyi” kimi qəbul edir, bu isə uşağın sosial və psixoloji inkişafına zərbə vurur. Psixoloqların fikrincə, sosial mediada uşaq fiquru kimi tanıdılmaq onun real həyatda sosiallaşma prosesini məhdudlaşdırır, empatiya və özünə dəyər hissini zəiflədir.
Dünya təcrübəsi göstərir ki, bu problemin həlli təkcə hüquqi deyil, həm də sosial-pedaqoji mexanizmlərlə mümkün olur. Fransada 2020-ci ildən qəbul edilmiş qanuna əsasən, uşaqların sosial mediada kommersiya məqsədilə çəkilməsi üçün valideynin icazəsi ilə yanaşı, dövlət orqanının razılığı da tələb olunur. İsveçdə “Uşaq Onlayn Hüquqları Qanunu” sosial mediada uşağın şəklinin paylaşılması üçün onun 13 yaşdan yuxarı olması halında öz razılığını verməsini şərt qoyur. Finlandiyada isə məktəblərdə “Media və Etik Davranış” dərsi ibtidai siniflərdən tədris olunur. Bu dərs vasitəsilə uşaqlar şəxsi məlumatların paylaşılmasının riskləri haqqında bilik əldə edirlər. Azərbaycan da bu təcrübələrdən istifadə edərək tədris proqramlarına “Rəqəmsal mədəniyyət və etik paylaşım” fənnini daxil etməlidir.
Bu istiqamətdə dəyişikliklər zəruridir. Əvvəla, qanunvericilikdə uşaqların sosial mediada nümayiş etdirilməsi ilə bağlı ayrıca normativ baza hazırlanmalıdır. Valideyn məsuliyyətinin hüquqi sərhədləri dəqiqləşdirilməli, uşaqların görüntülərindən kommersiya məqsədilə istifadə halları inzibati və ya cinayət məsuliyyəti ilə nəticələnməlidir. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin rəhbərliyi altında “Məktəbdə Rəqəmsal Təhlükəsizlik Mərkəzləri” yaradılmalıdır ki, burada həm müəllimlər, həm valideynlər, həm də şagirdlər onlayn təhlükəsizlik və hüquqlar barədə məlumat alsınlar. Bu mexanizm uşağın hüquqlarının qorunmasını yalnız qanunla deyil, maarifləndirmə yolu ilə təmin edəcək.
Hesab edirəm ki, uşaqların sosial şəbəkələrdə istismarının qarşısını almaq üçün həm hüquqi, həm təhsil, həm də etik səviyyədə sistemli tədbirlər həyata keçirilməlidir. Elm və Təhsil Nazirliyinin bu sahədəki fəaliyyəti dövlətin sosial məsuliyyət siyasətinə uyğun şəkildə uşaqların təhlükəsizliyinə yönəlmiş müsbət addımdır. Nazirlik rəqəmsal dövrdə uşaqları qorumaqla təkcə bir nəsli deyil, bütöv bir dəyər sistemini müdafiə edir. Bu istiqamətdə atılacaq hər yeni addım cəmiyyətin mənəvi sağlamlığını möhkəmləndirəcək, uşaqların “izlənən obraz” deyil, “dəyərli fərd” kimi formalaşmasına şərait yaradacaq”.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Mədinə Leqayeva isə bildirib ki, azyaşlıların sosial şəbəkələrdə nümayiş etdirilməsi və bu yolla gəlir əldə edilməsi uşaq hüquqlarının pozulması riski daşıyan ciddi sosial problemdir:

“Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, təliminə və müdafiəsinə məsuldurlar. Həmçinin həmin maddədə qeyd olunur ki, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına zərər vura bilən fəaliyyətə cəlb etmək yolverilməzdir. Qanunvericiliyə görə, 15 yaşına çatmamış uşaqların əmək fəaliyyətinə cəlb edilməsi qadağandır və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində uşağın şəxsi həyatına, şərəf və ləyaqətinə toxunmağın qadağan olduğu xüsusi olaraq göstərilir. Həmin Qanunun 11-ci maddəsində isə uşaqların reklam və kommersiya fəaliyyətlərində iştirakı ilə bağlı məhdudiyyətlər təsbit olunub. Bu maddəyə əsasən, uşaqlar yalnız öz yaşına, maraqlarına və onlara aid məhsullara uyğun reklam materiallarında iştirak edə bilərlər”.
Vəkil qeyd edib ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 16-cı maddəsinə görə, heç bir uşaq onun şəxsi həyatına, ailəsinə, evinə və ya yazışmasına özbaşına müdaxiləyə məruz qalmamalıdır:
“Yuxarıda qeyd olunan hüquqi aktlardan da göründüyü kimi, uşaqların sosial şəbəkələrdə izlənmə, bəyənmə (“like”) və gəlir əldə etmə məqsədilə nümayiş etdirilməsi onların şəxsi həyat toxunulmazlığına, həmçinin istismar olunmamaq hüququna ziddir.
Valideynlər uşağın mənafeyini hər zaman üstün tutmalı, onun şəxsi anlarını ictimailəşdirməməli və sosial şəbəkələrdən istifadənin hüquqi və etik çərçivələri barədə məlumatlı olmalıdırlar. Müəllimlərin üzərinə isə məktəblərdə rəqəmsal savadlılıq, onlayn təhlükəsizlik və uşağın özəl həyat hüququ mövzularında maarifləndirici işlər aparmaq vəzifəsi düşür.
Uşaqları bu kimi hallardan qorumağın ən effektiv yolu hüquqi biliklərin artırılması, ictimai məsuliyyət hissinin gücləndirilməsi və valideyn–müəllim əməkdaşlığının davamlı təmin olunmasıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
